Xocalı soyqırımı qurbanları – bayrağı bayraq edən şəhidlər – ŞƏRH

20
1920-ci il aprelin 28-də Azərbaycaı işğal etmiş XI Qırmızı Ordu ilə Xocalı soyqırımını törədənlərin heç bir fərqi yoxdur

Dövlətin ərazi bütövlüyü, müstəqilliyi, milli təhlükəsizliyinin təmin olunması uğrunda hər an mübarizə aparılır. Bir insana nəfəs almaq nə deməkdirsə, bu kateqoriyaların təmin olunması da bir dövlət üçün odur. Azərbaycanın dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də bərpa edilib. Həmin tarixdən etibarən dövlətin ərazisinin qorunması, işğal altında olan torpaqlarının, o cümlədən Dağlıq Qarabağın azadlığı, ölkə vətəndaşlarının azad yaşaması, iqtisadi rifahın təmin edilməsi və s. bütün vətəndaşlar üçün bir vəzifə borcudur.

Deməli, ötən 28 ildən artıq müddət ərzində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, onun qorunması uğrunda minlərlə azərbaycanlı, Azərbaycan vətəndaşı şəhid olub. Əli silahlı və əliyalın Azərbaycan vətəndaşlarına düşmənin münasibəti eyni olub. Çünki o, işğalçıdır, canidir, beynəlxalq cinayətkardır. Ona görə də düşmən üçün heç bir fərqi yoxdur. Çünki faşist, insanlığa nifrət ruhunda tərbiyə edilib. Onun üçün qarşısındakının uşaq, körpə, yaşlı, qadın hamilə olmasının da fərqi olmayıb. Çünki türk düşməni, Azərbaycan torpaqlarına göz dikən canidir. Onun üçün Azərbaycan vətəndaşları düşməndir. Hətta Qarabağdakı ermənilər olsa belə, bu yağı Azərbaycan vətəndaşlarını sevmir. Bu düşmən bölgədə təkcə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinə qarşı çıxmayıb, həmin regionun təhlükəsizliyini təhdid edir. Deməli, beynəlxalq maraqların, xoşməramların təmin olunması üçün təhlükə mənbəyidir. Bu düşmən bölgədə başqa maraqları təmin etmək üçün də alətdir. Onun vasitəsilə bölgəyə üçüncü dövlət, qüvvə müdaxilə edə bilir. Bunun adı Ermənistandır.

Bu arada, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə Ermənistan Azərbaycanın Xocalı şəhərində soyqırım törədib. Xocalı Ermənistan silahlı dəstələri və havadarları tərəfindən işğal edildikdən sonra qalan mülki əhali deportasiya olunub. Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, Xocalının 613 sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Yeri gəlmişkən, Azərbaycandan başqa, Pakistan və Sudan Xocalını tam səviyyədə, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya bu cinayəti parlament səviyyəsində soyqırım olaraq tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Ümumiyyətlə, 16 ölkə bu faciəni tanıyıb. Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır. Onlar Azərbaycanın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü və təhlükəsizliyi uğrunda şəhid olublar. 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etmiş XI Qırmızı Ordu ilə Xocalı soyqırımını törədənlərin, Qarabağı işğal edənlərin heç bir fərqi yoxdur. Azərbaycanın işğalı zamanı sovet ordusu tərəfindən qətlə yetirilən silahlı və silahsız azərbaycanlılarla Xocalı soyqırımı qurbanları da eyni statusdadırlar. Hamısı Azərbaycanın azadlığının şəhidləri, qəhrəmanlarıdırlar. Əliyalın insanları soyqırım edənlər isə beynəlxalq cinayətkarlardır. Xocalı hadisəsi ilə bağlı cinayət faktları, onu törədənlər məlum olsalar da, indiyədək beynəlxalq qurumlar susur. 1962-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuş, Rusiyanın 366-cı motoatıcı alayının 2-ci tabor komandiri Seyran Ohanyan törətdiyi cinayətə görə mükafatlandırılaraq Ermənistanın müdafiə naziri, Robert Köçəryan bu ölkənin prezident oldu. Eyni zamanda Xocalıya hücum əməliyyatına Seyran Ohanyanla yanaşı, 366-cı motoatıcı alayın 3-cü taborunun komandiri Yevgeni Nabokin, 1-ci taborun qərargah rəisi Valeri Mkrtçyan rəhbərlik ediblər. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə Rusiya tərəfi isə bu məsələni 27 ildir sükutla qarşılayır. Moskva ötən illər ərzində Xocalı da daxil omaqla, Dağlıq Qarabağın işğalında canfəşanlıq göstərənləri mükafatlandırıb, onlara vəzifələr verib. Serj Sarqsyanın uzun müddət Ermənistanda hakimiyyətdə qalması bunu təsdiqləyən faktlardandır.

Azərbaycanın ərazi bütövlüyü və azadlığının daha bir qurbanı isə 14 aylıq körpə Zəhra Elnur qızı Quliyevadır. O, 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaratanlardan açdığı atəş nəticəsində nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirilib. Fevralın 13-də 3 yaşı tamam oldu. Azərbaycanın 14 aylıq şəhid körpəsi.

Azərbaycan adına, onun uğrunda mübarizə aparmaq həm də onun bayrağını uca tutmaqdır. Düşmən hər yerdə öz fitnəsini işə salır. Gücü başqa heç nəyə çatmayanda Azərbaycan bayrağına qarşı yanaşması ilə özünü göstərir. Təəssüf ki, bu hadisə daha çox qonşu, özünü Azərbaycana dost, qardaş kimi göstərməyə çalışan İranda baş verir. Deməli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilən idman yarışında Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. O, bayrağın yeri dəyişdirildikdən sonra yarışa qatılıb. Zəhra Salmanlı karate üzrə turnirdə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bunun yarış olduğunu, ən güclünün, dostluğun qalib gəldiyini bilsək də, onun erməni rəqibi üzərində qələbə qazandığını qeyd etmək istərdik. Düzdür, burada adi olmayan heç nə yoxdur. Azərbaycanın hər bir vətəndaşı bayrağına yanlış yanaşma hiss etdikdə uyğun davranmalıdır. Bu, onun şərəf borcudur. Hadisə Beynəlxalq Ana Dili Günü və Xocalı soyqırımı ilə eyni vaxta təsadüf etdiyindən vurğulamağı borc bildik. İranda Azərbaycan türklərinin sayı 30 milyondan çox olsa da, onların ana dilində bir ibtidai sinif məktəbi belə yoxdur. Həmin gün isə tədbir iştirakçıları Azərbaycan bayrağına qarşı belə yanaşmaqla xislətlərini gizlədə bilmədilər. Bu yerdə nə fərqi var deyənlərə: əgər elə bir fərqi yox idisə, bayraqların yerini dəyişəydilər. Yeri gəlmişkən, İranda Azərbaycan bayrağına qarşı belə münasibət ilk dəfə deyil. Məsələn, İranda Azərbaycan bayrağı ilə şəkil çəkdirdiyi üçün Əta Kərimi adlı ictimai fəal 30 sutka Urmiya həbsxanasında saxlanılıb. 2015-ci il fevralın 21-də (Beynəlxalq Ana Dili Günü ərəfəsində) İslam Respublikasında böyüklər arasında keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunun başa çatması zamanı Azərbaycan bayrağı ilə bağlı böyük qalmaqal yaşanıb. Həmin yarışda Azərbaycanın milli komandası ilk dəfə Dünya Kubokuna sahib olub. Azərbaycan yığmasının üzvlərinin mükafatlandırılma mərasimindən sonra dövlət himni səsləndirilib və ilk üçlükdə yer almış dövlətlərin bayraqları qaldırılıb. Ancaq birinci qaldırılan Azərbaycan bayrağı təhrif olunub və onun üzərində beşguşəli ulduz əks olunub.

Nəhayət, Xocalı faciəsi günü ərəfəsində bu hadisələri yada salmaqda məqsədimiz düşmənin həmişə bizə zərbə endirməyə hazır olduğuna diqqəti çəkməkdir. Müstəqil, azad, firavan, demokratik, ərazi bütövlüyü təmin olunan Azərbaycan onu sevən bütün vətəndaşlarındır. Xocalı soyqırımını da, 14 aylıq Zəhranı da düşmənlər bu sevgiyə qarşı olduqları, Azərbaycana nifrət bəslədikləri üçün törədiblər. Ancaq zəhralar yaşayır, özləri ilə şəhid zəhraları da yaşadır. Xocalı soyqırımı qurbanlarının qisasının alınacağı günü yaxınlaşdırırlar.

Beləliklə, azadlıq uğrunda mübarizə aparanlar unudulmurlarsa, deməli, Azərbaycan azaddır, onun ərazi bütövlüyünün təmin edilməsi yolunda mücadilə davam edir, “bayraqları bayraq edən qan” uca tutulur.