Isa Nəcəfov daha bir xüsusu rəy verdi

16
????????????????????????????????????

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2019-cu il tarixli Qərarından hakim İ.Nəcəfovun

Xüsusi rəyi

Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2019-cu il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına hörmətlə yanaşaraq, aşağıdakı mövqeyimi bildirirəm.

Plenum Qərarında Azərbaycan Respublikasının Prokurorluğunun sorğusuna səbəb olan hüquqi faktı öz qərarının təsviri hissəsində göstərməmişdir.

Sorğuya əlavə olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin məktubundan görünür ki, 16.07.2018-ci il tarixdə Bakı şəhər Xəzər rayon Polis İdarəsinin müstəntiqi tərəfindən vətəndaşlar C.Q.Dosti-zadə və H.Z.İbrahimov Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub saxlanılmışlar. Şübhəli şəxslərin üstündə axtarış aparılmış, C.Q.Dosti-zadədən narkotik maddə tapılmış, H.Z.İbrahimovun üstündən isə heç nə tapılmamışdır.

Müstəntiq ibtidai araşdırmaya vəkilləri dəvət etdikdən sonra, yenidən vəkillərin iştirakı ilə onların üstündə axtarış etmək istədikdə, vəkillər buna etiraz edərək, axtarışda iştirak etməkdən imtina etmişdirlər.

Vəkillərin bu hərəkətlərini qanunsuz hesab edən Bakı şəhər prokuroru onların intizam məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyyətinə məktub göndərmişdir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyyəti yaranmış ziddiyyətin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin şərh edilməsi üçün, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini Azərbaycan Respublikası Prokurorluğundan xahiş etmişdir.

Konstitusiyanın 125-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi konstitusiya icraatı vasitəsilə ədalət mühakiməsini həyata keçirən məhkəmə hakimiyyəti orqanıdır. (Konstitusiyanın 125-ci maddəsinin I, II və III hissələri).

Onun tərəfindən normativ hüquqi aktların normalarının şərhi o dərəcədə konkret, hərtərəfli izah edilməlidir ki, hüquqi tətbiq etmədə mövcud olan, eləcə də, gələcəkdə qarşıya çıxa biləcək hüquqi kazusları asanlıqla həll etmək mümkün olsun.

Sorğu əsasında CPM-in 92-ci maddəsində təsbit olunan “Müdafiəçi” institutu Plenumun Qərarında tam açıqlansa da, 92.10.1-ci maddəsində təsbit edilən “müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək … müdafiəçiyə qadağandır” müddəasına, vəkillərin şübhəli şəxslərin üzərində narkotik maddəni aşkar etmək məqsədilə, təkrarən axtarış aparılmasında iştirakının da aid olub-olmamasına heç toxunulmamışdır.

Normativ hüquqi aktların şərhinə səbəb olan hüquqi faktlar və onun dəyərləndirilməsi Konstitusiya Məhkəməsinin Plenum Qərarında obyektiv inikasını tapmazsa, o qərarın ədalət mühakiməsində və praktikada əhəmiyyəti və dəyəri də olmayacaqdır.

Necə ki, Plenumun bu qərarına əsasən deyə bilmərik ki, bu halda müstəntiq haqlıdır, yoxsa vəkillər. Halbuki, bu hal Plenumun Qərarının əsas məğzini təşkil etməli idi.

Çünki cinayət mühakimə icraatının gedişində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi müasir dövrün ən mühüm, başlıca ideyasıdır. Konstitusiya Məhkəməsinin isə əsas vəzifəsidir.

Digər tərəfdən şəxsi axtarış və götürmə CPM-in 246-cı maddəsi ilə tənzim edilir. Bu maddədə müdafiəçinin şəxsi axtarış və götürmədə iştirakı nəzərdə tutulmamışdır.

Hakim İsa Nəcəfov