Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi İraqda kürd dövləti yaradılması ehtimalının pik nöqtədə olduğunu deyir; Türkiyə və Səudiyyə Ərəbistanı Suriya müxalifətini Rusiyaya qarşı silahlandırır
Mehmet Əli Şahin: “Yeni seçkiyə xərcləyəcək zamanımız yoxdur. Türkiyədə təkpartiyalı hökumət qurulmalıdır”
“2015-ci ildə İraqda müstəqil kürd dövlətinin qurulma ehtimalı çox yüksəkdir, bunu görün. İndi belə bir dövlətin qurulması üzrə ümidlərin pik nöqtəsində olduğu mərhələdəyik. İndi Bəşər Əsədli keçid dönəminə girmək lazımdır və biz gecikirik”.
Bu sözləri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ Antalya Sənaye və İşadamları Dərnəyinin XV Fövqəladə Toplantısında “Atatrük və Orta Doğu siyasətləri” adlı məruzəsində bildirib.
İlkər Başbuğ çıxışında Türkiyənin çox həssas bir dönəmdən keçdiyini deyib: “Türkiyə başı, dibi bəlli olmayan dərin quyuya bənzəyir. İndi bölgəni nəzarətdə saxlayan əsas güc Amerika Birləşmiş Ştatlarıdır. Bunu qəbul etməliyik. ABŞ-ın Orta Doğu siyasəti gücə arxalanır. Birləşmiş Ştatlar bu bölgədə əsas güc olmaq qərarındadır. ABŞ-ın ikinci məqsədi isə Hürmüz Boğazından gəmiylə daşınan neft axınının kəsilməməsinə nail olmaqdır. ABŞ həmin bölgədəki neftdən istifadə etmir. İlk baxışda bu nefti Avropanın istifadə etdiyi görünür, ancaq əsas ölkələr Çin və Yaponiyadır. Körfəzdən çıxan nefti ən çox dəniz yolu ilə Çin və Yaponiya alır. Amerika isə bölgənin komissarlığını, polisliyini həyata keçirir. Səbəbi isə qlobal iqtisadiyyatdır. Bu gün dünyada bütün iqtisadiyyatlar inteqrasiya olunmuş durumdadır. Ona görə də Çin iqtisadiyyatının batması, ya da geriləməsi Amerika iqtisadiyyatını da bərbad edir. Yəni ABŞ bu yolla həm iqtisadiyyatını qoruyur, həm də buradan güc qazanır”.
Başbuğ 2011-ci ildə ABŞ-ın Suriya iqtisadiyyatına dəyişiklik etdiyinə də diqqət çəkib: “Amma Türkiyə bu dəyişiklikləri etmədi və bu da böyük yanlışlara yol açdı. Suriyada mərkəzi bir güc var. Bu dövlətlə diplomatik münasibətlər bir an öncə qurulmalıdır. Bunlar illərdir söylənir, ancaq Türkiyə gecikməkdə davam edir. Ankara Əsədli keçid dönəminə dərhal daxil olmalıdır, gecikirik. Suriyadakı gedişat yaxşı deyil, parçalanma risqi var. Bu məsələ Türkiyə üçün də həssas nöqtədir”.
İlkər Başbuğ kürd dövlətinin yaradılmasının çox uzaqda olmadığını, Mustafa Kamal Atatürkün zamanında Türkiyə Böyük Millət Məclisində bu haqda çıxış etdiyini də söyləyib: “Lozannada öncə Mosul məsələsi müzakirə edilərkən Mustafa Kamal Atatürk demişdi ki, İraqda kürd dövləti qurularsa, bu, bizim kürdəsilli vətəndaşlarımıza da təsir edər. Bu gün üzülərək deməliyəm ki, İraqda durum kürd dövlətinin qurulmasına aparır. İraqda müstəqil kürd dövlətinin qurulması ehtimalı I Dünya Savaşından sonra imzalanan Serv anlaşmasında da qeyd olunub. 2015-ci ildə kürd dövlətinin qurulması ehtimalı təpə nöqtədədir. Mən bunu görürəm. Bu sürəci təyin edəcək qüvvələr İran Və Türkiyədir. Yəni belə bir dövlətin yaradılmasına İran və Türkiyə “hə” desə, sabah bu dövlət qurular, buna heç bir əngəl yoxdur. Bunu əngəlləyən, hazırda mərhələni uzadan İranın və Türkiyənin belə bir dövlət yaradılmasına qarşı olmalarıdır. İran bu məsələnin qəti əleyhinədir. Türkiyənin də qəti əleyhinə olması lazımdır”.
Yaxın Şərqdə isə proseslər sürətlə inkişaf etməkdədir. Türkiyə qəzetlərinin bölgədən verdiyi son xəbərlərə görə, Türkiyə və Səudiyyə Ərəbistanı Rusiya uçaq və helikopterlərinin hücumundan qorunmaq üçün Suriya müxalifətinə raket verəcək.
Xəbər Liviyada yayımlanan “əl-Əkbər” qəzetinə istinadən yayılıb.
Qəzet yazır ki, Türkiyə və Səudiyyə Suriya müxaliflərinə SAM-8, SAM-9 raket qurğuları vermək üzrə anlaşıb:“Raketlər Ukrayna ordusundan satın alınacaq və Suriyanın quzeyindəki müxaliflərə göndəriləcək. Plana Rusiya ilə savaş durumunda olan Ukrayna da razılıq verib”.
Türkiyədə erkən parlament seçkisinə 3 gün qalmış baş nazir Əhməd Davudoğlu canlı efirdə ölkə gündəminin əsas suallarını cavablandırıb.
“AKP yenidən təkbaşına iqtidar ola biləcəkmi” sualına cavab verən Ə.Davudoğlu deyib ki, həm AKP, həm CHP, həm də MHP Türkiyədə tək iqtidar olmaq fikrindədir: “Əgər bir siyasi partiya iqtidar olmaq istəmirsə, o siyasətin dadı qalmaz. Türkiyədə yenidən tək iqtidar olmaq şansı ən çox AKP-dədir. Dəqiq olmayan tək məsələ partiyanın tək iqtidar olacağı, yoxsa, çox az ehtimalla təkrar koalisyon yaratmaq ehtiyacının ortaya çıxacağıdır. Son günlər aparılan sorğular bizim yenidən tək partiya olmaq ehtimalının yüksək olmasından xəbər verir”.
Bu arada ölkədə təkrar seçkidən sonra da hökumət qurulmasının mümkün olmayacağı və üçüncü seçki məcburiyyətinin ortaya çıxacağı haqda ehtimallar dolaşmağa başlayıb. Tirajlanan versiyalarda bildirilir ki, AKP bu seçkidə də tək hakimiyyət qura bilməyəcəyi üçün yenidən 7 iyundan sonrakı ssenarini işə salacaq, partiyalarla nəticəsiz danışıqlar aparacaq və ölkə daha bir müddət hökumətsiz qalacaq.
AKP sədrinin müavini Mehmet Əli Şahin medianın bu haqda suallarını cavablandırarkən iddiarları rədd edib. Onun sözlərinə görə, AKP bu seçkidən dərhal sonra hökumət qurulmasında maraqlıdır.
M.Ə.Şahin fikirlərini açıqlayarkən, AKP-nin seçkidəki hədəfini də dilə gərtirib: “Ölkənin yeni bir seçki üçün xərcləməyə zamanımız yoxdur. Türkiyədə yenidən təkpartiyalı iqtidar qurulmalıdır”.
Aygün Muradxanlı