Bu gün səhər saatlarında, Zabrat qəsəbəsindən “Koroğlu” metrostansiyası istiqaməti üzrə hərəkət edən 148 saylı sərnişin avtobusunun törətdiyi qəza ictimai nəqliyyatdakı problemləri bir daha gündəmə gətirdi.
ANS TV-nin məlumatına görə, sözügedən qəza ilə bağlı məlumat verən nəqliyyat nazirliyinin nümayəndəsi Əmrah Cəfərovun sözlərinə görə, nazirlikdə qəzanın araşdırılması istiqamətində işlər artıq başlayıb.
Əmrah Cəfərov deyir ki, burda günah avtobus sürücüsündə olmayıb: “Hyundai” markalı maşınla dıgər bir maşın ötüşürmüş. Avtobusun sürücü də maşını qacırmaq istəyib. Nəticədə qəzanın baş verməsi qacılmaz olub”.
Əmrah Cəfərovdan fərqli olaraq Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda isə deyilir ki, “İsuzu” markalı sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək yüksək sürətlə Olimpiya Kompleksini əhatə edən dəmir hasara çırpılıb. Nəticədə ik nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.
Qeyd edək ki, bu ilin ilk 6 ayı ərzində, 27 avtobus qəzası baş verib. Nəticədə 5 nəfər ölüb, 29 nəfər isə yaralanıb. Statistik rəqəmlər ictimai nəqliyyatın təhlükəsizliyini şübhə altına almağa kifayət edir, amma səhər işə, məktəbə tələsən adamların istifadə etdikləri avtobusdan ölü, ya da yaralı olaraq düşmələrinin fəlakətini anlamağa, ailələrinə düşən odu təsəvvür etməyə bəs etmir.
İctimai nəqliyyatın təhlükəsizliyi bu sahəyə nəzarətdən asılıdır, deyən avtoekspert Azər Allahverənovun fikrincə, beynəlxalq təcrübədən yararlanmaq avtobus qəzalarının sayını minimuma endirə bilər.
Azər Allahverənovun sözlərinə görə, “Dünyada xüsusi sürət tənzimləyicilərdən istifadə olunur. Sürücü istəsə də, 70-dən yuxarı sürə bilmir”.
Son illər ictimai nəqliyyat sektorunda aparılan islahatlar, məsələn, mikroavtobusların 15 yerlik, “Qazel” markalı maşınların iri və orta tutumlu avtobuslarla əvəzlənməsi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaradılması bu sahədə xeyli irəliləyişə səbəb olub. Bu istiqamətdə aparılan işlərin davamı olaraq bu il Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhəri İcra Hakimiyyəti nəzdində dövlətə məxsus “BakuBus” MMC yaradılıb. Bununla bağlı 2014-cü il dövlət büdcəsindən 30 milyon AZN ayrılıb.