Seymur Süleymanov: “AXCP-nin başında duran bu partiyanı o qədər səviyyəsiz və çəkisiz hala salıb ki, artıq AXCP əlaltı qurum anlayışı kimi qəbul edilir”
Siyasi analitik Seymur Süleymanov Azərbaycan müxalifətinin seçkilərdə iştirakı və AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin qurultaya hazırlıq işləri ilə bağlı “Olaylar”ın suallarını cavablandırıb.
– Parlament seçkiləri yaxınlaşır. Müxalifətdən nə gözləyirsiniz?
– Müxalifət partiyalarından heç bir gözləntim yoxdur. Əksər müxalif partiyalar seçkilərə qatılmayıb, boykot etmək qərarı alıb. Bəli, bu düzgün addımdı. Çünki o “partiyalar” heç zaman Azərbaycan ictimayyətində çəkisi olmayıb və olmayacaq da.
– Sizin də qeyd etdiyiniz kimi, radikal müxalifətin bir neçə partiyası seçkiləri boykot qərarı verdi. Bu, məğlubiyyətin əvvəldən elanı kimi anlaşılır. Maraqlıdır ki, müxalifət niyə hər seçkilərdə uduzur? Müxalifətin zəif olmasına səbəb nədir?
– Əgər seçkiləri boykot edən partiyalar seçkilərdə iştrak etsəydilər, onlara belə bir sual ünvanlamaq istəyərdim: “Axı siz bu xalqa nə xidmət etmisiniz ki, indi də onlardan səs istəyirsiz?” Həmin partiyalar xalqa yox, özlərinə xidmət edir. Və buna görə də o partiyalar xalqdan dəstək ala bilmirlər. Seçkiyə qatılmamaq da bu səbəbdəndi. Həm partiyalar anlayırlar ki, seçkilərə qatılsalar məğlub olacaqlar. Bilirlər ki, özlərinə özlərindən başqa səs verən olmayacaq. Utanc vəziyyətə düşməmək üçün seçkilərə həm qatılmırlar, həm də boykot edirlər. Bu da məğlubiyyətin göstəricisidir. Bu həmin o partiyaların nə qədər gücsüz olduğunu sübut edir. Məsələn, AXCP-nin seçkiləri boykot etməsinə haqqı yoxdur. Çünki o partiyanı və başında duran şəxsi Azərbaycan xalqı çoxdan boykot edib. Xalq belə partiyaları qeyri-legitim hesab edir. AXCP-nin başında duran, bu partiyanı o qədər səviyyəsiz və çəkisiz hala salıb ki, artıq AXCP əlaltı qurum anlayışı kimi qəbul edilir.
– Oktyabrda AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin qurultayı keçiriləcək. Nə fikirləşirsiz, sizcə, təmsilçiliyi Əli Kərimlidən almaq mümkün olacaqmı?
– Əli Kərimli Qərbin keşikçisidir, öz ölkəsində antiAzərbaycan təbliğatını aparan şəxsin adıdır. Fikrimcə, Təşkilat Komitəsi Əli Kərimlidən təmsilçiliyi ala bilməyəcək. Səbəbi çox sadədir, əgər Kərimli anlasa ki, o Azərbaycan üçün lazımsız şəxsdir, çoxdan istefa verərdi.
– Bəs, niyə, Əli Kərimlinin cəbhəsi narazı cəbhəçilərlə normal mübarizə əvəzinə söyüş və təhqirli çəkişmək üsuluna üstünlük verir? Niyə sistemli mübarizə planı hazırlanılmır?
– Çünki Əli Kərimli gücünü təhqir etməkdə görür. Halbuki, zəif siyasilər bu yoldan istifadə edirlər. Ümumiyyətlə, Azərbaycan xalqı ağı qaradan seçə bilən xalqdır və doğru seçim edəcəyinə əminəm.