Ağalı sakinləri bu tarixdə Zəngilana qayıdır – RƏSMİ

72

“İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılır”.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Elchi.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, əhalinin ilk qrupunun Ağalıya köçürülməsi iyulun 19-u həyata keçiriləcək:

“Köçürmə prosesini 4 mərhələdə həyata keçirəcəyik. Sakinlərin ilk qrupu iyulun 19-u Ağalıya aparılacaq. Birinci mərhələdə 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onların yaş kateqoriyasına gəlincə, orta yaşlı sakinlər üstünlük təşkil edir”.

İbrahim Mirzəyev onu da bildirib ki, sakinlərin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin ediləcək.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə “ağıllı kənd” layihəsi azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində icra olunur. Layihənin birinci mərhələsi üzrə açılış mərasimi Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 28 May – Azərbaycanın Müstəqillik Günündə keçirilib.