Millət vəkilindən düşündürücü mesaj: “Əyalət təfəkkürlü birisini hakimiyyətə gətirib Azərbaycanı Türkmənistana çevirə bilərlər”

102

Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev bir çox ciddi mesajları incə üsullarla cəmiyyətə çatdırmağı bacaran siyasilərdəndir. Onunla budəfəki ayaqüstü söhbətimizdə dilə gətirdiyi bir cümlə də mənə qətiyyən gəlişigözəl görünmədi “Xarici güclər əlaltılarından istifadə edib ölkədə sabitliyi pozub, bunun nəticəsi olaraq  əyalət təfəkkürlü, pisxi qüsurlu birisini  hakimiyyətə gətirib buranı Türkmənistana çevirə bilərlər”-deyən Q.Həsənquliyevin, zənnimcə, bir bildiyi var idi və millət vəkili həm topluma, həm də hakimiyyətə fırtınaöncəsi SOS sıqnalı verirdi.

Qüdrət Həsənquliyevin Ovqat.com-a müsahibəsini təqdim edirik:  

-Qüdrət bəy, ölkə  daxilində baş verənləri necə qiymətləndirirsiniz?

-Cəmiyyət sakit templə, mövcud problemlərlə birlikdə inkişaf edir. Kadrlar bir-birini əvəz edir,Qarabağ danışıqları davam etdirilir. İnkişafın yeni mərhələsinə keçid və Qarabağı azad  etmək isə hələlik alınmır. Amma bu istiqamətdə müəyyən işlər görülür. Bizə ümid etmək qalır ki, hansısa mərhələdə biz qarşıya qoyulan məqsədlərə çatacağıq.

-Sakit templə inkişaf Sizi qane edirmi?

-Mən iqtidarla əməkdaşlığın zəruriliyini qəbul edən müxalifət partiyasının sədri kimi hər zaman dərinləşdiriləcək islahatların bizə düşmən olan xarici və onların himayəsində olan daxildəki pozucu qüvvələrə  müəyyən imkanlar yaradacağını qeyd etmişəm. Amma onu da vurğulamışam ki, islahatlardan imtina ölkəni inkişafdan saxlayacaq və daha böyük risklərə yol açacaq. Ola bilməz ki, islahatların, idarəetmənin təkmilləşdirilməsinin zəruriliyindən danışan iqitidar bütün bunları görməsin. Görünür, bizim bilmədiyimiz çoxlu faktorlar bu prosesi ləngidir.

-Sizcə, həmin faktorlardan həlledicisi nə ola bilər?

-Məncə, xalqın potensialına inamsızlıq belə bir fikir formalaşdıra bilər ki, xarici güclər əlaltılarından istifadə edib ölkədə sabitliyi pozub, bunun nəticəsi olaraq  əyalət təfəkkürlü, pisxi qüsurlu birisini  hakimiyyətə gətirib buranı Türkmənistana çevirə bilərlər. Bu da ölkəni on illərlə geri atar. Demokratiya bir yana, heç  Qarabağ da yada düşməz. Hazırda Liviyada yaşanan vətəndaş müharibəsi buna əyani nümunədir.

-Sosial şəbəkələrdə inqilaba çağırışlar barədə nə düşünürsünüz?

Biz həmişə arzulamışıq və o istiqamətdə çalışırıq ki, xalqımızın siyasi dünyagörüşü Qərb ölkələrinin səviyyəsinə çatsın, amma bu o demək deyil ki, biz o səviyyədə geri qalmışıq ki, insanlarımız kriminal, tərbiyəsiz şizofreniklərin çağırışına əhəmiyyət versin. Bəziləri öz məqsədlərinə çatmaq üçün xalqımızı ,öz ailə üzvləri daxil nalayiq formada təhqir edirlər. Çünki  ailə üzvləri də başqaları kimi onların çağırışlarına əhəmiyyət vermirlər.

-Xalqımızın siyasi dünyagörüşü barədə danışdınız, Sizi nə qane etmir?

-Bilirsiniz, yüz illər ərzində repressiyalar və əsarət  altında yaşayan xalqlarda mütilik, itaətkarlıq və bunlardan doğan mənfi keyfiyyətlər formalaşır və dərinləşərək, mentalitetə çevrilirır. Cəmiyyəti dərk etməyə başlayan uşaqlar valideyinləri kimi davranmağa başlayır və bir neçə nəsildən sonra bu artıq genetik koda çevrilir . İnsanlarda formalaşdırılmış keyfiyyətlər genlərlə növbəti nəslə ötürülür. Mentalitetin dəyişməsi üçün isə bir neçə nəsil dəyişməlidir. Məsələn,1937 -ci il repressiyaları zamanı bir yazıçı digər yazıçı dostunu antisovet fəaliyyətdə ittiham edib satırdı. Ona görə yox ki, ona nifrət edirdi, onun ailəsinin, özünün böyük mərhumiyyətlərlə üz-üzə qalmasını istəyirdi. Yox, sadəcə özünün “sadiq” sovet vətəndaşı olduğunu sübut edib fiziki varlığını qoruyub saxlamaq üçün dostunu ölümə göndərirdi. Qorxu altında ali, bəşəri dəyərlər, insanlıq ölür, insan ali varlıqdan çıxıb yaşama instinkti ilə çarpışan canlıya çevrilir. Əsrlərlə əsarət altında yaşamış insanlarımız  yaşamaq üçün oğurluq etmək, rüşvət verib-almaq, aldatmaq, yalan danışmaq, qanunları pozmaq, yaltaqlanmaq zorunda qalıb, yaxud bu kimi əməllər törətməyə məcbur edilib. 

Belə ağır şərtlər altında yaşamasına baxmayaraq, xalqımız bir çox nəcib xüsusiyyətlərini qoruyub saxlamışdır. Bu kimi mənəvi resurslar və qloballaşan dünya bizim xoşbəxt gələcəyimiz, mənfiliklərdən qurtarmağımız üçün ən böyük təsəllidir, ümiddir. Amma Qərb düşüncəli vətəndaşın  formalaşması üçün bizə zaman lazımdır. Yalnız həmin vətəndaşlar Azərbaycanda Qərb standartlarına cavab verən demokratik dövlət qura bilər. Xalqımızı onun xarakterindəki çatışmayan cəhətlərə görə təhqir etmək lazım deyil. Belə davranış nadanlıqdır. Bu insanlarda çatışmamazlıq kompleksini bir az da artıracaqdır. Biz nə qədər zaman almasından asılı olmayaraq addım-adım irəli getməli, maarifləndirmə yolu ilə müasir dünyagörüşlü yeni nəslin formalaşmasına  çalışmalıyıq. Biz müsəlman xalqlarını daha azad edəcək islamda islahatlara yol açan, onu qeyri-müsəlmanlara sevdirən xalqa çevrilməliyik.

 Səbrsizlik edib ekstremizmə yuvarlanmaq vəziyyətdən çıxış yolu deyil. Səbrsizlik və bundan doğan təhqir təkcə tərbiyəsizlik elementi yox, həm də daxili və  daxili siyasətə ciddi təsir edən regional və beynəlxalq  vəziyyəti düzgün qiymətləndirə bilməməkdən  siyasi  korluq və mədəniyyətsizlikdən qaynaqlanır. Mənəvi terrorla məşğul olanlar, ağzı köpüklənə -köpüklənə “inqilab – inqilab” deyə  qışqıranlar terrorçudan dünyanın hörmət etdiyi böyük dövlət adamı səviyyəsinə yüksəlmiş Nelson Mandelanın həyatını öyrənsələr, özləri üçün də, cəmiyyət üçün də faydalı  olar.

Söhbətləşdi: Heydər Oğuz