“İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən axtarışda olan Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov Bakının müxtəlif yerlərində aksiyaların keçirildiyini iddia edib.
Musavat.com xəbər verir ki, keçmiş səfir onun çağırışlarına cavab verən şəxslərin ağ geyimdə və ağ çiçəklərlə Bakı küçələrinə çıxdıqlarını iddia edib.
“Artıq məlumatlar alıram ki, dünən gün ərzində bəziləriniz ağ geyimlərdə və ağ qərənfillərlə şəhərin müxtəlif hissələrində gəzintiyə çıxmışdınız və polisin hansısa müdaxiləsi də olmamışdı. Bu, çox vacib məsələdir. İnanın bu aksiya 10 dənə motodromda ya da stadionlarda keçirilən tədbirlərdən önəmlidir. Xahiş edirəm ki, bu gün də aksiyanı, gəzintiləri davam edəsiniz. Uğurlar arzulayıram. Bir çiçəklə bahar olmaz, amma hər bahar bir çiçəklə başlar” – deyə A.Məmmədob öz facebook səhifəsindən növbəti mitinq çağırşı edərkən yazıb.
Xatırladaq ki, A.Məmmədov müxalifəti mitinqlər keçirməyə çağırarkən aldığı cavab əsasən “Sən nə vaxt Azərbaycana gələcəksən?” olmuşdu.
Qeyd edək ki, Arif Məmmədovun “İnterpol”a axtarışa verilməsinin səbəbi kimi Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə büdcə vəsaitlərini təyinatından kənar istifadə etməsi, dövlət əmlakını külli miqdarda mənimsəməsi və ya israf etmək yolu ilə talaması, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı cinayətlərini törətməsi və digər qanun pozuntularına yol verməsi göstərilir.