Uşaq olanda televiziyada tez-tez “Qıdı Kirvə” deyə bir adam göstərərdilər və bu Qıdı Kirvə ekranda peyda olan kimi evdəkilər uğunub-gedərdi gülməkdən.

Çox balaca idim, teatrın, kinonun, televiziya tamaşasının nə olduğunu bilmirdim, indiki kimi müəlliflərə, üslublara deyil, obrazlara, personajlara maraqlı idim, Qıdı Kirvə də onlardan biri idi.

Sosial şəbəkələrdə bəzi yazarlarımızın Cəlil Məmmədquluzadəni “Novruzəli” hekayəsində Azərbaycan kəndlisini erməni uşağın ayağına verməkdə ittiham etdiyini oxuduqca o uzaq uşaqlığımın gülməli, yastı-yastı danışan, lopabığ, kök arvad kimi gen paltarlar geyinmiş tösmərək personajını xatırlayıram – Qıdı Kirvəni. Sonralar ekranlardan yoxa çıxan o erməni kəndlisini.

 Son 200 ildə Rus-Osmanlı müharibələrinin nəticəsində ruslarla ortodoks xristian əlbirliyi nümayiş etdirərək fürsət tapdıqca türklərə açıq və gizli şəkildə əl qaldırmağa cəsarət etsələr də, türk, o cümlədən, Azərbaycan ədəbiyyatında düşmən erməni obrazına rast gəlmirik, son illərin bəzi sənət əsərlərini çıxmaq şərtilə.

Yaradıcı təxəyyülümüz erməniləri daha çox komik və hiyləgər personajlar kimi xatırlayır, məsələn, Axundovun “Hacı Qara” komediyasında ruslara cuğulluq edən camış alverçisi, Vaqif Mustafayevin “Bəyin oğurlanması” filmində altdan-altdan hamıya göz qoyan erməni bərbəri kimi.

Türkiyə romanlarında isə ermənilər daha çox erməni qadınları ilə təmsil olunurlar; əksəriyyəti də fahişəxana (türklər “genel ev”, yaxud “randevühane” deyirlər) işlədən qadınlardır, xüsusilə İstanbulun Bəyoğlu səmtinin erməni qadınları türk romançılarının daimi “sakinləridir”.

Əsasları da var, çünki son illərə qədər Türkiyənin “Genelev patroniçesi, vergi rekortmeni Matild Manukyan” kimi tanınan erməni əsilli qadın fahişəxanalardan götürdüyü gəlirlərlə altı dəfə vergi rekordu qazanmış bir iş adamı idi.

Ermənilərin türklərə bu qədər pataloji düşmənçilik bəsləməsinin qarşısında nə üçün türk ədəbiyyatında düşmən erməni obrazı yox?

Daha sonra verəcəyim izaha keçməzdən əvvəl qulağımızın dibində yazılan dünya ədəbiyyatından bir nümunə gətirəcəyəm: böyük rus yazıçısı Lev Tolstoyun “Hacı Murad” əsərini.

Çox güman, dövrünün Osmanlılarından dəstək alaraq ruslara Qafqazda qan udduran Şeyx Şamilin yaxın silahdaşı, deyilənə görə, sonra ruslar tərəfə keçsə də, sonda yenə onlarla döyüşərək ölən Hacı Muradın, Tolstoyun sözləri ilə desək, Qafqazda “rus donuzlarını necə döyməsini hamı bilirdi”.

Amma böyük rus yazıçısı “Hacı Murad” əsərində bu amansız rus düşməninin mərd, qorxmaz obrazını yaradaraq, onu rus ədəbiyyatında müsbət bir qəhrəman kimi əbədiləşdirdi. Bu “düşmənsevərlik” Tolstoya haradan gəlirdi? Bu yerdə biz sənətin siyasət anlayışı ilə siyasətin sənət anlayışını bir-birindən ayırmalıyıq.

Tolstoy Hacı Murada Rusiyanın düşməni kimi baxsaydı, onu Rusiyanın rəqibi kimi göstərmiş olacaqdı. Bu isə dünya gücü olmağa can atan, imperativ maraqların peşində olan Rusiyanı kiçiltmək demək idi. Tolstoy Hacı Muradı Rusiyanın düşməni kimi göstərib onu ucaldacağını, öz dövlətini isə əyalət iddiaları ilə yaşayan bir xanlıq səviyyəsinə endirəcəyini bilirdi.

Tolstoyun gözündə Rusiyanın düşməni Fransa və onun Misirdən Moskvaya, İtaliyadan Suriyaya qədər əraziləri zəbt etmiş Napoleon ola bilərdi. İstanbulu ortodoks xristianlarının əlindən almış Osmanlı sultanı ola bilərdi. Tolstoy Rusiyanın qarşısında Napoleonla Hacı Muradı eyniləşdirə bilməzdi. Sənətin siyasəti buna yol verməzdi. Odur ki, Tolstoy Hacı Muradı öz oğlunun əzişdirdiyi qonşu uşağı kimi əzizlədi.

Ermənilər də uzun illər türk xalqlarının arasında etnik bir xalq kimi yaşayıblar. Tarixin heç bir dönəmində türklərin qarşısında qarşı tərəf kimi çıxış etməyiblər, rusların himayəsi altında keçənə qədər türklərin himayəsinə sığınıblar. Hətta bu gün də avropalıların ermənipərəstliyinin altında ermənilərə kiçik xalq kimi duyulan yazıqlıq hissi dayanır.

Türk yazarı, hazırkı Türkiyənin Azərbaycana görə Ermənistana soyuq münasibət bəsləməsinin düzgün siyasət olmadığını “savunan” Murat Belge “Ermənilər ədəbiyyatda” kitabında Ermənistana səfəri zamanı orada bir alman deputatdan eşitdiyi sözləri qeyd edir. Alman deputat ermənilərə olan sevgisini belə izah edir:

“Çox azsaylı bir xalqdır, azsaylı olmaları onlara qarşı avtomatik simpatiya hissi yaradır, çox əzablar çəkmiş olmaları bu simpatiyanı daha da artırır. Başlarına gələnlər nəticəsində dağılıblar, onlar da yəhudilər kimi dörd bir yana səpələniblər”.

Bəlkə də, alman deputatın “yəhudilər kimi dörd bir yana səpələnmiş” ermənilərə bəslədiyi mərhəmət duyğusu babalarının dörd bir yana səpələnmiş yəhudilərə qarşı sərgilədiyi nifrət duyğusunu, türklər demiş, “bertaraf etmək” üçündür. Görünür, almanların yəhudi nifrəti özünü erməni məhəbbətində günahdan arınmış hiss edir.

Rus ədəbiyyatı çeçenlərə düşmən gözü ilə baxıb onları Rusiyanın rəqibi kimi şöhrətləndirmək istəmədiyi kimi, türk ədəbiyyatı da erməniləri düşmən göstərib özünü öz düşməni ilə kiçiltmək istəməyib. Bu, sənətin siyasətdən fərqli olaraq, cari hadisələrdən deyil, dərin duyğulardan güc almasının nəticəsidir.

Sənət həmişə zəif bildiyinə mərhəmətlə yanaşıb. Ermənilərin Azərbaycan ədəbiyyatında düşmən obrazının olmamasının səbəbi onların həmişə himayəyə ehtiyacı olan zəif, yazıq bir xalq kimi milli yaddaşımızda qalmalarıdır. Baxmayaraq ki, son iki yüz il ərzində qoca, uşaq, qadın demədən həmişə fürsət düşən kimi bizi qanımıza qəltan ediblər, yenə də ədəbiyyatınımızın gözündəki o cılız, yazıq obrazlarını dağıda bilməyiblər. Hətta məncə, onlar məhz bizim gözümüzdəki bu yazıq, başıqapazlı obrazını dağıtmaq üçün bu qədər amansızlıq, vəhşilik ediblər.

Türkü öz düşmənlərinə çevirməklə tarix səhnəsində boy göstərməyə can atıblar. Ancaq kor-kor, gör-gör, ədəbiyyatımız hələ də ermənilərin bizə düşmən ola biləcəyini qəbul etməyi milli qürurumuza yaraşdırmır.

Ermənilər bizim təxəyyülümüzdə hələ də Qıdı Kirvədirlər ki, Qıdı Kirvə!