Bir sıra dövlət universitetlərində təhsil alan tələbələr təqaüdlərinin gecikdirilməsindən şikayətçidir.
Bu barədə “Qafqazinfo”ya məlumat verən tələbələr qeyd edirlər ki, onlar yanvar ayının təqaüdünü hələ də ala bilməyiblər :“Artıq fevral ayının ortalarıdır. Biz hələ də təqaüd almamışıq. İndiyə kimi bu qədər gecikdirilmə olmamışdı. Tələbələr bildirir ki, bir çoxları məhz aldıqları təqaüdlə bir sıra problemlərini həll edir”.
Məsələ ilə bağlı sayt bir neçə universitetlə əlaqə saxlayaraq gecikdirilmənin səbəbini öyrənməyə çalışıb.
Tibb Universitetinin nümayəndəsi bildirib ki, Təhsil Nazirliyi 2015- ci illə bağlı xərcləri köçürmədiyindən təqaüdlər gecikdirilir. Vəsait köçürülən kimi tələbələrin təqaüdü veriləcək. Aldığımız məlumata görə, problem bu günlərdə həll olunacaq.
İqtisad Universitetindən də eyni problemin olduğunu təsdiqləyiblər.
Sözügedən məsələ ilə bağlı sayt Təhsil Nazirliyinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirilib ki, cari ilin müvafiq dövrü üçün ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin ödənilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təmin edilib.