Birinci Avropa Oyunları ərəfəsində ermənilərin cəbhə boyu ərazilərimizdə yanğınlar törətməsi və intensiv atəşkəsi pozması ciddi narahatlıq törədir. Düşmənin atdığı bu addımlar təxribat kimi də dəyərləndirilir.
Son günlər ermənilərin cəbhə boyu ərazilərimizdə yanğınlar törədməsi və intensiv atəşkəsi pozmasını hərbi ekspert İbrahim Rüstəmov Ölkə.Az-a şərh edib.
“Azərbaycanı siyasi üstünlüyə və güclü iqtisadiyyata aparan yol həmişə ciddi sınaqlardan keçib. Bəlkə adi vətəndaşlarımız bunu hiss etmir, amma ölkəmizə qarşı az qala bütün siyasi düşərgələr tərəfindəndən hər gün xüsusi təxribat planları qurulur və zərgər dəqiqliyilə, növbəli şəkildə həyata keçirilir.
Unutmayaq, müsəlman dünyasını qan içində boğan güclərin indi daha çox diqqət mərkəzindəyik. Kompasın bütün qütbləri bu və ya digər dərəcədə əleyhimizə işləyir. O üzdən Birinci Avropa Oyunları ərəfəsində ilk növbədə üzümü səlahiyyət sahiblərinə və adi vətəndaşlarımıza tutub hamını son dərəcə diqqətli və məsuliyyətli olmağa çağırıram.
Etinasızlıq, arxayınlıq və diletantlıq bizə bu oyunlar zamanı çox ciddi problemlər yaşada bilər. Xüsusilə qonaq idmançılar və onların məşqçiləri, o cümlədən əcnəbi jurnalistlərə qarşı diqqət və nəzarət ikiqat gücləndirilməlidir. Və bu nəzarət fasiləsiz olaraq onların bütün fəaliyyəti dövrünü əhatə etməlidir. Bu sırada erməni idmançılar xüsusi yer tutur.
Son günlər erməni işğalçıları tərəfindən cəbhə boyu ərazilərimizdə törədilən yanğınlar da yuxarıda qeyd etdiyim təxribat planlarının tərkib hissəsidir. Lakin bu, yalnız taktiki xarakter daşımır. Bu yanğınlar həm də rəmzi mənada Bakıda yaşanan son faciələri bir növ xatırlatmaqla bizə psixoloji təsir etmək məqsədi güdür. Lakin bu son deyil.
Çox güman ki, ermənilərin “təxribat” qovluğunda yaxın zamanlar üçün nəzərdə tutulmuş digər planlar da mövcuddur. Ona görə bu dəfə üzümü hərbçilərimizə tutur, onları döyüş postlarında daha gücləndirilmiş rejimə keçməyə, mövqeləri daha peşəkar kadrlarla təmin etməyə, bununla da, gözləniləcək hər hansı təxribatın qarşısını almağa çağırıram. Unutmayaq ki, indiki məqamda düşmənin hər hansı təxribatı çoxğedişli kombinasiyalarla, aldadıcı manevrlərlə gerçəkləşdirmək niyyəti tamamilə gözləniləndir. Azərbaycan ordusu isə bu təxribatları yalnız qabaqlayıcı tədbirlərlə zərərsizləşdirə bilər. Başqa yol yoxdur”.
Ölkə.Az