Almaniya XİN başçısı: “Rusiya danışığa hazır deyil”

57

“Hazırda Rusiya ilə istənilən məsələ üzrə danışıqlar aparmaq üçün ən kiçik imkan belə mövcud deyil”.

Elchi.az “dw”yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “Stern” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizin verilməsindən ötrü Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə danışıqlar aparmağa hazır deyil.

A.Berbok təcili atəşkəs və danışıqların başlaması çağırışlarını təkzib edərək bir qrup almaniyalı tanınmış şəxsin “İndi atəşkəs!” başlıqlı açıq məktubuna cavab olaraq deyib: “Mən ukraynalı olsaydım, bu məktubu sadəlövh, çaşqın, təkəbbürlülərin münasibəti kimi qəbul edərdim”.

Nazir deyib ki, Ukraynada müharibə başlayandan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla heç bir təması olmayıb: “Mən ona demək istərdim, gəl, sülhlə bağlı razılaşaq. Ancaq mən onun buna səlahiyyəti çatacağına şübhə edirəm. Belə məsələlərdə onun hansı rolu oynadığı məlum deyil”.

Qeyd edək ki, iyulun 8-9-da İndoneziyanın Bali adasında “G-20”likdə təmsil olunan dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçirilib. Sergey Lavrov yığıncaqda çıxış edəndən sonra zalı tərk edib. O, Annalena Berbokun Rusiyanın Ukraynada apardığı müharibəni sərt tənqidi çıxışını gözləməyib.

Xatırladaq ki, həmin görüşdə nazirlər Sergey Lavrovla xatirə fotosu çəkdirməyib, habelə onunla birlikdə şam yeməyindən imtina ediblər.

Bu il noyabrın 15-16-da İndoneziyanın Bali adasında “G-20”liyin Zirvə toplantısı keçiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenski də sammitə dəvət olunub.