Ekspertlər baş verənlərdən narahatdırlar və bunu əmək qanunvericiliyinin pozulması hesab edirlər
Neftin qiymətində olan ucuzlaşma Azərbaycanda ixtisarlara səbəb olub. Bununla bağlı artıq yanvar ayında böyük bir proses başlanıb və ilin sonunadək davam edəcəyi gözlənilir.
Son olaraq, “Karasu Development Company”də ixtisarlar başlanıb. Şirkətin hüquq departamentinin rəhbəri Anar Qurbanov bildirib ki, aparılan ixtisarlar dünya bazarlarında neftin kəskin ucuzlaşması ilə əlaqədardır: “Bildiyiniz kimi, dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşıb. Bununla əlaqədar şirkət optimallaşdırma siyasəti aparır. Müvafiq ştat strukturlarında dəyişikliklər edilir”.
Bununla yanaşı, şirkət rəsmisi ixtisarların neçə işçiyə şamil olunduğunu deməyib (APA). Ancaq bildiriş verilən işçilərin sayının 500 nəfər olduğunu bildirilir.
Qeyd edək ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə musavat.com-a bildirib ki, artıq fevralın əvvəlindən işçilərə xəbərdarlıq edilib: “Əsasən 50-59 yaşlı işçilər ixtisar edilir. İxtisar olunanların əksəriyyəti yaxşı mütəxəssislərdir. Amma bu yaşdan sonra onlara iş tapmaq çox çətin olacaq. Şirkət rəhbərliyi ixtisarları neftin kəskin ucuzlaşması ilə əlaqələndirir”.
Hüquq müdafiəçisi qeyd edib ki, ixtisarlar “Karasu Development Company”nin daxil olduğu “Global Energy Azerbaijan Group”un digər strukturlarında da aparılır. M.Qəhrəmanlı həmçinin deyib ki, müxtəlif əməliyyat şirkətlərində təxminən yüz nəfər işçi məcburi məzuniyyətə göndərilir və bu proses hər ay davam edəcək.
Qeyd edək ki, yanvarın 15-dən “Qarasu” Əməliyyat Şirkətinin Şirvanda yerləşən neft mədənlərində işləyən işçilərin 15 faizinin öz hesablarına məzuniyyətə buraxıldığı bildirilir. Bu prosesin hər ayın 15-də eyni səviyyədə aparılacağı da vurğulanır. Növbəti ayda daha 15 faiz işçinin məzuniyyət adı ilə işdən çıxarılacağı ehtimalı var. Baş verənlər böhranla və inflyasiya ilə əlaqələndirilir.
Ekspertlər isə bildirirlər ki, bu, neft şirkətindəki ixtisarlarla bağlı ilk xəbər deyil. Neftin qiymətinin kəskin düşməsi fonunda bu ixtisarların daha da artacağı proqnozlaşdırılır. Bildirilir ki, hökumət baş verənlərin ixtisar kimi gündəmə gəlməməsi üçün prosesi başqa adlar altında həyata keçirir. Bu isə əmək qanunvericiliyinin pozulmasıdır.
Həmçinin, ekspertlər qeyd edirlər ki, ölkədə aparılan bu cür ixtisarların fonunda əhalinin banklara borcu yığılıb qalır və ödənməyən, ödənilməsi mümkün olmayan kreditlərin həcmi artır. Belə ki, ölkədə fəaliyyət göstərən maliyyə-kredit təşkilatları tərəfindən 2014-cü ildə ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşunun strukturunda problemli kreditlərin xüsusi çəkisi artıb. Həmçinin istehlak kreditlərinin də çəkisi çoxalıb.
Mərkəzi Bankın rəsmi açıqlaması göstərir ki, 2015-ci il yanvarın 1-nə olan məlumat ürəkaçan deyil. Belə ki, ölkədə istehlak kreditləşməsi ötən il ərzində 24,41 faiz, xüsusi çəkisi isə 1,4 faiz bəndi artıb. Lakin 2014-cü ildə istehlak kreditləşməsinin artım dinamikası 2013-cü ilə nisbətən 19,56 faiz zəifləyib.
Ölkədə fəaliyyət göstərən maliyyə-kredit təşkilatları tərəfindən 2014-cü ildə ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşunun strukturunda isə problemli kreditlərin xüsusi çəkisi artıb. 2015-ci il yanvarın 1-nə ölkə iqtisadiyyatına qoyulan cəmi kreditlərin 976,3 milyon manatının və ya 5,3 faizinin ödəniş vaxtı keçib.
Ötən ilin əvvəlinə bu göstərici 792,8 milyon manat və ya 5,1 faiz olub. Əvvəlki ayla müqayisədə isə problemli kreditlərin həcmində azalma müşahidə edilib. Belə ki, 2014-cü il dekabrın 1-nə məcmu kreditlərin 5,4 faizinin və ya 981,5 milyon manatının vaxtı keçib.
Qeyd edək ki, ölkə iqtisadiyyatına kredit qoyuluşu 2014-cü ildə 20,23 faiz artaraq bu ilin yanvarın 1-nə 18,543 milyard manat təşkil edib. Məcmu kreditlərin 41,7 faizi və ya 7,732 milyard manatı istehlak kreditləşməsinin payına düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə isə, 2014-cü ilin yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği artıb. Bu məbləğ 19,1 faiz artaraq, əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla, 18,2 milyard manata çatıb. Kreditlərin 79,5 faizi uzun müddətə verilib, 5,4 faizinin isə ödəmə vaxtı keçib.
Ekspertlərə görə, ölkə əhalisinin banklara olan borcu narahatedici səviyyədədir. Ölkədə hələ ixtisarların başlanmadığı, neftdən milyardlarla vəsait gəldiyi dövrdə əhalinin banklara borcu kifayət qədər böyük məbləğdir. Bu prosesin dünyada neftlə bağlı yaşananların fonunda daha da sürətlənəcəyi gözlənilir. Yəni bir müddət sonra işsizliyin kəskin artması həm də vətəndaşların kəskin borcla yüklənməsinə səbəb olacaq.
Nəticədə isə banklarla müştərilər arasında problemlərin yaranacağı və məhkəmə çəkişmələrinin ortaya çıxacağı istisna deyil.