Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev nazirliyin rüşvətxor məmurlarına qarşı böyük təmizləmə əməliyyatına başlayıb.
Elchı.az xəbər verir ki, S. Babayev bu posta təyin olunanda keçirdiyi müşavirələrdə nazirliyin bütün əməkdaşlarına rüşvət almamaqla bağlı ciddi xəbərdarlıq edib. Nazir bildirib ki, kimliyindən asılı olmayaraq, rüşvət alan məmur işdən çıxarılacaq. Xüsusilə nazirliyin tərkibindəki Dövlət Sosial Müdafiə Fondunun regional şöbələrində əhalini süründürən və rüşvət alan işçilər dərhal işdən çıxarılır. Son dövrlər əmək pensiyalarının düzəldilməsi, həmçinin, əlilliyə görə müavinətlərin verilməsində şəffaflıq artmaqdadır. Nazir Sahil Babayevin atdığı son addım isə onun rüşvətxorlara qarşı sərt davranışını bir daha nümayiş etdirdi.
Redaksiyamıza daxil olan məlumata görə, S. Babayev iyulun 12-də Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin edib. Lakin 4 gün sonra – iyulun 16-da yeni sədrin əmrini verərək, işdən çıxarıb. Buna səbəb isə yeni sədrin kadrlar şöbəsindən işə qəbulla bağlı əmri götürməyə gələndə, şöbənin əməkdaşına 200 manat “şirinlik” verməsi olub. Kadrlar şöbəsinin həmin əməkdaşı bu haqda rəhbərliyi məlumatlandırıb. Bundan sonra Sahil Babayev sədri yeni təyin etməsinə baxmayaraq, dərhal işdən çıxarıb.
Sabiq nazirin kürəkəni belə yola salındı
Məlumatlar var idi ki, Dövlət Əmək Müfəttişliyinin rəisi postuna müfəttişlikdə rəis müavini olan, sabiq nazir Səlim Müslümovun kürəkəni Anar Quliyev iddialı idi. Lakin Sahil Babayevin əmri ilə müfəttişliyə başqa şəxs rəis təyin olundu. Bundan sonra Anar Quliyev ümumiyyətlə işdən azad edildi. A. Quliyevin işdən çıxarılmasına səbəb də onun rüşvət alması olub. Belə ki, sabiq nazirin kürəkəni nazirlik və müəssisələr arasında vasitəçilik edərək, “problemləri” yoluna qoyduğu üçün 20 000 manat pul alıb. Nazir Sahil Babayev bu haqda məlumat əldə edən kimi A. Quliyevin işdən çıxmaq haqqında əmrini verib. Bir müddət öncə isə Sahil Babayevin əmri ilə Dövlət Əmək Müfəttişliyi Xidmətində iki sektor müdiri – Emil Allahverdiyev və Elşən Tağıyevin tikinti şirkətindən rüşvət aldıqları üçün işdən qovulmuşdu.
Hədəfdə Xalid Ağayevdir
Əldə etdiyimiz məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Xalid Ağayev neqativ əməllər üzrə ad çıxarıb. Xalid Ağayev vaxtilə Neftçala rayonunda kənd soveti işləyib. O, müfəttişlikdə indiyə qədərki bütün rəislərlə – Nəbi Şükürov, Rauf Tağıyev və Fuad Əlizadə – “dil taparaq” işləyib. Lakin yeni rəis Elman Cəfərovla “işləyə” biləcəyi ehtimalı azdır. Çünki birbaşa Sahil Babayevin tapşırığına əsasən E. Cəfərov müfəttişlikdəki neqativ halların aradan qaldırılması prosesinə başlayıb. Müfəttişliyin ən “bərkgedən” əməkdaşlarından biri məhz Xalid Ağayevdir. Redaksiyamıza məlumat verən mənbə X. Ağayev haqqında kifayət qədər neqativ materialların olduğunu və onun əməllərindən nazirin də məlumatlı olduğunu bildirib. Yaxın günlərdə Xalid Ağayevin yola salınacağı deyilir. Hər halda 200 manat “şirinliyə” görə 4 gün əvvəl təyin etdiyi sədri işdən qovan nazir Sahil Babayev Xalid Ağayevin əməllərini bağışlamayacaq.
Elchı.az