Məlum olduğu kimi, sentyabrın 24-də Azərbaycan jurnalistlərinin növbəti qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin yenilənəcəyi gözlənilir. Yayılan məlumatlarda Mətbuat Şurasının sədri postuna da yeni simanın gələcəyi bildirilir. Nizamnaməyə görə, sədr qurultayda İdarə Heyətinin üzvləri arasından seçiləcək.
Əməkdar jurnalist Azər Həsrət məlum qurultayla bağlı fikirlərini Feysbuk hesabında qeyd edib. Elchi.az paylaşımı təqdim edir:
“Mətbuat Şurası İdarə Heyətinə namizədlərlə bağlı maraqlı bir müşahidəm var. Elə adamların adları çəkilir ki, çaşıb qalıram. Dostlar, demokratiyadır, namizəd irəli sürmək sərbəstdir. Bunu başa düşürük, hörmətlə yanaşırıq. Amma elə adamların adına rast gəlirəm ki, o adamlar ömründə hər hansı ictimai fəaliyyətlə məşğul olmayıb. Olubsa belə, formal olub. Yəni ictimai fəaliyyətdə hansısa fərqini, uğurunu görməmişik. İndi siz belə adamların namizədliyini irəli sürməklə, əslində, MŞ-nın daha keyfiyyətli təşkilinə töhfə vermirsiniz. Lütfən, namizəd irəli sürərkən ciddi olaq. Elə adamların namizədliyi üzərində duraq ki, o adamlar doğrudan da ictimai fəaliyyətdə də ciddi uğurlara imza atıb. Yoxsa filankəs yaxşı jurnalistdir, onu mütləq MŞ-na seçək düşüncəsi yetərli olan deyil. Şəxsən öz təcrübəmdə görmüşəm, uyğun olmayan adamları ictimai fəaliyyətdə irəli çəkmişik, nəticə sıfır olub. Çünki adam yaxşı birisi olsa da ictimai fəaliyyət onluq olmayıb. O baxımdan namizədləri müəyyən edərkən həm də onların ictimai fəaliyyət qabiliyyətini nəzərə alaq. Unutmayaq, MŞ ictimai birlikdir və orada heç kimə maaş da verilmir…”.
Yeganə