Milli Şuradan çıxmağıma heyfislənmirəm. Yanlış məlumat yaydıqlarına, işlərini-güclərini xırda ədavət, dedi-qodu və şər-böhtana sərf etdiklərinə acıyıram. Xalq müxaifətdən ümid və çıraq gözləyir. Bunların işi xırdaçılıq. Buna əhəmiyyət vermirəm. Yolunuz açıq olsun.
Şükür Allaha, alnımız açıq, yolumuz bəlli. Azərbaycanda yeni nəsil siyasətçilər yetişəcək və onlar cəmiyyətə təqdim olunacaq. Fərqli bir müxalifət, fərqli bir baxış və fərqli bir Azərbaycan yarada biləcəyik. Kaş ki, elə o fərqli Azərbaycanı siz yarada biləydiniz. Amma, 30 ilə yaxındır eyni simalar və eyni çıxışlar. Daha bəsdir. Özümə söz vermişəm ki, heç kimi tənqid edən deyiləm və buna zamanım da yox. Bəsdirin müxalifətlə didişdiniz, bir gün də heç olmazsa, YAP-la savaşın.
Hazırda gündəliyimdə nə Milli Şura var, nə də başqa kəslər. Əgər doğru-dürüst müxalifətçilik edəcəksinizsə, buyurun, yox, əgər yenə də özünüzü müxalifətdə saxlamaq üçün mübarizə edəcəksinizsə, o zaman bunun axırı yoxdur. Çünki yeni insanlar, yeni siyasi simalar astanadadır. Onların gördüyü işlər və xalqla təması, zatən hər yeri aydınladacaq. Qaranlıq yer qalmayacaq və heç kəsin də nə müxalifət adı altında, nə də lider adı altında gizlənmək imkanı olmayacaq.
Mənim mübarizəm iqtidarladır. İqtidar Azərbaycanı özününküləşdirib. Bu praktikanı sonlandırmaq və hakimiyyəti xalqa kağız üzərində yox, əməldə qaytarmaq lazımdır. Elə bir Azərbaycan ki, orada demokratiyanın imitasiyasına yol verilməsin. Biz bunu bacarmaq əzmindəyik. Bacaracağıq.