“Qurdlar Vadisi”nə baxa-baxa böyüyən optimist nəslin nümayəndələriyik əksərimiz. İndi o filmdəkilər belə bizə gülməli görünür. O dəfə məktəbin qabağındakı yeniyetmələrdən biri elə belə də dedi:“Polat Alemdar çurbandı. Bizimkilər bir güllə vuranda beş maşın birdən aşır, üç maşın yox…” Bəli, indi bizim öz poladımız, mematilərimiz, abdulheylərimiz… var. Gizli dövləti də qurublar, konsey də toplanıb, gizli qərarlar da verilir. Zarafat deyil, dünənə qədər Yeşilcam kinolarında gördüyümüz körpü intiharları hər gün Koroğlu metrosu yaxınlığında yaşanır. Özünü yandıranlar, manyak qatillər, uşaq oğruları, orqan satıcıları… Bunların hamısı adiləşib, adidən də adi olub.
Ölkədə gerçəkdən “Qurdlar Vadisi” serialı çəkiblər. Eşkiyanı da dünyaya hökmdar ediblər, məsələn. Həftənin iki günü bu seriallar, 7 günü ölkədə baş verənlər. İzlədikcə izləyirik. Milli çekistlərimiz ssenaristləri kölgədə qoyublarmış, sən demə. Arvadına xəyanət edən kişidən milyonlar istəmək, “obyekt bizimdir” deyib gizli video ilə şantaj etmək… Necə deyərlər, eşq, intriqa, sevgi üçbucağı. Hər şey var milli serialımızda. Dövlət niyə telekanallara ətək-ətək pul verib, bambılı ssenarilər əsasında səhnəcik çəkdirir ki? Çağıraydı MTN çekistlərini, reytinq rekordları qırardılar.
Reytinq demiş, o gün Mətbuat Şurası bütün jurnalistləri başına yığıb, onları danlayanda ağlıma gəldi. Demək, bu ölkədə cəmi bir ovuc jurnalist var, bir dəniz boyda reket. Onlar qapıları təpiklə açırlar, məmurları şantaj edirlər, atişləməz yolları bilirlər. Tədbirdə bir neçə nümunə göstərdilər, ayağımızın altından yer qaçdı. Təsəvvür edin ki, ölkədə tuthatutdur. Bu işbazlar isə hələ tutulmamış məmurlara zəng edib deyirlər ki, gəl görüşək, əlimizdə sizinlə bağlı faktlar var. Məmur imtina edəndə isə sabah qəzetlərində yazırlar ki, bəs bu filankəs hələ də tutulmayıb, niyə, nə üçün, əcəba…?
Mənə bu hekayənin əcaibliyindən daha çox bu cür kağız parçalarının ciddiyə alınması qəribə gəldi. Təsəvvür edin ki, ölkənin hansısa dərəsində “Oraq və çəkic” adlı qəzetin yazdığı bu qədər önəm daşıyır. Niyə? Hansı səbəbdən müzakirəyə çıxarılıb, nümunə kimi göstərilməlidi? Necə deyərlər, bu qəzetin əti-budu nədir, neçə nəfər oxuyur, satışı nə qədərdir? Bağlayın birdəfəlik, Ədliyyə Nazirliyi qeydiyyatını ləğv etsin, Mətbuat Şurası adını qara siyahıya salsın. Gücünüz çatmasa yerləşdiyi redaksiyaya FHN-i göndərin, fəaliyyət şərtlərinə uyğun deyillər deyə… Bir sözlə, silin getsin. Bunları da mən deyim? Niyə vicdanlı jurnalistlər hansısa idarənin beşinci dərəcəli məmurundan açıqlama alanda “o gün sizinkilərdən (hansısa reketi də bizim ayağımıza yazırlar) biri gəlmişdi, yola saldım getdi” tipli tərbiyəsizliyini eşitməlidir? Axı MTN haqq-hesabı başlananda elan edildi ki, bu işdə “reket mətbuat” da aktiv olub. Hanı adları, hanı fəaliyyətləri, hanı faktlar?
Bunu bir qırağa qoyaq. Ölkə adına biabırçılıq deyilmi? Necə olur ki, Azərbaycan dəyib bir-birinə, tuthatut, vəzifədən çıxarılmalar, cinayət işləri… Bu ölkənin nazirləri, komitə sədrləri, istintaqa nəzarət edən səlahiyyətli nümayəndələri bir mətbuat konfransı keçirmir? Həftədə, ayda demirəm, heç olmasa 6 ayda, yaxşı, lap bir ildə bir dəfə mətbuat konfransı keçirilmir bu ölkədə… Ölkənin “dişli-dişsiz”, lənət şeytana, yaltaq, obyektiv jurnalistlərinin qarşısına çıxmağa özündə cəsarət tapmır? Necə deyərlər, burda da bir neçə variant var. 1. Adamların deməyə sözü yoxdur. 2. Adamlar veriləcək suallardan çəkinir. 3. Adamlar jurnalistləri… sadəcə saymır…
Sonra da deyirlər, jurnalistlər yas mollası kimidir. Pis xəbərlərə, yas mərasimlərinə sevinir… Sevindirən utansın.