“Onların hamısının yeri həbsxanadır” – Behrudidən Nardaranla bağlı şok ittihamlar

17

“TALEH BAĞIRZADƏNİN NEÇƏ MAŞINI, SÜRÜCÜSÜ VAR VƏ ÜSTƏLIK CANGÜDƏNLƏRLƏ GƏZIR. BU PUL ONDA HARDANDI?”

“Nardaranda dünən baş vermiş dəhşətli hadisələrdə İranın barmağı var”.

Bunu AzNews.az-a şair, ictimai xadim Rüstəm Behrudi deyib.

Onun sözlərinə görə, bu hadisələrlə bağlı əlinə bayraq götürən, etiraz edən bütün insanlar həbsə atmaq lazımdır:“İslam nə deyir? İman gətirmək. İman gətirmək isə bir şeyi qəlbi ilə təsdiqləməkdir. Nardaran camaatı bilmir ki, ibadət eləmək, Allaha inanmaq Allahla ünsiyyət yaratmaqdır. Gərək, oturub namazını qılasan, Allahın qoyduğu qayda-qanunlara riayət edəsən. Bunu evdə də etmək olar, məsciddə də. Əlinə bayraq götürüb, hay-küy qaldırmaq, siyasi şüarlar səsləndirmək ibadətdirmi? Bütün hallarda bu adamları qınayıram. Bu adamlar Azərbaycan dövlətçiliyinə, xalqına qarşı işləyənlərdir. Onların hamısının yeri həbsxanadır”.

R.Behrudi qeyd edib ki, bu hadisədə iştirak edənlərin çoxu Nardaran camaatı deyil, kənardan gələn İran casuslarıdır: “Haradasa bir yanlışlıq var. Harada Allahu-əkbər sözü var, orada qan-qada, döyüş-vuruş gedir. Bilirəm, bu açıqlamamdan sonra mənə qarşı yenə təhqirlər başlayacaq. Amma bu məsələlərə heç kim biganə qalmamalıdır. Bəlkə də bu hadisədə iştirak edən Nardaran camaatı deyil, kənardan gələnlərdir, ancaq, belədirsə, camaat çıxıb sözünü deməlidir. Amma hadisələri başqalarının törətdiyi barədə kimsə bir söz demir. Ona görə də bütün hallarda Nardaran camaatının hərəkətlərinin əleyhinəyəm”.

Şair vurğulayıb ki, Azərbaycan xalqı Quranı-Kərimi başının üstünə qaldırıb: “Biz Quranı başımızın üstünə qaldırdıq. Amma demədik ki, kimsə bundan təxribatçı əməlləri üçün istifadə etsin.

Dövlət Nardaran hadisələrində qətiyyətli qərar verib, hamını yerində oturtmalıdır. Gedin, ibadətlə məşğul olun, siyasətlə yox. Bunun yolu budur. Əgər dövlət bu dəfə də qətiyyətli addım ata bilməsə, sonu pis nəticələnəcək”.

R.Behrudinin fikrincə, bayrağına İran İslam Respublikasının şüarları yazılan, islam təşkilatı olanların hər biri başqa məqsədlərin daşıyıcısıdır: “Taleh Bağırzadənin neçə maşını, sürücüsü var və üstəlik cangüdənlərlə gəzir. Bu pul onda haradandır? Biznesi yox, pul qazanan deyil. Xaricdən Azərbaycan dövlətinin əleyhinə işləyənlərin puludur. Azərbaycanın qanına susayanların haram paralarıdır”.

Bahar RÜSTƏMLİ