Yanan binada yaralananlar evə buraxılıb; təmir işləri planlaşdırıldığından əvvəl yekunlaşacaq
Binəqədi rayonunda yanan binada xəsarət alan xəstələrdən sonuncusu artıq evə buraxılıb. Mərkəzi Klinik Xəstəxananın Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib ki, xəstə iyunun 3-də evə yazılıb.
“Xəstə, 1983-cü il təvəllüdlü Günay Məhərrəmovanın vəziyyəti stabilləşdiyi üçün evə yazılıb. Xəstələrə müalicəni evdə davam etdirmək üçün xüsusi təyinatlar verilib. Ümumilikdə xəstənin həyatı üçün təhlükə yoxdur”, – deyə Azər Maqsudov bildirib.
Bakıda bir-birinin ardınca yanan iki hündürmərtəbəli binada sürətlə əsaslı təmir işləri aparılır. ANSpress-in hadisə yerində olan əməkdaşları xəbər verir ki, bu ilin aprel ayının 11-də Bakının Xətai rayonunda yanan binada təmir işləri artıq yekunaşmaq üzrədir. Binanın üzü artıq suvanıb. Sakinlər də aparılan təmir işləri ilə maraqlanmaq üçün əraziyə gəlirlər. Binanın altındakı mağaza isə artıq işləyir. Xətai Rayon İcra Hakimiyyətindən bildiriblər ki, yanan bina sakinləri tezliklə evlərinə köçə biləcəklər. Qurumun iqtisadi və sosial təminat şöbəsinin rəisi Zaməddin Əkbərovun verdiyi məlumata görə, yanğın nəticəsində ziyan dəyən 60 mənzilin təmiri yekunlaşmaq üzrədir. “Demək olar ki, artıq hər şey yekunlaşıb. Mənzili yanan sakinlərə 15 min manat kompensasiya verilib. Mənzilləri dövlət hesabına təmir olunub. Yaxın günlərdə sakinlər evlərinə köçə bilcəklər”.
Bakının Binəqədi rayonunda yanan binada da təmir işləri sürətlənib. Ərazidə olan zaman binanın yanan üzlüyünün təmizləndiyini gördük. Ətrafdan keçənlərin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi hasarlanıb. Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilir ki, belə davam edərsə, təmir işləri qoyulmuş 5 ay müddətindən tez tamamlanacaq. Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın verdiyi məlumata görə, binanın təmirində heç bir problem yaranmayıb. “Bina sakinlərinin hamısı yaşayış yeri ilə təmin olunub. Hər gün onların vəziyyəti ilə maraqlanırıq. Hansısa problem yaranarsa, çalışırıq ki, köməklik edək. Binanın əsaslı təmiri də sürətlənib. Çalışılacaq ki, 5 ay müddətinə bina təmir olunsun və sakinlərə təhvil verilsin”.
Qeyd edək ki, mayın 19-da Binəqədidə yanan binada 15 nəfər ölüb, 56 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan zəhərlənən 35 nəfər Mərkəzi Klinik Xəstəxananın Toksikologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci – ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılıb. Hadisəni araşdırmaq üçün Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.