Bu qədər borcunu qaytarmayan, bir mənzili beş adama satan, başqasının haqqına girən, əxlaqsızlıq, əyyaşlıq edən, ailəsinə iztirab verən tanıdığım çox sayda insan övladı var ki, yüz dəfə söz deyilir, lakin xəcalətdən öləninə rast gəlmirsən. Hər halda özümü inandırdım ki, bu tülkü törətdiyi əməllərdən xəcalət çəkdiyinə görə ölüb və xeyli üzüldüm.
Millət vəkili Fazil Mustafa öz “facebook” səhifəsində mənzil maxinasiyaları ilə məşğul olan işbaz dələduzların gələcək aqibətini əks etdirən status paylaşıb. Mözvu ciddi maraq doğruduğu üçün Elchi.az AİM.Az-a istinadən həmin qeydi oxucularına təqdim edir:
“Bir ildən artıqdır bağımıza tülkü dadanmışdı. Bir ilin bilançosu çox ağır: 22 toyuq, 2 qırqovul, 4 göyərçin. Acdır, iki-üçünü yesə anlaşılandır, girib hamısını məhv edib. Qonşulara vurduğu zərər də elə təqribən bu qədər olar. Bir ildir ki, həyətdə tələ qurub tülkünün yolunu gözləyirdik ki, əməllərinə görə cavab versin, hər dəfə hiyləgərliklə bütün qurğulardan xilas ola bilirdi. Dünən günorta təsadüfən tələyə diqqət yetirəndə tülkünü görüb xeyli təəccübləndim. Özünün tələf etdiyi göyərçinin ölmüş vücuduna aldanaraq tələyə düşmüşdü. Taqətsiz vəziyyətdə idi. Demək ki, iki gündür tələyə düşüb, ac-susuz qalıb. Bizim də xəbərimiz olmayıb…
Zərərçəkmişlərə xəbər verdim, çünki hamının bu tülkü ilə haqq-hesab çəkməyi necə səbrsizliklə gözlədiyini bilirdim. Təbii ki, sərt cəza barədə düşünmürdüm, diri-diri zooparka-filana təhvil verməyi planlaşdırırdım. Qəfəsə yaxınlaşıb tülküyə xitabən zarafatla söylədim ki, heç utanmadın bu qədər toyuq-cücəni məhv etdin? Bu zaman gördüm ki, başını yerə qoyub öldü. Qəfəsin içinə nə qədər su tökdümsə, xeyri olmadı, artıq iş işdən keçmişdi. Hər halda belə anlaşıldı ki. təkcə aclıqdan, susuzluqdan deyil, həm də xəcalətdən ölüb.
Bu qədər borcunu qaytarmayan, bir mənzili beş adama satan, başqasının haqqına girən, əxlaqsızlıq, əyyaşlıq edən, ailəsinə iztirab verən tanıdığım çox sayda insan övladı var ki, yüz dəfə söz deyilir, lakin xəcalətdən öləninə rast gəlmirsən. Hər halda özümü inandırdım ki, bu tülkü törətdiyi əməllərdən xəcalət çəkdiyinə görə ölüb və xeyli üzüldüm. Həm də bir məqam ibrətamizdir ki, demək səbrlə gözləsən, enində-sonunda bütün tülkülər gəlib tələyə düşəcəklər”.
AİM.Az