Tibb ocağından minnətdarlıq edirlər
Artıq 5 ilə yaxındır ki, Cəlilabadda cənab Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Müalicə-Diaqnostika Mərkəzi yüksək tibbi xidməti ilə bölgə əhalisinin etibarını qazanıb. Üçmərtəbəli əsas korpusdan, yardımçı binalardan və köməkçi qurğulardan ibarət olan mərkəzdə müayinə və müalicə üçün hər cür şərait var. Səhiyyə ocağı üçmərtəbəli əsas korpusdan, yardımçı binalardan, o cümlədən transformator otağı, qazanxana, mətbəx, camaşırxana, dializ materialları anbarı, patoloji anotomiya binası, keçid məntəqəsi, anbar, avtomobillər üçün qaraj, su anbarından ibarətdir. Mərkəzdə qəbul, hemodializ, poliklinika, şüa-diaqnostika, laboratoriya, inzibati, cərrahiyyə, anesteziologiya, reanimasiya, əməliyyat bloku və ümumi sterilləşdirmə bloku fəaliyyət göstərir. Hemodializ şöbəsində 10 dəst hemodializ aparatı quraşdırılıb, şöbə tam gücü ilə işləyir və 60 xəstə qəbul etmək iqtidarındadır. Mərkəzdə 130-dan çox işçi çalışır, onun 20-dən çoxu həkimdir.
Əməliyyat bloku 4 əməliyyat otağından ibarətdir və otaqların hər birində xaricdə istehsal olunan yüksək keyfiyyətli tibbi avadanlıq quraşdırılıb. Şüa-diaqnostika şöbəsi kompyuter tomoqrafiya və rentgen aparatları ilə təchiz olunub. Poliklinika şöbəsində bütün növ xəstəliklərin müayinəsi və müalicəsi üçün kabinetlər fəaliyyət göstərir. Otaqlar müasir tibbi avadanlıq və mebellə təchiz edilib. 260 nəfərin daimi işlə təmini üçün geniş şəraitli Müalicə-Diaqnostika Mərkəzinin laboratoriya şöbəsində biokimyəvi, mikrobioloji, hematoloji və immunoloji-seroloji analizlərin aparılması mümkündür.
Onu da qeyd edək ki, sözügedən şəfa ocağında bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yüksək ixtisaslı həkimlərdən ibarət kardiocərrahiyyə briqadası tərəfindən Cəlilabad bölgəsində ilk dəfə olaraq tətbiq olunan açıq ürək əməliyyatları keçirilib ki, bu müddətdə ümumilikdə 11 nəfər uğurlu əməliyyatdan sonra sağlam həyat üçün şəfa tapıb.
Bu günlərdə kəskin öd kisəsi ağrısı ilə Cəlilabad müalicə-diaqnostika mərkəzinə müraciət edən Biləsuvar rayonunun İsmətli kənd sakini ağsaqqal pedoqoq Rüstəm Əliyev, ölümün pəncəsindən onu xilas edən ağ donlu mələklərin mərhəmətindən, pasientlərə yüksək tibbi xidmətindən məmnunluğunu ifadə edərək, qəzetimizə minnətdarlıq məktubu ünvanlayıb…
-Hörmətli, Redaksiya! Cəlilabadda belə bir mötəbər səhiyyə ocağının- Müalicə-Diaqnostika Mərkəzinin inşasından çoxdan xəbərdar olsam da, personalın və tibbi xidmətin vəziyyətindən məlumatsız idim… Əlbəttə, paytaxtla müqayisə zəminində, düşüncələrim bu günkündən çox fərqli idi. Bir neçə gün öncə səhhətimdə baş qaldıran kəskin ağrılara tab gətirə bilməməyim məni bu ünvana üz tutmağa məcbur etdi. Halsız vəziyyətdə daxil olduğum tibb ocağında ilk andan- giriş qapısında qeydiyyatçıdan tutmuş, bütün həkimlərin nəzakətini, mehriban davranışını hiss etdim. Dərhal cərrahiyyə şöbəsinə götürüldüm. Şöbənin müdiri, ucaboylu, çevik gənc, gözlərindən peşəsinə vurğunluğu duyulan, hələ aparatlarla müayinəyə başlamadan əlləri ilə ağrılarımı sezib müəyyən edən, həkim ailəsində tərbiyə almış həkim-cərrah İqbal Həsənəli oğlu Dəmirovdur. Həkimin həlim, şirin sorğularına cavab verdikcə, sanki içimdəki ağrılar da azalmağa başlamışdı…
Bir azdan cavab gəldi. Diaqnoz- Laporoskopik xolesistektomiya (daşlı öd kisəsinin empuması, ağırlaşmış vəziyyəti).
Əməliyyat blokuna aparıldım. 2 saatdan artıq davam edən gərgin əməlyyat uğurla başa çatdı. Yaşımın 60-dan yuxarı olduğunu nəzərə alsam, əlbəttə kəskin ağrılarla buraya gələndə, ətrafımdakı doğmalarıma hiss etdirmədiyim yaşamaq ümidlərim də azalmışdı. Həkimim İqbalın güvənli danışıqları, bir dəqiqə belə məni gözdən buraxmayan tibbi personalın səyi nəticəsində əməliyyatın ertəsi gün, ayağa qalxmağım üçün heç bir qorxulu şey qalmadı. Hələlik səhiyyə ocağından buraxmasalar da, özümü çox yaxşı hiss edirəm, bir müddət əvvəl çəkdiyim ağrı-acılar artıq geridə qalıb.
Ömrümün yarım əsrə yaxınını xalqa, millətə xidmətdə, gənc nəslin yetişdirilməsinə həsr etməkdə keçirdiyim üçün bir ziyalı kimi fəxr edirəm. Ölkəmiz ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra respublikamızda səhiyyə ocaqlarının inkişafına, tibbi xidmətin yüksəldilməsinə xüsusi diqqətin verilməsi hər birimizin ürəyindən oldu. Əvvəlki vaxtlardan çox-çox fərqli olaraq tibb müəssisələrimizdə xidmət mədəniyyətinin yüksəldilməsinə olan tələblərin artırılması və bunun rəhbərliyin diqqət mərkəzində saxlanması tibb ocaqlarına gəlmələrin rahatlığını təmin edir. Bu gün şəxsən müalicə aldığım müalicə-diaqnostika mərkəzində baş həkim Eldar Hacıyevin rəhbərliyi altında bir ailə komandası kimi çalışan, əhaliyə tibbi xidmət göstərən kollektivin işlərinə mənəvi qayğıyla yanaşması, hədsiz diqqət-qayğı, daxili qayda-qanunlar, təmizlik, səliqə-sahman, ürəkaçan sanitar-gigiyenik vəziyyət, mehriban münasibət, nəvaziş dediklərimizə əyani sübutdur.
Regional əhəmiyyət daşıyan dioqnostika mərkəzinə hazırda Cəlilabadla yanaşı, Lerik, Yardımlı, Neftçala, Biləsuvar, Salyan, Masallı və digər ətraf rayonlardan müalicə və müayinə üçün pənah gətirənlər var… Hər biri burada tibbi personalın isti münasibətdən zövq alır, bacarıqlı həkimlərin əli ilə şəfa tapırlar.
Elə bu məqamda xoş təssüratlarla adlarını vurğulamaq istədiyim tibbi personallardan- həkim cərrah İqbal Dəmirov, Qeyrət Xəlilov, anestezioloq Qələmşah Əkbərov, Sənubər Manafova, tibb bacısı Maral Əliyeva, gecəni də gündüz kimi çalışan həkim feldşer Şamil Fərəcov, Raci Əsgərov, Rəfiqə Abasquliyeva, Xədicə Aslanova və neçə belə adlarını fərəhlə çəkə biləcəyimiz həkimlərimiz pasientlərin sağlam həyatları naminə, onların tibbi keşiyində yorulmadan dayanıblar.
Hörmətli redaksiya!
Daimi oxucunuz olaraq sizdən xahiş edirəm ki, məni yenidən fəal həyata, pedoqoji və ictimai fəaliyyətimə qaytaran, səhiyyə ocağında təsadüfən tanış olsaq da, qalan ömrüm boyu hörmətlə xatırlayacağım ağ xalatlı dostuma- Cəlilabad Müalicə-Diaqnostika Mərkəzinin cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah İqbal Həsənəli oğlu Dəmirova qəzetiniz vasitəsilə minnətdarlığımı çatdırasınız.
Minnətdarıq İqbal həkim, ailəliklə şəfalı əllərinizi sıxırıq!
Dərin ehtiramla:
Rüstəm Əliyev, Biləsuvar rayonu, İsmətli kəndi, müəllim
ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir
Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...