“İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Vahid Cəlalzadənin “regionun sərhədlərini dəyişmək arzusunu dəhşətə çevirəcəyik” sözləri iki məqsədlə dövriyyəyə buraxılıb. Birincisi, haylara göstərilir ki, onları Nensi Pelosidən də çox sevən qardaşları var. Ən əsası isə, fikrimcə, belə açıqlamalarla molla rejimi diqqəti başqa səmtə yönəldib cəmiyyəti öz məqsədləri ətrafında toparlamağa, ölkədə ard-arda baş qaldıran və get-gedə artan narazılıq dalğasını səngitməyə çalışır”.
Elchi.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev FB hesabında qeyd edib:
“Ötən əsrin axırlarında sərhədlərin dəyişməsinə nəinki göz yuman, hətta sərhəd dəyişdirənlərə hərtərəfli yardım edənlərin indi bağıraraq buna qarşı olduqlarını bildirmələrinin, hansısa qırmızı xətdən və müdaxilədən dəm vurumalarının yuxarıda vurğuladığımdan başqa ayrı izahını görmürəm.
Qəribədir, İran elə beynəlxalq normalar tərəfdarıdırsa, nədən əziz-xələf Ermənistanını silahlı ünsürlərini Qarabağdan çıxarmağa çağırmır? Əksinə Azərbaycanın bütün torpaqları üzərində tam suverenliyini təmin etmək yolunda atdığı qətiyyətli addımlar rəsmi Tehranı nəinki qıcıqlandırır, hətta təlaşa salır. Niyə?
İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Vahid Cəlalzadə bilməlidir ki, “dəhşət” dediyi şey ölkəsi guya regionda sərhədlərin dəyişməsinin qarşısının alınması yönündə hərəkətə keçdiyi gündən başlayacaq. Və bununla yeritdikləri bəlli siyasət səbəbindən ölkə içində baş qaldıran narazılıqları nəinki başqa səmtə yönəldəcəklər, əksinə Azərbaycana qarşı atılan məkrli addımlar bumeranq olub öz üzərlərinə qayıdacaq.
Sonda bir sualım var ki, onu da səsləndirməyə bilmirəm. Fikir verirsinizsə, ağaye Cəlalzadə “Böyük Şeytan” adlandırdıqları ABŞ-ın Aşağı Palatasının sədri Nensi Pelosinin Ermənistanda dediklərini bir az da hədə qatıb təkrarlayır. Əcaba, əgər ABŞ “Böyük Şeytan”dırsa, onda hərəkətləri həmən ölkəninkindən fərqlənməyənlər kimdir?”.
Şayəstə