“Şəhidlər ölməz, vətən bölünməz”
Vətən dar günlərdə daim şəhidləri ilə, ana torpaq uğrunda canlarını fəda etmiş igidləri, qəhrəmanları ilə öyünüb… O igidlər ki, bu gün də qoynunda doğulub boya-başa çatdıqları, saf suyu, bərəkətli çörəyi ilə bəhrələndikləri Azərbaycan adlı məmləkətin hər bir qarışı üçün yağıların üstünə sonadək addımlayır, ölüm qorxusu nədir, düşünmədən, haqqdan gələn o müqəddəs səs tərəfə- şəhidlik zirvəsinə ucalırlar… Belə vətən fədailərimizdən biri şəhid Təyyar İltifat oğlu Əliyevdir.
Bu gün gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onların vətənə sədaqət və məhəbbət ruhunda böyüdülməsi işləri çərçivəsində rayonun ucqar, zəngin tarixi keçmişə malik, ziyalıları ilə tanınan kəndlərindən olan Yuxarı Cürəli kənd tam orta məktəbdə şəhid Təyyar Əliyevin 21-ci ildönümünə həsr olunmuş kollektivinin yüksək səviyyədə təşkil etdikləri anım mərasimi keçirilib.
Təyyar Əliyev 1975-ci ildə hər kəs kimi dünyaya gəlsə də, fərqli həyat yolu ilə haqqa qovuşdu. 1993-cü ilin oktyabrında valdeynlərinin israrına baxmayaraq, könüllü olaraq Füzuli rayonu uğrunda gedən döyüşlərə qoşulub. Aşağı Abdurrahmanlı kəndində odlu-alovlu döyüşlərdə böyük şücaətlər göstərib, erməni tərəfinə böyük itkilər yaşadıb. Amma onun bu qəhrəmanlığı 1994-cü ilin yanvarında gərgin əməliyyatların birində şəhid olması ilə sonuclanır. İndi Təyyarın Füzuli uğrunda gedən döyüşlərdəki rəşadəti, düşmənə qan uddurması onu tanıyan döyüş yoldaşlarının dillər əzbəridir. Anım mərasimində şəhidimizin qısa mənalı həyat yolunu əks etdirən maraqlı sükutla dinlənilən çıxışlarda qürurdan ürəklər riqqətə gəlirdi… Bəli, söhbət Azərbaycan şəhidindən gedirdi. Vətəninin, torpağının hər qarışını canından, qanından baha tutan Təyyar Əliyev kimi vətən oğlundan, vətən şəhidindən.
Anım mərasimində məktəb direktoru gənc pedoqoq Elçin Qənbərov, kənd məktəbinin məhz həmin məktəbin məzunu olmuş şəhid Təyyar Əliyevin adını daşıması ilə kollektivin fəxr duyduğunu bildirdi. Bu gün bütün pedoqoji kollektiv şəhidimizin adını doğruldacaq, əməli tədrislə, işlə məşquldurlar. Tarix boyu adlarını sadalamaqla bitməyən örnək qəhrəmanlarımız olub, müasir dövrümüz üçün… İbrət alıb gənclərimiz, o möhtəşəm tariximizdən qaynaqlanıb bu günümüz üçün, gələcəyimiz üçün… Bu sədaqət, sadiqlik, vətənpərvərlik hər birimizin içindən gəlməlidir, necə ki, həmkəndlimiz Təyyar içindən gələn sevgisini tariximizə öz qanı ilə yazdı. Bu şərəfli yol hamımızın qürur yeridir, güvənc yeridir, deyə- məktəb direktoru E.Qənbərov vurğulamışdır.
Mərasimdə şəhidin qardaşı Hafiz Əliyev, kənd ziyalısı Ədalət Nuriyev, RİHB-nin məsul işçisi Elşən Musayev, bir vaxtlar şəhidin döyüş yoldaşı olmuş Rövşən Nuriyev, kənd ərazi icra nümayəndəsi Nəcməddin Abbasov, Biləsuvar rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin bölmə rəisi, mayor Müşfiq Səfərov, Qarabağ Əlilləri və Şəhid ailələri ictimai Birliyi Biləsuvar rayon şöbəsinin sədri Bəhruz Əliyev, məzmunlu xatirəli çıxışlarında, Təyyarla daim fəxr etdiklərini, şəhidlərin ölmədiyini, hər zaman ehtiramla yad olunduqlarını bildirirlər. Natiqlər şəhidin qəhrəmanlığından danışarkən, keçdiyi şərəfli ömür yolunun gənclərə örnək olduğunu vurğulamış, igid döyüşçünün ailəsinə göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Xatirə tədbirinin bədii hissəsi mərasimə xüsusi rəng qatdı. Vətənə sevgi, şəhidlərimizə əbədi ehtiram ehtiva edən ədəbi-bədii komozisiyalarla yuxarı sinif şagirdləri hazırladıqları “Şəhidlər ölməz, Vətən bölünməz”, “Ağla qərənfil, ağla” və digər poetik səhnəciklərlə çıxış etmişlər.
Məktəbin hərbi müəllimi Rahim Ağayevin və xarici dil (ingilis dili) müəllimi Azər Əliyevin şagirdlərlə birgə təşkil etdikləri bir neçə saat davam edən anım mərasimi iştirakçıların, eləcə də şəhidin yaxınlarının böyük razılığı və minnətdarlığı ilə qarşılanmışdır. Tədbir təşkilatçıları Rahim Ağayev və Azər Əliyev son olaraq çıxışlarında, məktəbdə bu cür qəhrəmanlıq, vətənpərvərlik ənənələrini tərənnüm edən tədbirlərin bundan sonra da davamlı olaraq keçiriləcəyinə əminliklərini bildirdilər.
Sonda şəhidin 21-ci ildönümünə həsr olunmuş məktəblilərin “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda keçirdikləri atıcılıq və rəsm müsabiqəsinin qalibləri məktəb rəhbərliyinin fəxri fərmanları ilə təltif olundular.
Samir QURBANOV
ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir
Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...