ABŞ Senatından növbəti ermənipərəst addım…

54

Bayden admisinstrasiyası qanunu imzalayacaqmı?

ABŞ Senatı 2023-cü il büdcəsində “minaların təmizlənməsi” adı ilə Qarabağa 2 milyon dolların ayrılması haqda qanun layihəsini təsdiqləyib. Senatın bu il üçün də anoloji qanun qəbul etmişdi. Yenidən belə bir qərarın verilməsi Azərbaycan cəmiyyətində etirazla qarşılanır.

ABŞ-ın Qarabağa maliyyə yardımı ayırmasının əsası varmı? Bu yardım əslində hansı məqsədlərə xidmət edir?

Sualımızı cavablandıran politoloq Azər Rəşidoğlu Elchi.az-a açıqlamasında bildirib ki, ABŞ-ın qanunvericilik orqanında Ermənistanla “dostluq qrupu” fəaliyyət göstərir və qrupun xeyli üzvü var. Onun sözlərinə görə, Senat hər il Qarabağdakı qondarma rejimə maliyyə yardımı ayırıb:

“Həm Ermənistana, həm də separatçı rejimə pul dəstəyi göstərilib. Azərbaycan tərəfi həmişə bu məsələyə etirazını bildirib. Bu, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə zidd addımdır. 44 günlük müharibədə Ermənistan kapitulyasiyaya imza atdı və belə olan halda orada indi separatçıların tör-töküntüləri fəaliyyət göstərməkdədir. Hazırda Qarabağ və Şərqi Zəngəzur var və ABŞ Konqresi qondarma rejimə yardım ayırırsa, o zaman separatizmin dəstəklənməsi anlamına gəlir. Hansı ki, ABŞ Minsk qrupunu yenidən canlandırmağa cəhdlər göstərir. ABŞ-ın belə addımları fonunda Minsk qrupunun bizim üçün qəbuledilməzliyi bir daha özünü göstərir. Müharibə bitdikdən, tənzimləmə prosesi getdikdən sonra yenə ermənipərəst mövqe sərgilənirsə, qəbulolunmaz haldır. Vətən müharibəsinə qədər onların davranışlarını ermənipərəst mövqe adlandırmaq olardı, indisə münaqişə bitib”.

Politoloq qeyd edib ki, ABŞ Konqresinin həmin vəsaitin humanitar məqsədlər, o cümlədən minatəmizləmə əməliyyatı üçün ayrıldığı bildirilir: “Amma həmin vəsaitin xərclənməsinə nəzarət varmı? Əlbəttə ki, yox. Əslində, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan ermənilər bu torpaqlarda on minlərlə mina basdırıblar ki, indi bundan əziyyət çəkən yenə Azərbaycan xalqıdır. Müharibə bitəndən indiyə qədər isə bir erməninin minaya düşməsi faktı olmadığı halda, minaları təmizləmək adı altında Qarabağdakı separatçılara maliyyə dəstəyi göstərmək əsassızdır. Aydındır ki, bu pullar mina adı altında ermənilərin ayaqda qalması, yenidən Azərbaycana qarşı iddialar irəli sürmək gücü yığa bilməsi üçün istifadə olunur”.

A.Rəşidoğlu söyləyib ki, belə hallara qarşı Azərbaycan həm rəsmi səviyyədə, həm də vətəndaş cəmiyyəti platformasında ABŞ-a öz etirazlarını bildirir: “Növbəti mərhələdə Cozef Bayden həmin qanunu təsdiqləməlidir. Əgər qanun təsdiqlənməsə, həmin maliyyə yardımı göstərilməyəcək. Ona görə də, diplomatik müstəvidə rəsmi Vaşinqtonla təmaslar artırılmalıdır. Eləcə də, vətəndaş cəmiyyəti mütəşəkkül formada Bayden administrasiyasına Azərbaycan ictimaiyyətininin etirazını çatdırmalıdır”.

Analitik qeyd edib ki, ABŞ və Aİ-nin regionda öz strateji maraqları var: “Bu maraqlar Ermənistanın və ya erməni diasporunun hansısa mənfəətinə, xristian birliyinin hansısa çağırışlarına qurban edilə bilməz. Suala cavab tapılmır-niyə Vaşinqton erməni və PKK-ya bağlı kürdlərə bu qədər dəstək verir? Bu dəstəyi təkcə ABŞ vermir, bütün Qərb bu məsələdə eyni mövqedən çıxış edir. Səbəb isə odur ki, Qərbə güclü Türkiyə və Xəzərə çıxışda əsas ölkə olan güclü Azərbaycan lazım deyil.
Vaşinqton da, Brüssel də istəyir ki, Türkiyə əvvəllər olduğu kimi Qərbin vassalı olsun, Azərbaycan demokratik inkişaf yolunu seçib güclənməsin, korrupsiya və işsizlikdən təngə gəlsin ki, 60 milyonluq (30 milyon azərbaycanlı İranda yaşayır) Azərbaycan qurub, türk və müsəlman dünyasının avanqardına çevrilməsin. Qərb üçün balaca, heç bir inkişaf pespektivi olmayan, İlham Əliyevin təbirilə desək, “dalan Ermənistan” qorxulu deyil, böyük Azərbaycan isə qorxuludur. Problemin kökü bundan qaynaqlanır. Erməni məsələsində Vaşinqtonun Türkiyəyə münasibəti də mühüm rol oynayır. ABŞ-la Türkiyə arasında münasibətlər hazırda pisləşib və ermənilər bu dəfə də alət rolunda çıxış edirlər. 2016-cı il 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd uğursuzluğa uğradı. ABŞ 1962, 1963, 1969 və 1971-də də Türkiyədə hərbi çevriliş etmişdi. Ancaq 2016-cı ildə ortaya çıxan bu cəhd uğursuz olan 5-ci müdaxilə kimi tarixə keçdi. Vaxt var idi, Ankara Vaşinqton üçün ən mühüm nöqtə idi. O zaman ortada SSRİ təhlükəsi vardı. Qərb üçün real olan bu təhlükədən yayınmaq üçün NATO Türkiyəyə ilə sıx ilişki içində idi. Eyni zamanda çəkinmədən Türkiyədəki siyasi proseslərə hərbi çevrilişlərlə müdaxilə də edirdi. İndi isə bunu edə bilmir və yaxud etmək istəmir. Ermənistanı ayaqda saxlamaq bu baxımdan ABŞ-a sərf edir”.

Yeganə