Müsavat Partiyasının son Divan iclasında Qubad İbadoğlunun partiyadan xaric edilməsi barədə
verilmiş qərar müəyyən müzakirələrə səbəb olmuşdu. Bu qərarla bağlı bir sıra şərhlər və mövqelər ortaya qoyulmuşdu.
Qubad İbadoğlunun Müsavatdan çıxarılması barədə Divanın verdiyi qərara Mirbaba Babayev də öz münasibətini açıqlayıb. M.Babayev öz münasibətini facebook sosial şəbəkəsində yaradılmış “Müsavatçılar” qrupu üzərindən yayıb. M.Babayev öz mövqeyini açıqlayarkən Müsavat Partiyasının Nizamnaməsinə əsaslanıb.
Qeyd edək ki, Mirbaba Babayev Müsavat Partiyası Nizamnaməsini ən yaxşı bilən şəxslərdən sayılır.
Aşağıda Mirbaba Babayevin Qubad İbadoğlunun partiyadan xaric edilməsi qərarını Müsavatın Nizamnaməsi üzərindən əsaslandırdığı yazını olduğu kimi diqqətinizə çatdırırıq:
“Divanın Qubad İbadoğlu barədə qərarının Nizamnaməyə uyğunluğu və bu qərarın partiyanın mənafeyinə uyğun olub-olmaması barədə xeyli düşündüm.
Bu mühüm məsələyə, bitərəf mövqedən öz qiymətimi verməyə çalışdım. Hər iki tərəfdə olan möhtərəm dostlar, fikirlərimdə səhvə yol vermişəmsə göstərin, səhvimi düzəltdiyiniz üçün minnətdar olaram.
1. Müəyyən nöqsanlara yol verilsə də, həqiqətən demokratik keçirilən seçkilərdə bir namizəd lazımi səs toplayaraq başqan seçildi, lakin ikinci namizədin səsləri başqan seçilən şəxsin səslərindən az fərqləndi. Normal cəmiyyətlərdə belə hal adi qarşılanır və uduzan tərəf qalibin əlini sıxıb, sonrakı seçkilərə qədər gözləyir.
Partiyamızda böhran yaranmasının səbəbi bu oldu: uduzan tərəf, arxasında xeyli müsavatçının olduğunu görərək, seçkilərin nəticələrini tanımaq istəmədi, yalnız bir şərt qoydu ki, yeni Qurultay keçirilsin; udan tərəf isə yeni seçki keçirilməsini lazım bilmədi.
Yaranmış vəziyyətdə kim haqlı idi? Nizamnamədə tələb olunan səsləri toplayıb, Qurultayın qərarı ilə başqanlığı legitimləşən Arif Hacılı və tərəfdarları, yoxsa yeni Qurultayın çağrılmasını tələb edən, başqa heç bir kompromislə razılaşmayan Qubad İbadoğlu və tərəfdarları? Nizamnaməyə və hüquqa əsaslanan cavab hamıya aydındır.
Əlavə edim ki, əgər Arif Hacılı və tərəfdarları güzəştə gedib yeni Qurultay çağrılmasına razı olsaydı, başımız yeni Qurultaya hazılığa qarışacaq, əsas məqsədlər uğrunda mübarizə kənarda qalacaqdı. Lakin bu güzəştin daha böyük zərəri, zənnimcə, bu olardı ki, xoşagəlməz bir presedent yaranardı (partiyanın başqanlığına və müxtəlif strukturlarına gələcək seçkilərdə müəyyən səs toplayan namizədlər, əsassız olsa da, oxşar iddialar qaldırmaq fikrinə düşərdi).
2. Seçkiqabağı kampaniyada bir-birinə “qurşaqdan aşağı zərbələr” vurmuş tərəflər (hesab edirəm ki, əslində bizim ən böyük xətamız, belə davranışın qabağını vaxtında ala bilməməyimiz oldu) Qurultaydan sonra da bu davranışı davam etdirdilər: tərəflər arasında çat böyüdü.
Yaranmış vəziyyətdən yeganə çıxış yolu ancaq iki tərəfin birgə müzakirəsindən keçirdi (başqa çıxış yolu görən varsa, desin). Bunun üçün isə tərəflər ən azı görüşməliydilər. Bunu başa düşən Arif Hacılı dəfələrlə Qubad bəyi birgə müzakirəyə dəvət etdi (bu dəvətlərdən birinin mən şahidiyəm-Arif bəy dedi ki, sənin üçün hansı gün, hansı saat əlverişlidirsə, de, görüşək), ancaq Qubad İbadoğlu hay vermədi.
Qubad bəy və tərəfdarları yeri gəldi, gəlmədi partiya başqanının (eləcə də Məclisin, Divanın və MNTK-nın) legitim olmadığını bəyan edir, bu təbliğat nəinki qəzetlərə, hətta hakimiyyətin buyuruq qulu olan televiziyalara çıxırdı. Bu, ciddi Nizamnamə pozuntusu idi (Nizamnamənin 1.9 maddəsinin 4-cü bəndi: “Partiya üzvünün aşağıdakı vəzifələri vardır: … – partiyadaxili intizama riayət etmək və partiyadankənar fəaliyyətində partiyanın nüfuzunu qorumaq”).
3. Dörd aydan artıq müddətdə davam edən bu vəziyyəti aradan qaldırmaq üçün Divan Qubad bəyi öz yığıncağına çağırdı. Ancaq Qubad bəy, özünü Partiya orqanlarına qarşı qoydu.
Divanın 02.02.15-ci il tarixli iclasına ona görə qatılmadı ki, hansısa təşkilatın yığıncağında olmalıdır-guya bu təşkilatın hansısa yığıncağı Qubad bəyin üzvü olduğu Müsavat Partiyasının Divanının yığıncağından daha mühümdür. Divan güzəştə getdi və onun xaricə səfərini nəzərə alıb növbədənkənar yığıncaq çağırdı. Qubad bəy Divana gəlsə də, onun 2 müşahidəçisinin iştirakına icazə verilsə də, Divanın iclasına qatılmadı. Bu artıq Partiyaya, onun rəhbər orqanlarına meydan oxumaq deməkdi. (Nizamnamənin Preambula hissəsinin 7-ci bəndi: “ 7. Partiya orqanlarının qərarları özündən aşağı orqanlar və partiya üzvləri üçün məcburidir”). Əslinə qalsa, 7-ci bəndin pozulması çoxdan- başqan seçkisi barədə Qurultayın qərarına qarşı kampaniya aparandan başlamışdı.
Qubad bəyin Divanı tərk etməsinin səbəbi barədə yeganə dəlili bundan ibarətdir ki, videoyazılışa icazə verməyiblər. Divanın bu qərarını qüsurlu hesab edirəm (icazə verilsə idi yaxşı olardı), lakin bu qətiyyən Nizamnamə pozuntusu kimi qiymətləndirilə bilməz. (Nizamnamənin 4.10 maddəsi: ” … Divanın iş qaydasını onun özü müəyyən edir.”). Divan hətta qapalı iclas da keçirə bilərdi, halbuki Qubad bəyin 2 müşahidəçisinə iştirak etməyə və audioyazılışa icazə verilib.
Bunları nəzərə alaraq, özüm üçün belə bir qərara gəldim: Qubad İbadoğlunun Patiyadan çıxarılmasını rəhbər orqanları tənqid etdiyinə görə izah edən şaiyələr tamamilə əsassızdır. Partiya Nizamnaməsinin Preambula hissəsinin 7-ci maddəsini (“ Partiya orqanlarının qərarları özündən aşağı orqanlar və partiya üzvləri üçün məcburidir”), 1.9 maddəsinin 4-cü bəndini (“Partiya üzvünün aşağıdakı vəzifələri vardır: … – partiyadaxili intizama riayət etmək və partiyadankənar fəaliyyətində partiyanın nüfuzunu qorumaq”) dəfələrlə pozduğuna və belə pozuntuların qarşısını almaq üçün heç bir imkan saxlamadığına görə Divanın Qubad bəy barədə çıxartdığı qərar Nizamnaməyə uyğundur.
Qubad bəy kimi bir mütəxəssisin Partiyadan çıxarılması, sözsüz ki, böyük itkidir, ancaq 4 ayın təcrübəsi göstərdi ki, Partiya ilə davranış tərzini dəyişmədən onun Partiyada qalması daha böyük itkiyə, anarxiyaya səbəb olardı. Divanın qərarı Partiyanın mənafeyinə uyğundur.
P.S. Biz yeni bir təcrübə qazandıq. “Söz azadlığı” prinsipinə Partiyada əsas prinsiplərdən biri kimi riayət olunmalıdır, lakin tək bu prinsipi əsas götürüb Nizamnamənin digər bəndlərinin pozulmasına yol vermək olmaz-bu, anarxiyaya gətirər”.
Musavat.com