Rusiya Ukrayna böhranı səbəbindən Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara və daxildə iqtisadi problemlərə baxmayaraq, 2015-ci ilə hərbi xərclərini artırmaq fikrindədir.
Axar.az xəbər verir ki, Rusiya hökuməti 2015-ci ildə hərbi xərcləri 3,032 trilyon rubla (79 milyard dollar) çatdıracaq.
2015-2017-ci illər ərzində büdcədə hərbi xərclərin 20 faizdən çox artırılması planlaşdırılır. 2016-cı ildə 7,8 faiz artması nəzərdə tutulan hərbi xərclər 3,23 trilyon rubla (84 milyard dollar), 2017-ci ildə isə 4 faiz artımla 3,36 trilyon rubla (87 milyard dollar) çatacaq.
Avropa Birliyi Rusiyanın ən böyük 3 silah şirkəti olan Oboronprom, Uralvaqonzavod və Birləşmiş Aviasiya Şirkəti ilə əlaqələri dondursa da, silah istehsalı davam edir. Cari ilin sonuna qədər hərbi doktrinasını yeniləyən Rusiya ordunun modernizasiyası üçün 2020-ci ilə qədər 600 milyard dollar xərcləməyi nəzərdə tutur.
Maraqlıdır ki, Prezident Vladimir Putin Qərblə silah yarışına girməyəcəklərini açıqlamışdı.