“Sabiq səhiyyə naziri Əli İnsanovun dünyasını dəyişən qardaşı Məhəmməd İnsanovun yas mərasiminə qatılması üçün cəzaçəkmə müəssisəsinin rəhbərliyinə yazılı müraciət olunub”. Bu açıqlamanı Cebhe.info-ya hazırda həbsdə olan eks nazirin vəkili Toğrul Babayev verib: “Biz cəzaçəkmə müəssisəsinin rəhbərliyinə yazılı müraciət etmişik ki, Əli İnsanov qardaşının yas mərasimində iştirak etsin. Hələ cavab gəlməyib”.
Qeyd edək ki, Ə.İnsanov hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində həbsdədir. 2005-ci ilin oktyabr ayında həbs olunan sabiq nazir dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.