“Keçmişi qara olan kim çıxıb bunlara əl uzatsa, böyük məmnuniyyətlə o əli sıxacaqlar”
Ölkə prezidentinin iqtisadi islahatlarla bağlı atdığı addımlar geniş ictimaiyyət tərəfindən təqdir olunur. Anonslardan belə görünür ki, prosesin ardınca hüquqi və siyasi islahatlarla bağlı da çox mühüm addımlar atılacaq. BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bu mövzuda “Yeni Müsavat” qəzetinə geniş müsahibə verərək, maraqlı fikirlər söylədi. Müsahibəni təqdim edirik:
– Qüdrət bəy, dövlət başçısı 2019-cu ilin ilk rübündə islahatlarla bağlı bir sıra addımlar atdı, qərarlar verdi. Amma əksəriyyət əmindir ki, proses davamlı xarakter daşıyacaq. Bundan sonra nələr gözlənilir. Sizdəki informasiyalar, gözləntilər nədən ibarətdir?
– Azərbaycan prezidenti bəyan etdi ki, ölkədə iqtisadi, sosial və məhkəmə islahatları, o cümlədən siyasi islahatlar aparılacaq. Bir neçə gün əvvəl birinci vitse-prezident Mehriban xanım Əliyeva da səfirlərin həyat yoldaşları ilə görüşdə söylədi ki, Azərbaycanda sosial- iqtisadi islahatlar aparılır və bu islahatlar genişləndiriləcək. Bu da onu göstərir ki, artıq ölkənin siyasi rəhbərliyində islahatlarla bağlı tam fikir formalaşıb, qəbul olunmuş ciddi qərarlar var. Mən hər zaman islahatları dəstəkləmişəm və bəyan etmişdim ki, Azərbaycan müxalifəti də bu islahatlara ciddi dəstək verməlidir. Müxalifətin əsas vəzifəsi hazırkı mərhələdə bu iqtidari dəyişmək yox, cəmiyyətin yenilənməsi, dövlət idarəetməsinin modernləşdirilməsi olmalıdır. Biz modern dövlət, cəmiyyət qurmalıyıq. Azərbaycanda indiyə qədər görülən işlər artıq o bazanı yaradıb. İndi biz cəmiyyətimizi inkişafın yeni mərhələsinə keçirməliyik. Bu istiqamətdə də addımlar atılmalıdır. Ölkənin gələcəyini yalnız hakimiyyət dəyişikliyində görən müxalif qüvvələr də var. Bu qüvvələr əsasən, ayrı-ayrı xarici dairələr tərəfindən yönləndirilir, idarə olunur. Onların əsas məqsədi bu islahatlara mane olmaqdır. Öz açıqlamaları ilə iqtidarı qıcıqlandırmağa çalışırlar ki, “siz qorxdunuz, geri çəkildiniz, bu islahatlara gedilməsi bizim mübarizəmizin nəticəsidir”. Həmçinin islahatlara dəstək verən şəxsləri aşağılayırlar. Əslində səmimi olaraq dəyişik istəyən qüvvələr bu islahatları dəstəkləməlidirlər və çalışmalıydılar ki, daha çox insan islahatları dəstəkləsin. Bu islahatlara daxildən də müqavimət göstərən qüvvələr var. Bu qüvvələr daha mühafizəkar, hər şeyin əvvəlki kimi qorunub-saxlanmasını istəyənlərdir.
– Amma prezidentin və birinci vitse-prezidentin iradəsi ortadadır və bu maraqların əksinədir…
– Bəli, ona görə də sizə açıq deyirəm, strateji əhəmiyyət daşıyan postlarda olan və bu islahatlara dəstək verməyən insanlar vəzifələrindən kənarlaşdırılmalıdırlar. Mən bilirəm ki, onları dəyişdirmək də çətindir. Həmin adamlara portfelsiz seromonial vəzifələr də verilə bilər. Amma o insanlar real hakimiyyət səlahiyyətlərindən məhrum olunmalıdır. Radikal müxalifətin bir qismi xaricdən idarə olunur və onlar hazırda canlandırılıblar. Bəzi xarici güclər hökumətə təzyiq edib ondan nəsə qoparmaq istəyir, bəziləri də təzyiq yolu ilə hökuməti islahatlardan çəkindirmək istəyir. Onlar çox istəyirlər ki, Azərbaycan Türkmənistan kimi yarı quldar, yarı feodal dövlət olsun və yalnız təbii sərvətlərin satılması hesabına yaşasın. Yəni bu dövlətin həm beynəlxalq imici zədəli olsun və həm də ölkənin iqtisadiyyatı inkişaf edə bilməsin. İqtisadiyyatı güclü olmayan ölkə də müharibəyə başlaya, torpaqlarını azad edə bilməz. Azərbaycanı bu cür görmək istəyən yaxın və uzaq dövlətlər var, onlar islahatlara bütün gücləri ilə mane olmağa çalışacaqlar. Mən verdiyim müsahibələrdən birində demişdim ki, islahatlar dərinləşdikcə, təxribatların miqyası genişlənəcək.
“Biz bazar iqtisadiyyatına keçmişik, amma ölkəmizdə normal fəaliyyət göstərən birja yoxdur” |
– Sonuncu, “Diqlas” yanğınında təxribat izi ola bilərmi?
– Son sözü istintaq deyəcək. Amma mən o variantı da istisna etmirəm. Əminəm ki, hüquq-mühafizə orqanları o variantı da araşdıracaqlar. Təxribatları bəzi hallarda peşəkarlar, xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edirlər və çalışırlar ki, bu zaman heç bir iz buraxmasınlar, tamam başqa görüntü yaransın. Onun üçün böyük peşəkarlıq lazımdır ki, məsələnin əsl mahiyyətini üzə çıxartmaq mümkün olsun.
– Fakt budur ki, dövlət başçısının bu yanğın olayına operativ reaksiyası və verdiyi qərarlar xeyli qüvvələri məyus elədi, elə deyilmi?
– Tam haqlısınız. Mən bu fikirdəyəm ki, iqtidar kənardan deyilən “ay qorxdu, biz məcbur etdik, xalq öz hüquqlarını tələb etməyə başladı, ona görə də hökumət geri çəkildi” kimi psixoloji hücumlardan nə pərişan olmalı, nə də bundan narahatlıq keçirməlidir. Xalq hərəkatında olmuş, müstəqillik dövründə ölkənin ic