Ekspertlər hökumətin büdcənin parametrlərini yenidən müzakirə etdiyini ehtimal edirlər və maliyyə vəsaiti qıtlığının olduğunu düşünürlər
Maliyyə ilinin ikinci ayı yarıya çatsa da, hələ büdcə açılmayıb. Bununla bağlı məlumat verən mənbə bildirir ki, büdcə ilə bağlı çox gərgin və ciddi müzakirələr gedir.
Ehtimallara görə, büdcəyə yenidən baxılması müzakirə mövzusudur. Ola bilsin ki, hökumət büdcənin parametrlərini yenidən gözdən keçirilə bilər. Artıq qəbul olunmuş büdcədə dəyişikliklərin edilmə ehtimalı az deyil.
Ekspertlərin fikrincə, Maliyyə Nazirliyi ciddi seçim etməlidir və hansısa sahələrə ayırmalar azaldılmalı və vəziyyətdən çıxış yolları axtarılmalıdır. Neftin dünya bazarında qiymətinin büdcədə nəzərdə tutulduğundan az olması hökuməti tərəddüdə salıb.
İqtisadçı ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, Maliyyə Nazirliyinin vəsaitlərin ixtisarı üçün müxtəlif variantlar üzərində işləməsi istisna deyil.
“Bu, büdcədən ayrılan vəsaitin, nəzərdə tutulmuş vəsaitin son hesablara köçürülməsinin başa çatmaması ilə əlaqəlidir. Məsələn, hər hansı bir quruma, idarəyə vəsait ayrılması büdcədə nəzərdə tutlub. Amma həmin vəsait Maliyyə Nazirliyi tərəfindən həmin təşkilatın hesabına hələ tam köçürülməyib. Yəni bu, əvvəllər də olurdu. Amma yanvar ayında bu proses demək olar ki, yekunlaşırdı. Bu il bəzi idarələrdə və bəzi təşkilatlarda prosesin ləngiməsi ola bilər ki, büdcə ilə bağlı tərəddüdlərin olması ehtimalı ilə bağlıdır. Bu, Maliyyə Nazirliyində büdcənin parametrlərini yenidən gözdən keçirmək kimi bir məsələ ilə əlaqədar ola bilər. Çox təəssüf ki, bununla bağlı doğru-dürüst, şəffaf məlumat verilmədiyindən, hansısa ehtimallardan danışmaq olar. Başqa ölkələrdə, neftdən asılı ölkələrdə məsələn, elə qonşu Rusiyada maliyyə naziri televiziyalardan düşmür. Hər gün açıqlamalar verir, büdcədə olan optimallaşdırma ilə bağlı hansı hərəkətlərin olacağı ilə bağlı ictimaiyyəti məlumatlandırır. Bizdə isə nazirliklərin, o cümlədən də, Maliyyə Nazirliyinin belə bir şəffaf fəaliyyət görmürük. İctimaiyyətə məlumatlar vermirlər. Amma ehtimal olunur ki, çox güman, artıq qəbul olunmuş büdcənin bəzi parametrlərini yenidən gözdən keçirmək kimi bir tapşırıq var Maliyyə Nazirliyinə. Ola bilər ki, Maliyyə Nazirliyi hazırda bu işlə məşğuldur. Hansı təşkilatlara ayırmalarda kəsintiyə getməyin mümkünlüyü haqqında çox güman ki, düşünürlər, büdcənin üzərində işləyirlər. Buna görə də bəzi təşkilatların da büdcədə nəzərdə tutulmuş vəsaitlərinin hesablarına köçürülməsi ləngiyir”, – deyə o, qeyd edib.
İqtisadçı alim Vüqar Bayramov də bildirib ki, büdcənin açılmaması anlayışı daha çox Maliyyə Nazirliyi tərəfindən vəsaitin digər büdcə qurumlarına ayrılmamasını nəzərdə tutur: “Nəzərə alsaq ki, adətən büdcənin açılmamasına ilin ilk ayında – yanvarda, bəzi hallarda fevral ayında rast gəlinir. Çünki büdcənin gəlirlər hissəsi formalaşmalıdır. Büdcənin gəlirlər hissəsi formalaşan zaman artıq formalaşmış gəlirlərə uyğun olaraq vəsait dövlət qurumlarına ayrılır. Məsələn, Maliyyə Nazirliyi tərəfindən Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə ayrılır. Adətən yanvar ayında vəsait ayrılmasının çətinliyi yaranır. Çünki birinci aydır, büdcənin gəlirlər hissəsi formalaşmayıb. Xüsusən də neftin dünya bazarında qiyməti aşağı düşdüyü üçün bu, neftdən daxilolmaların azalmasına gətirib çıxarır. Digər qurumlar da vergini növbəti ay ödədiklərinə görə büdcənin gəlirlər hissəsinin formalaşmasında müəyyən çətinliklər yaradır. Maliyyə Nazirliyi də yanvarda digər qurumlar üçün büdcəni açmır və ya tam aça bilmir. Büdcənin tam açılmaması anlayışı maliyyə ilinin ilk ayında, yəni yanvarda müşahidə olunur. Səbəb də gəlirlərin nisbətən az formalaşması səbəbindən xərclərə əməl edilməsi ilə bağlı çətinliyin olmasıdır. Artıq bu zaman xərclərə əməl etməkdə müəyyən çətinliklər formalaşır. Çətinliklər olduğu üçün də büdcəni açmaq mümkün olmur”.
Ekspertin sözlərinə görə, artıq maliyyə ilinin ikinci ayıdır və büdcənin açılmaması narahatlıq yaradır: “Neftin qiyməti aşağı düşdüyü üçün güman olunur ki, yanvar ayında büdcə daxilolmaları proqnozlaşdırıldığına nisbətən az olacaq. Çünki neftin dünya bazarında qiyməti də aşağı oldu. Büdcədə 90 dollar nəzərdə tutulmasına baxmayaraq, kəskin ucuzlaşdı. İndi təxminən 60 dollardır. Bu da təbii ki, büdcə daxilolmalarına təsir göstərir. Eyni zamanda, şirkətlər, özəl sektor adətən vergi ödənişlərini növbəti il həyata keçirdiyi üçün bu da təbii ki, özəl sektordan büdcəyə daxilolmalara təsir göstərməkdədir. Ona görə də, yanvar ayının yekunlarında büdcənin açılmaması müşahidə edildi. Büdcənin açılmaması da qurumlara Maliyyə Nazirliyi tərəfindən vəsaitin ödənilməməsi anlamına gəlir”.
V.Bayramov qeyd edib ki, adətən yanvar ayının ortalarına qədər açılmalı olan büdcənin fevralın ortasında açılmaması sırf neft amili ilə bağlıdır: “Ancaq bu, o demək deyil ki, heç bir xərc açılmır. Adətən, bizdə yanvar ayında xərclərin açılmasında yubanmalar olur. Amma 2014-cü illə müqayisədə problem nisbətən fərqlidir. 2014-cü ilin yanvar ayında neftin dünya bazarında qiyməti yüksək idi. Bu ilin yanvarında isə ötən ilə nisbətən neft 40 faiz ucuzlaşıb. Bu azalma da daxilolmalara təsir göstərdi. Buna görə də əvvəlki il yanvarın sonuna doğru büdcənin açılması həyata keçirilmişdisə, bu il neftin dünya bazarındakı qiymətinin aşağı düşməsi səbəbindən bu müddət fevral ayına keçdi”.