Yunanıstanın ətraf mühit və energetika naziri Panayiotis Lafazanis bu gün Moskvaya səfər edir.
Virtualaz.org saytı Yunanıstan KİV-lərinə istinadən xəbər verir ki, Lafazanisin səfərində Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan embarqonun götürülməsindən tutmuş energetika sahəsində əməkdaşlığa dair bir çox məsələlərin müzakirəsi planlaşdırılır.
Moskva bildirir ki, Yunanıstan, Kipr və Macarıstandan kənd təsərrüfatı mallarının Rusiyaya idxalına icazə verməyə hazırdır.
Yunan nazirin Moskvada energetika naziri Aleksandr Novak, “Qazprom”un icraçı direktoru Aleksey Millerlə görüşərək iki ölkə arasında energetika sahəsində əməkdaşlığı müzakirə edəcəyi bildirilir.
Yunan tərəfi “Qazprom”dan müqavilədə göstərilmiş həcmdə qazı almadığı halda cərimə ödənilməsi şərtinin götürülməsini, habelə Rusiya qazının qiymətinin aşağı salınmasını xahiş edir.
Gözlənilir ki, tərəflər Yunanıstanın Axel çayı üzərində Rusiya tərəfindən inşa edilən iki elektrik stansiyasının tikintisinin dayandırılması məsələsini müzakirə edəcəklər. Yunan tərəfi ekoloji problemləri əsas gətirərək elektrik stansiyalarının tikintisinə icazə vermir.
Bu elektrik stansiyaları Azərbaycan qazının Avropaya nəqlini həyata keçirəcək TAP kəməri layihəsinin bir hissəsidir. Rusiya tərəfi istəyir ki, Yunanıstan bu iki layihənin dəyəri həcmində yeni layihələr versin.
Şübhəsiz ki, Yunanıstanın enerji nazirinin Moskvaya səfərini Bakıda və Brüsseldə diqqətlə izləyəcəklər.Məsələ ondadır ki, radikal solçuların nümayəndəsi olan keçmiş kommunist Lafazanis Yunanıstanda yeni hökumətin tərkibində vəzifəyə gələndən sonra Azərbaycanla enerji razılaşmalarına yenidən baxılacağı haqda bəyanatlar verməyə başlamışdı.
Lafazanis deyirdi ki, yeni hökumət SOCAR-ın Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin üçdə ikisini almasına dair müqaviləyə yenidən baxıla bilər. Həmçinin o, Yunanıstanın TAP kəmərinə dair tranzit müqaviləsinin şərtlərini dəyişmək istədiyini, bu kəmərdən Yunanıstana daha çox tranzit haqqı ödənilməli olduğunu elan edib.
Yunanıstandakı son seçkilərdən sonra hakimiyyətə gələn radikal solçuların hökuməti bir çox populist vədlər verdiyi məlumdur.
Lakin ekspertlərə görə, Avropa üçün yeganə alternativ qaz mənbəyi olan Azərbaycanla razılaşmalara və TAP kəmərinə dair razılaşmaya yenidən baxılacağına dair irəli sürülən tələbləri həm də Rusiya amili ilə izah edirlər.
Lafazanisin təmsil olunduğu hökumətin Moskva ilə isti münasibətləri var. Rusiya prezidenti Vladimir Putin Yunanıstan, Kipr və Macarıstan kimi ölkələrin hökumətləri ilə isti münasibətləri sayəsində Avropa İttifaqının daxilində parçalanma yaratmağa çalışır. Bu səylər Brüsseldə ciddi narahatlıq doğurur.
Təsadüfi deyil ki, Rusiya məhz bu üç ölkədən kənd təsərrüfatı məhsullarının idxalına icazə verməyə hazırdır. Digər tərəfdən, Rusiya “Qazprom”un Avropa bazarında mövqelərini qorumaqda və alternativ qaz təchizatı mənbələrinə çıxışı əngəlləməkdə də maraqlıdır.
Bu baxımdan Azərbaycan qazının Avropaya nəqlinə qarşı müxtəlif əngəllərin yaradıldığı müşahidə olunmaqdadır. Məsələn, bu günlərdə İtaliyanın cənubunda TAP konsorsiumunun podratçı şirkətlərindən birinin iki texnikası sıradan çıxarılmışdı.