Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə yolanıb. Ölkə başçısı və birinci xanım Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş politoloq Oqtay Qasımov səfər barədə fikilərini Elchi.az-la bölüşüb.
O.Qasımov Azərbaycan və Türkiyə arasındakı münasibətlərin kifayət qədər intensiv olduğunu söyləyib. Onun sözlərinə görə, bu baxımdan da Prezidentin Türkiyəyə səfəri təəccüblü sayılmamalıdır:
“Son illər Azərbaycan və Türkiyə Prezidentləri arasında dəfələrlə həm rəsmi, həm də işgüzar görüşlər olub. Bu günkü səfər Konya şəhərində keçirilən oyunlarla bağlı Ərdoğanın dəvəti üzrə həyata keçirilib. Təbii ki, səfər çərçivəsində iki ölkəni maraqlandıran ciddi məsələlər müzakirə ediləcək. Bu mövzular bir neçə gün əvvəl Ərdoğanın Soçiyə səfəri, həmçinin son zamanlar Rusiya sülhməramlılarının yerləşdiyi Qarabağ ərazisində baş verənlər, “Qisas” əməliyyatı ilə bağlı Azərbaycan Prezidentinin Ərdoğanı məlumatlandırması və erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlıdır. Eyni zamanda kommunikasiyaların, ilk növbədə isə Zəngəzur dəhlizinin açılması və bu mövzuda Azərbaycanla Türkiyənin birgə fəaliyyətinin əlaqələndirilməsi müzakirə ediləcək. Bundan başqa, keçən il adı dəyişdirlən Türk Dövlətlər Təşkilatı ilə bağlı fikir mübadiləsi aparılacaq. Bu il Əliyevlə Ərdoğan Özbəkistana səfər ediblər, Qazaxıstan prezidentinin Türkiyəyə səfəri baş tutub və onun yaxın zamanda Azərbaycana da səfəri gözlənilir. Bir neçə gün əvvəl Türkiyə, Azərbaycan və Özbəkistan XİN başçıları arasında “Daşkənd bəyannaməsi” imzalandı və bu 3 türk dövləti bir çox sahədə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılaşmalar əldə etdi”.
Politoloq qeyd edib ki, hazırda davam edən Ukrayna-Rusiya savaşı da Prezidentin Türkiyə səfəri zamanı diqqət mərkəzində olacaq:
“Çünki həm Rusiya, həm də Ukrayna Türkiyə ilə Azərbaycana qonşu sayılır. Bundan başqa həm Azərbaycanın, həm də Türkiyənin Ukrayna ilə inkişaf etmiş münasibətləri var və hər iki ölkə Ukraynaya humanitar yardım etməkdədir və onun ərazi bütövlüyünü dəstəkləyirlər. Bu baxımdan Əliyev-Ərdoğan görüşü kifayət qədər məhsuldar keçəcək və müzakirə ediləcək mövzular olduqca mühümdür”.
Yeganə