ABŞ Ukraynaya yeni raketlər verəcək – Rusiyadan sərt xəbərdarlıq

38

ABŞ tezliklə Ukraynaya ölkənin cənub və şərqində istifadə etməsi üçün yeni raket sistemləri göndərəcək.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“ABŞ onlara çox ehtiyac duyduqları silah və texnikanı verəcək. Söhbət artilleriya, qabaqcıl raket sistemlərindən gedir”, – Kirbi MSNBC-yə müsahibəsində deyib.

Bundan əvvəl o, ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi ayırmağı planlaşdırdığını açıqlayıb.

Sentyabrın 13-də “The Wall Street Journal” qəzeti yazıb ki, Ukrayna ABŞ-dan əlavə silahlar, o cümlədən uzaqmənzilli raket sistemləri tələb edib. ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edə biləcəyindən ehtiyat etdiyinə görə Kiyevə ATACMS adlı uzun mənzilli raket sistemi verməkdən imtina edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova uzaqmənzilli raketlərlə bağlı ABŞ-a xəbərdarlıq edib.

“Vaşinqton Kiyevə uzaqmənzilli raketlər verərsə, Rusiya bunu “qırmızı xətti”n keçilməsi kimi qiymətləndirəcək. Bu zaman ABŞ konfliktin birbaşa iştirakçısı olacaq. Və biz lazımi reaksiya verməyə məcbur olacağıq”, – deyə o qeyd edib.