“Bakı Metropoliten” Qapalı Səhmdar Cəmiyyətində yarıtmaz idarəçilik davam edir. Sədr Zaur Hüseynovun bu posta təyin edilməsindən sonra baş verən nöqsanlar nəinki düzəlmir, əksinə hər keçən gün daha da artır. Son zamanlarsa metrostansiyalarında reklamların yerləşdirilməsində ciddi səhvlərə yol verilir. Belə ki, reklam tabloları metro qatarlarının vaqonlarının şüşələrinə yapıldırılır, eləcə də metrostansiyalarında tarixi-memarlıq abidələri hesab olunan arxitekturaların üzəri reklamlara doldurulur. Maraqlıdır ki, Zaur Hüseynov QSC-yə sədr təyin olunanda metroda reklamları ciddi şəkildə məhdudlaşdırmışdı. Çünki ondan əvvəlki rəhbərliyin dövründən metroda reklamların yerləşdirilməsində problemlər var idi. Hüseynov rəhbərliyə gələrkən, çox gəlirli olan bu işi ləğv etdi və bununla “özünün bu posta pul qazanmaq üçün gəlmədiyini” göstərməyə çalışdı. Lakin bu mənzərənin ömrü uzun çəkmədi, metropolitenin üzərindəki diqqət buludları dağılan kimi Zaur Hüseynov sələflərindən daha betər işə girişdi.
Əslində Zaur Hüseynovun metropolitenə rəis təyin olunmasından sonra metro idarəçiliyində ciddi nöqsanların olduğu, böyük yeyintilərin baş verdiyi haqqında mətbuatda kifayət qədər faktlar yayılıb. Lakin “Bakı Metropoliteni”ndəki problemlər təkcə mətbuatın açıqladığı faktlarda yox, Hesablama Palatasının yaydığı hesabatlarda da açıq şəkildə öz əksini tapır.
Hesablama Palatasının oktyabrın 6-da açıqladığı hesabatda da ciddi faktlar qeyd olunub.
Hesablama Palatasının kollegiyasının müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiqlədiyi 2016-2017-ci illərdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələrinə görə, cəmiyyət tərəfindən 2017-ci il üzrə dövlət büdcəsi vəsaitlərinə proqnoz təqdim edilərkən əsas fəaliyyəti üzrə daşınan sərnişinlərin sayındakı artımın gəlirlərə və dəyişən xərclərə təsiri nəzərə alınmayıb, büdcə xərclərinin təsnifatının tələblərinə uyğun olmayaraq cəmiyyətin fəaliyyətində yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya şəklində ayrılmalı olan vəsaitlər başqa paraqraflarda nəzərdə tutulub.
Cəmiyyətin istismar və investisiya xərcləri üzrə bir sıra müqavilələrin bağlanılması və icrası prosesində uyğunsuzluqlara yol verilib, 4 halda müqavilə üzrə bank zəmanətlərinə əsasən 2016-cı ildə vəsaitlərin köçürülməsinə baxmayaraq müvafiq mallar idxal edilməyib və debütor borcların bağlanılması istiqamətində zəruri tədbirlər görülməyib, bir halda kreditor borc tanınmadan ödənilib, Vergi Məcəlləsinə uyğun olmayaraq bir neçə halda ƏDV məbləği artıq əvəzləşdirilib, 2017-ci ildə qara və əlvan metalın satışı ilə bağlı faktiki dövriyyə məbləğinin vergi orqanına təqdim edilən ƏDV bəyannamələrində azaldılması hesabına büdcəyə ödənilməli ƏDV məbləği büdcəyə köçürülməyib, stansiyaların ərazisində dövlət əmlakından istifadəyə görə icarə haqqının hesablanılıb alınması üzrə cəmiyyət tərəfindən müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırılmayıb, 2016-cı ilin yekunları üzrə mənfəət vergisi bəyannaməsində gəlirdən çıxılan xərclərinin tərkibində enerji xərcləri düzgün göstərilməyib, bəzi xərclər gəlirdən çıxılan xərclərə daxil edilib, maya dəyərinin artırılması hallarına yol verilib, balans zərəri artırılıb, daxili audit xidməti formalaşdırılmayıb.
Audit dövründə dövlət satınalmaları keçirilərkən müvafiq bildirişlər dərc edilməyib, müqavilə haqqında məlumatlar rəsmi internet saytında yerləşdirilməyib, kotirovka sorğusu prosedurları keçirilərkən müvafiq təlimatın tələblərinə əməl olunmayaraq şərtlər toplusu təsdiq edilməyib, potensial imkanı olan malgöndərənlərin siyahısı tərtib edilməyib, mallar (işlər və xidmətlər) satın alınarkən satınalma metodundan istifadə edilmədən müqavilələr bağlanılmış və icraçılardan satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı alınmayıb, keçirilmiş kotirovka sorğuları üzrə yekun protokolların surətləri müvafiq icra hakimiyyəti orqanına təqdim olunmayıb, satınalma prosedurlarına dair sənədlər toplusu tam hazırlanmayıb, iddiaçılar tərəfindən ixtisas göstəricilərinə dair sənədlər tam təqdim olunmayıb və müqavilənin yerinə yetirilməsi təminatı alınmayıb.
Təmiri və tikintisi həyata keçirilmiş obyektlərin bütövlükdə layihə-smeta sənədləri ekspertiza olunması üçün aidiyyəti üzrə vaxtında təqdim edilməyib və müvafiq rəylər tam alınmayıb, “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş 24 tədbirdən 19-u üzrə işlər başa çatdırılmayıb, “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nin həyata keçirilməsi məqsədilə “Bakı Metropoliteninin 2016-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın layihəsinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla təsdiq edilməsi təmin edilməyib.
Bu hesabat artıq Hesablama Palatasının “Bakı Metropoliteni” QSC haqqında neçənci audit yoxlamasıdır. Hər bir auditin nəticələrində QSC-də ciddi problemlər aşkarlanıb. Lakin QSC sədri Zaur Hüseynov heç bir nəticə çıxarmır.