Ərdoğan Putinlə görüşəcək: Rusiya taxılı da dünya bazarına çıxa bilər

43

“Bu gün Özbəkistanın Səmərqənd şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş olacaq. Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti çərçivəsində bir araya gələcəklər. Verilən məlumata görə liderlər Ukrayna, Cənubi Qafqaz, Suriyadakı durumu müzakirə edəcəklər. Dövlət başçılarının Ukraynadakı durumla bağlı Soçidə əldə olunmuş razılıqlar barədə fikir mübadiləsi aparacaqları bildirilib. Rusiyadan taxıl daşınması barədə danışılması da gözlənilir”.

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Novruozov FB hesabında qeyd edib:

“İlk növbədə onu deyək ki, ŞƏT sammiti dünya liderlərinin görüşməsi üçün yaxşı fürsətə çevrilib. Dünən Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğanla ikitərəfli görüş keçirib. Yəqin, Ərdoğanla Putinin bu günkü müzakirəsində dünənki görüşlərdə əldə olunan razılıqlar masada olacaq.
Prezidentlərin Ermənistan – Azərbaycan sərhədində son günlər yaşanan gərginliyi də müzakirə edəcəkləri şübhəsizdir. Yəqin ki, Ərdoğan Azərbaycanın Türkiyənin “qırmızı xətti” olduğunu həmkarına xatırladacaq. Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanması barədə fikir mübadiləsi də aparıla bilər. Doğrudur, Kreml Cənubi Qafqazdakı konfliktin dondurulmasında və ehtimal edilən müqavilənin öz moderatorluğu ilə imzalanmasında maraqlıdır. Amma Moskva Ankaranın maraqlarını nəzərə almağa məcburdur.
Türkiyə Ukraynada davam edən müharibədə balanslı siyasət yeridən nadir dövlətlərdəndir. Həmçinin Ankara NATO daxilindəki əksər dövlətdən fərqli olaraq Moskvaya qarşı sanksiyalara qoşulmayıb. Ərdoğan son çıxışlarında Putini müdafiə edib, ona haqq qazandırıb. Əlbəttə, Rusiya prezidenti bu jestləri qiymətləndirməlidir və qiymətləndirəcək.
Bu günkü görüşdə, həmçinin Rusiyadan dünya bazarına taxıl ixracına dair fikir mübadiləsi də aparılacaq. Ərdoğanın görüşdən sonra ukraynalı həmkarı Vladimir Zelenski ilə danışacağı istisna deyil. Görüş nəticəsində Rusiyadan taxıl daşınması barədə razılıq əldə olunması mümkündür.
Beləliklə, görüşün məhsuldar keçəcəyinə və mövcud reallıqlara konstruktiv təsir edəcəyinə inanmaq olar”.

Şayəstə