Bu günlərdə Maşani adlı rus müğənnisinin “Mənim Putinim” adlı klipinə baxdım. Videonu görmək istəyənlər youtube.da axtara bilərlər. Klipi tapmaq o qədər də çətin olmayacaq, çünki artıq 1,7 milyondan çox adam tərəfindən izlənilib. Klipdə bir qız Putinə sevgisini ifadə eləyir. Amma o qədər duzsuz, o qədər çirkin bir şəkildə ifadə eləyir ki, klip adamda ikrah hissi yaradır. Əlbəttə ki, əsas səbəb Putinin şəxsiyyətidir. Məlum məsələdir ki, Putin kütlədə sevgi doğuracaq bir şəxsiyyətə malik deyil. Əgər belə bir sevgi ifadəsi varsa, deməli, ya yalandır, ya da süni. Putin o adam deyil ki, ona kimsə səmimi qəlbdən vurulsun. (Burada kimsə “ağlı başında olan insan” deməkdir)
Yeri gəlmişkən, bu qızın adı mənə məşhur dialoqu, “Putin-Maşa” əhvalatını xatırlatdı. Həmin məşhur videoda isə Putin ona Müdafiə Nazirliyindəki yeyintilər haqda sual verən Mariya adlı jurnalistə “Əyləşin, Maşa!” demişdi. Qadın isə cavabında “Sağ olun, Vova!” deyib Putini, mədəni dillə desək, sındırmışdı.
Klip sözləri bir yana qoysaq, görüntülərdə propaqanda işi olduğunu aydın göstərir. Müğənni rus bayrağının rəngləri olan paltarda günəşli bir çöldə oxuyur, Ukrayna bayrağından geyindiyi paltarda qaranlıq bir yerdə üzü divara doğru çıxış axtarır. Yəni çox bəsit şəkildə göstərməyə çalışıblar ki, Rusiya güllük-gülüstanlıqdır, Ukrayna isə qaranlıq. Klipi tənqid və ya tərənnüm etmək kimi bir arzum yoxdur, primitiv bir əməyin məhsulu olduğu ortadadır. Bir neçə il əvvəl bir tacik də Putinə klip hazırlamışdı. “VVP” adlı klipdə onun Tanrının hədiyyəsi olduğu deyilirdi. Həmin tacik də bu qız kimi anormal birinə bənzəyirdi. Məsələ burasındadır ki, belə insanlara nə bəstələyirsən, bəstələ, nə yazırsan, yaz, həm mənasız alınacaq, həm də ömrü qısa olacaq.
Bu cür hallar həm Azərbaycanda, həm Türkiyədə şəxsiyyətə pərəstişin tüğyan elədiyi hər bir ölkədə var. Məsələn keçən il Gəncənin icra başçısı Elmar Vəliyevə hansısa bir qəzetdə belə bir “şeir” yazılmışdı.
Xalqımızın mərd oğulları,
Yollanıb Gəncəyə sarı,
Qurub yaradır diyarı,
Biri də Vəliyev Elmardı.
Binaları bir-bir tikdirir,
Hər yerə asfalt tökdürür.
Bağları da genişlədir,
Sayını çoxaldıb əkdirir.
Elmar Vəliyev iş başında,
Gəncəni gəzib dolaşanda.
Gördüklərini yada salanda,
Onlara əncam qılar da.
Bizim ölkədə prezidentdən tutmuş idarə müdirinə qədər hər kəsə şeir, mahnı yazılır. Avtoritar idarə quruluşuna malik olan ölkələr üçün xas olan bu hallar bəzən belə primitiv şəkildə, bəzən isə daha ciddi şəkildə, dövlətin nəzarəti altında aparılır.
Məsələn, SSRİ-də təxminən bu cür idi. Eləcə də bu günkü Şimali Koreyada mübaliğənin, yalançı tərifin, propaqandanın keyfiyyəti nisbətən bir az yaxşıdır, dövlət səviyyəsində aparılır. Şimali Koreyadakı şən və xoşbəxt işçilərə aid posterlər, Kim Çen Ina bəstələnən mahnılar belə primitiv deyil. Düzdür, onlar da ağlamağın, çığır-bağır salmağın ağını çıxarırlar, amma yenə də baxırsan ki, yox iş “Mənim Putinim” ya da “VVP” kimi bəsit görülməyib, əmək sərf olunub. Yüzlərlə insan bir araya gəlib müxtəlif kartonları birləşdirib böyük təsvirlər yaradır, gözəl rəqslər, maraqlı tədbirlər təşkil eləyirlər, propaqanda dövlət səviyyəsində aparılır.
Əslində bizim kimi bir ayağı modern dünyada, digəri totalitarizmdə olan ölkələrə nisbətən Şimali Koreya daha düzgün yol seçib. Deyiblər ki, iş görürüksə, bunu Maşanilərə buraxmayaq, adam balası kimi görək. Elə totalitar olaq ki, dünya “nə gözəl totalitardırlar” desin. Keyfiyyətsizlik işlərlə gündəmə gəlməyək. Ona görə də onlarda keyfiyyət fərqi var və belə daha yaxşıdır. Çünki kamil bir totalitar olsa da insan, yaxşıdır yarımçıq avtoritarlıqdan.