Rusiya Dövlət Dumasının Mədəniyyət komitəsi sədrinin birinci müavini, SSRİ Xalq artisti İosif Kobzon ölkə ərazisinə buraxılmadığına görə Latviyanı Avropa Məhkəməsinə verib.
“Russian Today” telekanalının verdiyi xəbərə görə, klassik mahnıların mahir ifaçısı şərəf və ləyaqətinin alçaldığını əsas gətirərək, rəsmi Riqanın ona konpensasiya ödəməsini tələb edib.
Məsələ ilə bağlı Kobzon bildirib ki, haqsızlığa, kobud davranışa və dəyən maddi ziyana görə Latviya hökumətini Avropa Məhkəməsinə verir:
“Artıq vəkilim Barşevski lazımı prosedurlara başlayıb və lazımı ödənişlər etmişik. Yurmalada olduğum günlər ərzində qaldığım mehmanxanaya 11,5 min dollar ödəmişəm. Lakin mehmanxana həmin pulları mənə geri qaytarmaqdan boyun qaçırdı”.
Xatırladaq ki, cari ilin iyul ayında Latviya Xarici İşlər naziri Edqars Rinkeviçin qərarı əsasında Rusiyanın tanınmış mədəniyyət xadimləri Oleq Qazmanov, İosif Kobzon və Alla Perfilovanın (Valeriya) adları qara siyahıya salınmışdı. Səbəb onların Ukrayna hadisələri ilə bağlı müəyyən fikir bildirmələri olub. Bu qərardan sonra artistlər gənc müğənnilər arasında keçirilən “Novaya volna” (“Yeni dalğı”) mahnı müsabiqəsinə qatıla bilməmişdilər.