Əhalinin gəlirləri iqtisadi artım tempini üstələyir – Prezidentin köməkçisi

43

Azərbaycanda 2018-2022-ci illərdə əməkhaqqının ÜDM-dəki payı 12,7 faizdən 17,1 faizə yüksəlib.

Elchi.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun “Prezident İlham Əliyev – zamanı qabaqlayan lider” sərlövhəli analitik məqaləsində yer alıb.

N.Əmirov qeyd edib ki, bu ilin ilk altı ayında hər nəfərə düşən ÜDM 5,9 faiz artdığı halda, əhalinin hər nəfərinə düşən nominal gəlirlər 19,4 faiz artıb:

“Hətta inflyasiyanı da nəzərə alanda aydın görmək olur ki, əhalinin real gəlirləri iqtisadi artım tempini üstələyir. Deməli, iqtisadi artımın nəticələrindən insanların faydalanması getdikcə daha da çoxalır. Bunun nəticəsidir ki, 2018-2022-ci illərdə əməkhaqqının ÜDM-dəki payı 12,7 faizdən 17,1 faizə yüksəlib. Azərbaycan dövlətinin sosial mahiyyətini göstərən əsas amillərdən biri də odur ki, median əməkhaqqı orta əməkhaqqından, minimum əməkhaqqı isə median əməkhaqqından üstün templə artır: 2018-2022-ci illərdə orta əməkhaqqı 41 faiz, median əməkhaqqı 86 faiz, minimum əməkhaqqı isə 2,3 dəfə artıb. Buradan çıxan əsas nəticə odur ki, əhalinin daha az gəlirli hissələrinin əməkhaqqıları daha üstün templə çoxalır. Bu bir tərəfdən yoxsulluğun azalması, digər tərəfdən isə orta təbəqənin güclənməsi anlamına gəlir. Təkcə əməkhaqqı deyil, həm də sosial ödənişlərdə artım əhalinin daha çox qayğıya ehtiyacı olan kəsiminə hədəflənib. Belə ki, son dörd ildə minimum pensiyalar 110 manatdan 240 manata çatdırılıb, orta pensiya 75 faiz, sosial müavinətlər və təqaüdlər isə 3,5 dəfə artıb. Sosial siyasətdə diqqət yetiriləsi daha bir məqam şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçılarının sosial müdafiəsidir. Bu kateqoriyadan olan şəxslərin mənzil və avtomobillə təminatı, məşğulluq, sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb edilməsi istiqamətində böyük işlər görülmüşdür”.

Prezidentin köməkçisi qeyd edib ki, aşağı neft qiymətləri və ticarət tərəfdaşlarımızda resessiya səbəbindən 2015-ci ildə baş vermiş böhrandan çıxdıqdan sonra və 2018-ci ildə iqtisadi artım bərpa edildikdən bəri üç sosial islahat paketi dörd milyon vətəndaşımızı əhatə edib. Onlar üçün illik 6 milyard manat əlavə dövlət vəsaiti ayrılıb.