Odessa vilayətinin yeni qubernatoru Mixail Saakaşvili təzə və əslində prezidentlikdən daha məsuliyyətli postunda var gücü ilə işə başlayıb, islahatlara girişib. Ancaq onun maaşı nə qədər olsa yaxşıdır – cəmi 268 dollar! Yəni simvolik, bir çoxuna gülməli görünəcək bir məbləğ.
Bu maaşla işləməyə Azərbaycanda yəqin ki, yalnız süpürgəci razı olar. Amma nə olsun? Bizdə maaşı min manatlarla ölçülən yüksək vəzifə sahibləri var ki, başçılıq etdiyi sahə zibil içindədir, rüşvət-korrupsiya bataqlığında üzür və bunun da altını illərdir yüz minlərlə sadə insan, xalq çəkir. Həmin məmurların özləri isə Saakaşvilidəki təmizliyin heç 1 faizinə sahib deyillər.
Məsələ də bundadır ki, məmurun dəyərini onun aldığı maaş, tayfası üçün gördüyü işlər müəyyən etmir, öz xalqı üçün həyata keçirdiyi işlərin dəyəri müəyyənləşdirir. İndi siz görün, 268 dollarlıq maaşla Mixail Saakaşvili Odessa vilayətini necə qabaqcıl, əhalisi rifahda bulunan diyara çevirir. Əgər sabah buna görə o, Nobel mükafatına layiq görülsə, gərək kimsə təəccüblənməsin.
Bu arada məlum olub ki, yeni qubernator Ukraynada yaradılacaq Dövlət Müəssisələrində İslahatlara Nəzarət Şurasına da rəhbərlik edəcək. Bu, əlbəttə ki, Saakaşviliyə göstərilən etimadın başqa bir göstəricisidir, onun saflığına Ukrayna xalqının inamının təzahürüdür. Bir insan, bir siyasətçi və məmur üçün ən qiymətlisi də elə bu deyilmi?
Belə bir inamı Saakaşvili haqq edib. Baxın, hakimiyyətdə olduğu dövrdə o, Gürcüstanı haradan hara gətirdi, ölkəni hansı relsdən hansı relsin üstünə qoydu, korrupsiya-rüşvətin kökünü necə və hansı inad-zəhmətin hesabına kəsdi.
Hakimiyyətdən gedəndən sonra da gürcü xalqı onun apardığı geridönməz islahatların bəhrəsini görməkdədir. Fakt budur ki, Gürcüstan siyasi-vətəndaş, media, iqtisadi-biznes azadlıqlarına görə necə ildir bölgənin ən qabaqcıl, favorit dövləti sayılır, Güney Qafqazın demokratiya mərkəzi, ən ucuz və keyfiyyətli turizm ölkəsi hesab olunur.
Gürcüstana bölgənin ən təhlükəsiz və insan haqlarının qorunduğu ölkəsi kimi artıq Azərbaycan da daxil, postsovet respublikalarından, Ermənistandan siyasi mühacirlər getməyə başlayıb. Halbuki regionun paytaxtı, mərkəzi dövləti adına ən böyük potensiallı ölkə məhz Azərbaycandır.
Nə yazıq ki, biz bu şansları bir-bir, ildən-ilə əldən verməkdəyik – Qərbdə inteqrasiyadan danışıb Qərbin özünə savaş açmaqla, universal (ümumbəşəri) dəyərlərdən gecə-gündüz söz açıb onlara arxa çevirməklə, demokratik dünyanın haqlı tənqid-iradlarını “biz suveren, müstəqil dövlətik” deyib qulaqardı eləməklə, həbsxanaları günahsız yerə tutulan siyasilərlə, QHT-çilər və jurnalistlərlə doldurub onları məhkəmə hökmü olmadan belə, “cinayətkar” elan eləməklə.
Amma bu zaman nədənsə bizim Qarabağ kimi böyük bir dərdimizin varlığı unudulur. Əgər həqiqətən biz əlahiddə suveren, müstəqil dövlətiksə və heç kim daxili işlərimizə qarışa, dost iradı belə bildirə bilmək haqqına sahib deyilsə, o zaman daxili işimiz kimi Qarabağ konfliktini təkbaşına necə yoluna qoyacağıq görəsən?
Avropa Parlamentinin prezidenti Martin Şultsa “keçmiş alkoqolik” deməklə deyil ki. Həmin Avropa Parlamenti Ermənistanı işğalçı kimi tanıyan, ondan öz qoşunlarını Azərbaycan ərazisindən qeyd-şərtsiz çəkməyi, bir daha ora hərbi qüvvə göndərməməyi tələb edən qətnamə də qəbul edib. Bu da var axı…
Sözü ona gətiririk ki, Azərbaycanda da hər şey, hər kəs öz yerində olsaydı, məmur ordusu, diplomatik korpus öz işi ilə məşğul olsaydı, qanunlara və Konstitusiyaya əməl eləsəydi, ölkəmiz ətrafında xoşagəlməz situasiya da yaranmazdı… Vəzifənin böyük-kiçikliyi önəmli deyil, önəmlsi – o postda ləyaqətlə çalışmaq, öz xalqına, sənə ümid bəsləyən insanlara təmənnasız qulluq eləməkdir. Saakaşvili kimi.
İş də ondadır ki, Saakaşvili doğma yurdundan uzaqlarda, özünün 268 dollarlıq maaşı ilə, Odessa qubernatoru qismində də öz ölkəsinin adına işləyir, Gürcüstanın beynəlxalq nüfuzu üçün, onun suverenliyi və ərazi bütövlüyü üçün çalışır. Bu minvalla Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkibinə daha tez qaytarılacaq, nəinki Dağlıq Qarabağ Azərbaycanın tərkibinə.