“Məsələn, son günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Yunanıstana xitabən “Bir gecə ansızın gələ bilərik” deməsindən sonra kəllə-çarxa qalxan həyacan, Yunanıstanın bu sitatı əsas gətirərək beynəlxalq qurumlara, hətta BMT TŞ-ə şikayət ünvanlaması və mümkün müharibə ssenarilərinin gündəmə gəlməsindən sonra sosial media hesabım vasitəsilə Türk yoldaşlar arasında kiçik bir sorğu keçirməyə qərar verdim. 4 sualdan ibarət bu sorğu bir çox mətləbdən xəbər verir”.
Elchi.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli FB hesabında bildirib:
“Sorğu iştirakçılarının 54,3%-i Türkiyə və Yunanıstan arasında yeni müharibənin yaşanmayacağını düşünür. Bunun ola biləcəyini ehtimal edənlər isə xeyli az, 22,9%-dir.
50% müharibə olarsa NATO-nun Yunanıstanı dəstəkləyəcəyini, hətta 11,8% Türkiyənin NATO üzvlüyündən çıxarıla biləcəyini, sadəcə 23,5% tərəfsiz qalacağını düşünür.
Tarixən yaşanan türk-yunan müharibələrinin milli kin və nifrət duyğusu yaradıb-yaratmadığını öyrənmək üçün ünvanlanan suala isə böyük əksəriyyət, respondentlərin 74,3%-i Yunanıstan hökümətinin yanlış davranışları yunan xalqına qarşı nifrətə səbəb olmamalıdır cavabı vermişdir. Yunanları tarixi düşmən hesab edənlər isə cəmi 17,1%-dir.
Türkiyə-Yunanıstan münasibətlərinin normallaşması üçün nə edilməsi gərəkdiyinə dair ünvanlanan suala isə respondentlər 55,9% qarşılıqlı şəkildə siyasi-diplomatik inisiativlərin həyata keçirilməsi, qarşı tərəfdə narazılıq yaradan ifadələr istifadə etməməyi, 29,4% isə Yunanıstanın NATO üzvü olaraq Türkiyəni qıcıqlandıracaq hərbi davranışlardan çəkinməsi gərəkdiyini, 8,8% müharibənin xalq və media və KİV tərəfindən dəstəklənməməsi gərəkdiyini qeyd etmişdir.
Sorğu nəticələri də göstərir ki, əslində sadə türk vətəndaşları yunanlara kin və nifrət bəsləmir. Əksəriyyət yaşananları hökümətlərin yanlış davranışlarının nəticəsi hesab edir. Bununla yanaşı türk cəmmiyyətində NATO-ya qarşı artan güvənsizlik və inamsızlıq sorğu nəticələrində də açıq-aydın müşahidə olunur”.
Yeganə