İstedad elə bir toxuma bənzər, göyərər bir qara daş üstündə də…

6
İstedad elə bir toxuma bənzər, göyərər bir qara daş üstündə də...
Haqqında sizlərə söhbət açmaq istədiyimiz bu oğlanın nə az, nə çox düz 12 yaşı var. Çox yaşıdlarında fərqli olaraq bu oğlan az vaxtda çox uğurlara imza atıb. Ötən qısa vaxt ərzində Ürfət Vüqar oğlu İsayev heç bir anını hədər verməyib, dayanmadan böyük səylə və inamla öz üzərində çalışıb. “Oxbridge Academy”ın 7-ci sinif şagirdi olan Ürfət, 3 xarici dili mükəmməl səviyyədə bilir. İngilis və rus dillərini əla mənimsəyən bu balaca oğlan, heç də bunlarla kifayətlənməyib və fransız dilini də öyrənib. İngilis dilinin Advanced (akademik səviyyə) səviyyəsinin sertifikatını alıb və bu sertifikat dünyanın 16 universitetlərində keçərlidi. Sizcə ötən qısa zaman kəsiyində bunlar azdımı? Əslində bu nailiyyətləri vaxta, zamana böləndə bu heç də çoxlarının bütöv ömrü boyu qazana bilmədiyi çox böyük uğurdur.

Deyirlər neçə dil bilirsənsə, o qədər sayda insansan. Amma balaca həmsöhbətimsə bu məsələyə öz prizmasından yanaşır. O deyir: “İnsan artıq bir xarici dil öyrənibsə, digər dilləri mənimsəmək daha da asanlaşır. Lakin nə qədər çox dil bilsən də birinci növbədə öz ana dilini kamil bilməlisən. Ana dili də xalqın sərvəti kimi həmişə qorunmalıdır. Bizim ana dilimiz- Azərbaycan dili də çox zəngin və axıcı bir dildir. Azərbaycan dili şer və poeziya dilidir. Onu sevməmək mükünsüzdür”.
Onun bu balaca qəlbində böyük Vətən sevgisini, milli mənsubiyyət təəssübkeşliyini görüb qürurlanmamaq mümkünsüzdür.
Ölkəmizin adına şərəf gətirənlər
Bu sırada olmaq özü də böyük xoşbəxtlikdir. Hamının can atdığı bir istəkdir ölkəsini, mənsub olduğu milləti tanıtmaq, sevdirmək. Amma hamının çata bilmədiyi, həm də bacarmadığı bir istəkdir bu. Bunu əldə edənlər fitri istedad sahibləridir, həm də yorulmadan, usanmada gecə-gündüz inadla elmi biliklərə yiyələnənlər, nailiyyət naminə, uğur naminə gözünü belə qırpmayanlardır. Ürfət balaca olmasına baxmayaraq artıq bu uğura haqq edib. Nəyinki özünü, ailəsini, həm də ölkəsini uzaq bir diyarda, böyük bir bilik yarışında sınamaq üçün ilk uğura imza atıb. Belə ki, Ürfət İsayev 2019-cu ilin yanvar ayında Bakı şəhərində 265 şagirdin iştirakı ilə keçirilən “Alimlər kuboku” Beynəlxalq Olimpiadada 3-cü yer qazanıb və nəticə etibarı ilə yayda Avropada keçiriləcək Beynəlxalq olimpiadanın 2-ci mərhələsində iştirak hüququ əldə edib. Biz də bu balaca oğlanın yeni-yeni uğurlara imza atacağına əminik, azı ona görə ki, qalibiyyət üçün doğulanlar məğlub olmur.
Kim sevirsə idmanı…
Balacaların dillər əzbəri olan “Kim sevirsə idmanı bir iki üç dörd, Poladdan olar canı…” mahnısında deyildiyi kimi Ürfət də çoxları kimi idmanı sevir. Amma bu onda elə çoxlarında olduğu kimi ötəri həvəs deyil. Atalarımız “Sağlam bədəndə sağlam ruh olar” deyiblər. Həqiqətən, insan ruhunun aramlığı və sabitliyi, baş verən hadisələrə psixoloji baxımdan düzgün reaksiya verə bilməsi, xeyli dərəcədə fiziki sağlamlıq amilindən asılıdır. Elə bu amili düzgün qiymətləndirən qəhrəmanımız təkcə kitablardan, öyrəndiyi xarici dillərdən zövq almır, həm də basketbol və kikboksla məşğul olur. Azərbaycan Kikboksink Federasiyasının rəsmi üzvüdür. O, həyatının maraqlı və yaddaqalan olması üçün boş vaxtlarını idmana həsr edir. Bu onun həm mənəvi, həm də fiziki sağlamlığına bir ahəng qatır. İnanırıq ki, qısa bir zamandan sonra biz onun bu sahədə də uğurlarına şahidlik edəcəyik.