Kərəm Həsənovun Eldar Mahmudovla əlaqəsi deşifrə olunur
“MTN işi”nin “yanğını” Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Şahin Həsənova da çatıb.
Mia.az xəbər verir ki, bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Eldar Mahmudov və Kərəm Həsənov arasındakı isti münasibətlər sonucunda MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə gətirilən Şahin Həsənovla bağlı bir sıra qaranlıq məqam var ki, bunlardan biri adıçəkilən şəxsin təyinatı ilə bağlıdır.
Mənbənin sözlərinə görə, Eldar Mahmudov Şahin Həsənovun beynəlxalq əlaqələr şöbəsinə təyinatı məsələsində nəzərə alınması gərəkən başlıca prinsiplərin heç birinə əhəmiyyət verməyib və nəticədə beynəlxalq əlaqələr şöbəsi üçün tamamilə yararsız bir şəxs bu şöbənin rəhbərliyi postuna gətirilib.
MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyində təmsil olunan şəxsin ən azı iki xarici dil bilməsinin şərt olduğunu bildirən mənbə, Şahin Həsənovun heç bir əcnəbi dil bilmədiyinə diqqət çəkib.
Mənbənin bildirdiyinə görə, Şahin Həsənov beynəlxalq münasibətər sistemində baş verən proseslər, beynəlxalq hüquq və əməkdaşlıq kimi məsələlərlə bağlı da minimal bilgi, analiz və manevr səriştəsinə malik deyil.
Bütün bunlar azmış kimi Şahin Həsənovun sabiq nazirin yol verdiyi bəzi qanunsuzluqlarda “pay sahibi” olduğu ilə bağlı ciddi şübhələr var ki, bu da onun sadəcə işdən azad edilməsi ilə deyil, həm də istintaqa cəlb edilməsi ilə nəticələnə bilər.
Mənbənin verdiyi məlumatdan və MTN-ləbağlı baş verən olayların ümumi mənzərəsindən belə qənaətə gəlmək olar ki, Şahin Həsənov bəzi həmkarları kimi istintaqa gedən yolun astanasındadır. Bu yolun Şahin Həsənovu hansı sonluğa aparıb çıxaracağını isə zaman göstərəcək.