“Ermənilərin son təxribatında hansı dövlətlərin maraqlı olması sualına deyəsən aydlnlıq gəlməyə başlayır”.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olan politoloq Oqtay Qasımov FB hesabında bildirib:
“Son bir neçə aylıq davranışı ilə onlardan birinin ABŞ olduğu ortada. MKİ rəhbərinin Ermənistana yarım leqal ziyarətinin ardınca Ermənistanın təxribatlarının artması, Qarabağ ermənilərinə maliyə yardımı edilməsi, ABŞ səfirinin Şuşa səfərindən nümayişkaranə imtinası və s. belə düşünməyə əsas verir. ABŞ tarixinin ən ermənipərəst hakimiyyəti olan Bayden administrasiyası Güney Qafqazda təkrar gərginlik yaratmaqla bölgədə Rusiyanın təsirini azaltmaqla yanaşı, həm də Ermənistana dəstək yönlü bəyanatlar verməklə noyabrda keçiriləcək seçkilərdə ermənilərin səsini almağa çalışır. ABŞ Dövlət katibi Blinkenin Paşinyanla danışıqda “Azərbaycan-Ermənistan münaqişəsi ilə şəxsən məşğul olacağını” söyləməsinin ardınca, Amerikada ermənilərin “Xaç anası” hesab olunan Nümayəndələr palatasının sədri, Türkiyə və Azərbaycana düşmən mövqeyi ilə tanınan N.Pelosinin həftə sonunda Ermənistana dəstək məqsədilə İrəvana səfər edəcəyi xəbəri yayıldı. Xatırladım ki, 82 yaşlı bu təxribatçı qadının bir müddət əvvəl Tayvana səfəri də qlobal gərginliyə səbəb olmuşdu”.
Yeganə