Avropa Birliyinin yüksək rütbəli məmuru Federika Moqerini çıxışı zamanı bildirib ki, Rusiyaya birgə sanksiyalar tətbiq edilməyinə baxmayaraq, rəsmi Moskvanın Avropa ölkələri ilə ticarət dövriyyəsi ABŞ-la olan ticarət dövriyyəsindən aşağıdır və ABŞ ilə ticarət dövriyyəsi hətta artıb.
Bununla bağlı Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq, professor Elman Nəsirov Aktual.az-a açıqlamasında bildirib ki, Avropa Birliyi rəsmisinin bu fikirləri konkret faktlara və rəqəmlərə əsaslanmır: “Hər halda Amerika başqa bir qitədir. Avrasiyaya daxil olsa da, Rusiya həm də Avropa ölkəsidir. Bu nöqteyi-nəzərdən Rusiyanın Avropa ilə əlaqələri daha yüksək səviyyədədir və təxminən 410 milyard dollar həcmində ümumi ticarət dövriyyəsinə malikdir. ABŞ ilə Rusiyanın ticarət dövriyyəsi heç 30 milyard dollara gəlib çatmır. Sanksiyalar tətbiq ediləndə Avropa ölkələri daha öndə olur və Rusiyaya daha böyük ziyanı məhz həmin ölkələr vurur. Birləşmiş Ştatlar bu məsələlərdə liderlik funskiyasını yerinə yetirsə də, Rusiya ilə ticarət dövriyyəsi ən azı coğrafi reallıqlar fonunda elə də yüksək səviyyədə olmadığndan təbii ki, Rusiyaya ən çox təzyiq edənlər Avropa İtifaqı ölkələridir. ABŞ isə öndə gedən təşkilatçı, daha çox proseslərdə katalizator rolunu oynayan dövlət kimi çıxış edir. Buna görə də Avropa Birliyinin yüksək rütbəli məmurun bu möqveyinin motivlərini anlayırıq”.
(Aktual.az)