“Aprelin 16-da Azərbaycanın tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərovun 6 il yarım müddətə azadlıqdan məhrum edilməsi barədə hökm bizi çox narahat edir. Ona qarşı irəli sürülən ittihamlar siyasi motivli olub”.
“Turan” bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Marti Xarf deyib.
“İnsan Hüquqları Klubunun təsisçisi və sədri Rəsul Cəfərov ötən ilin avqustunda vətəndaş cəmiyyəti fəallarına qarşı böyük repressiya dalğası çərçivəsində həbs olunub. Bu proseslər ölkənin demokratik inkişafını geri atıb.
Biz Azərbaycan hökumətini öz beynəlxalq öhdəliklərinə əməl etməyə və vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa çağırırıq.
Hakimiyyət bu yolda ilk addım olaraq cənab Cəfərovu və özünün əsas hüquq və azadlıqlarını həyata keçirdiklərinə görə həbs olunan digər şəxsləri azad etməlidir. Bu, ölkədə uzunmüddətli sabitliyi və bizim ikitərəfli münasibətlərimizi möhkəmləndirər”, – deyə M.Xarf vurğulayıb.
Virtualaz.org saytı xatırladır ki, R. Cəfərov son illər ölkənin ən fəal hüquq müdafiəçilərindən biri hesab olunurdu. Həbs olunana qədər “Demokratiya naminə incəsənət” kampaniyasının koordinatoru idi. Rəsul Cəfərov həm də Azərbaycandakı yeni “facebook inqilabı”nın, necə deyərlər, sözükeçən nüfuz agentlərindən biridir. Bundan başqa, o, qrantların əridilməsi üzrə mütəxəssis kimi tanınır. Qısa müddət ərzində müxtəlif işlərə görə yüz minlərlə dollar qrant alıb. ABŞ xüsusi xidmət orqanlarının vaxtilə Azərbaycandan qovulmuş gizli əməkdaşı Rebekko Vinsentlə sıx əlaqəsi olub. Amma bütün cəhdlərə baxmayaraq, xarici mərkəzlərin onun qarşısında qoyduğu məqsədlərə nail olunmayıb.