Sosioloq GİLEYLƏNDİ: “Bu hallar ölkəmiz barədə mənfi imic formalaşdırır…”

72

“Hər birimiz, şükür ki, xeyli ölkələr gəzib dolaşmısıq. Azərbaycandan başqa elə bir ölkə görmüsünüzmü, istənilən bir yeməkxanaya, restorana, çay evinə, çayxanaya və s. gedib çay içmək, xörək yemək istəyəndə, yeməyin, çayın, xidmətin keyfiyyətindən əvvəl dərhal Sizi tovlayıb, aldadıb, kələk gəlib “dərinizi soymağa” çalışalar? Verilən yeməyin, çayın maya dəyərindən 5-10-20 dəfə artıq pul istəyələr? Bir çox hallarda isə soyuducuda qalmış, köhnəlmiş xörək gətirirlər. İki adam çox sadə bir yemək yeyəndə 70-100 manat pul istəyirlər”.

Elchi.az xəbər verir ki, bu fikirləri sosioloq-alim Əhməd Qəşəmoğlu FB hesabında bildirib:

“Çay məsələsi! Misal üçün bir kiçik çaynik çayın maya dəyəri çox olsa 10-30 qəpik olar. Deyək ki, 1 manat da olsun xidmət və s. haqqı, Bu çayniki gətirib adi, bəzəkli kağıza bükülmüş qəndlə qarşınıza firlayan uşaq Sizdən ən azı 5 manat istəyir. İyul ayında dağlıq bir yerdə çayxanaya girib çay icmək istədim. Ətrafda xeyli kəklikotu bitmişdi. Dedim ki, o kəklikotundan yığıb mənə bir çay dəmləyin. Yenə həmin qəndlərlə şay gətirdilər, cəmi 3 stəkan içdim. Gənc yaxınlaşıb 7 man. istədi. Təəcüblə soruşdum:- ay bala, bu çaya nə qədər xərciniz çıxdı? Dedi:- müəllim, mən neynim, xozeyn deyib ki, ot çayı 7 manatdır. Təbii ki, mən heç bir söz demədən, necə deyərlər “abırıma qısılıb” pulu ödədim.
Bəla burasındadır ki, biz bu hala təslim olmuşuq.
Turistlərin başına min oyun açırlar. Bununla ölkəmiz barədə mənfi imic formalaşdırırlar.
Bu bəlanın qarşısını necə almaq olar?”.

Yeganə