Sən mənə bir dərd verdin, qaytarıb on edərəm
Əgnüvü dəyişdirib, şalvaruvu don edərəm,
Çəkərəm pistonumu, sinəni al qan edərəm
xəlbirə döndərərəm, edərəm dəlik-deşik
meyxanə əhliyik, içki-miçki görməmişik?!
Şeiri oxuyub düz gözlərimin içinə baxdı. Ətrafındakı dostlar üstündən ağır yük atırmış kimi rahat nəfəs aldılar. Onlardan birini ilk dəfə idi görürdüm. Elə şairlə də tanış deyildim. Tanımadığım adam süfrənin üstündən göy soğanı götürüb bükmələdi, duza batırıb şairin ağzına tərəf uzatdı:
– Sənin başına dönərəm, “podvadit” etmədin, ye bunu, xeyirdir.
Sonra da mənə tərəf döndü:
– Keç otur, ayaq üstə durma.
Stolun üstündəki yarımçıq araqdan süzüb başına çəkdi. Arağın təsirindən burnunu sifətinə tərəf “dartdı”. Elə bildim ki, indicə fınxırıb, nəyi var stolun üstünə tökəcək. İyrəndim, iştaham küsdü. O isə heç nə olmayıbmış kimi şairin təqdimatını verdi:
– Yiyəsizdi. Yiyəsi olsaydı, allah bilir indi harada idi. Sən bir yaxşılıq elə, bunun şeirlərini qəzetdə-zadda ver, kitabını da çıxaraq, bir dənə də “qnişka” alsın ki, doğrudan da şairdir… Xərci də mənlikdir…
Bu məclisə məni dostlarım, köhnə dənizçilər Mövlud və Gülü (əsl adı Güləhməddir) dəvət etmişdi:
– Səninlə bir şairi tanış edəcəyik. Ahıl, kimsəsiz bir kişidir. Qəzəl yazır. Vaxtı ilə çox tanınıb. Sonralar dolanışıq imkan verməyib ki, qabağa getsin. Kefdir, sən öl, haradan deyirsən, oradan cavab verir.
Yolda zəng vurdular ki, imkan edib iki araq da alım, pulunu verəcəklər. Arağı alıb düzəldim yola, amma özümə söz vermişdim ki, içməyəcəm. “Həftənin bir günü istirahət günümdür, onda da bunlar imkan vermir”. Doğrudan da deyilən ünvana – o qədər də zəngin olmayan kafeyə çatar-çatmaz dostlarımın dostu olan, mənim tanımadığım bu arıq, özündən razı adam araqların pulunu cibimə qoydu. Etirazıma imkan vermədi:
– Özündə oraları görüb gəlibsən, söz danışıqdan keçər, sən qonağımızsan…
Hər kəslə bir-bir görüşdüm.
– Qafar Çaşqın, – şair əlini uzatdı. Ovcunun içində çabalayan barmaqlarımı möhkəm sıxıb bədahətən dedi:
– Axır ki, gördük səni, eşitmişdik adını,
İçək görək necədir, arağının dadını.
Yerbəyerdən alqış sədaları ucaldı:
– Sağ ol, Çaşqın, şairi çaşdırdın deyəsən.
Çaşqın əlini şalvarının dalına çəkib oturdu. İki araq içilib. Biri yarımçıqdır, ikisini də mən gətirmişəm, 4 nəfərə 5 araq çox olacaq bunlara, fikirləşdim. Mən içməyəcəkdim axı.
Stolun üstündə borş kasaları külqabı rolundadır. Göy-göyərti və kələm turşusu o qədər də istifadə olunmayıb. Dostlardan – keçmiş dənizçi Gülü başqa sahədə işləyir. Dəniz onu qəbul etmədi. Mövlud isə dənizdən uzaqlaşsa da, bir müddətdən sonra mənim köməyimlə yenidən dənizə qayıdıb. Bosmandır. Şair Qafar Çaşqınla söhbətə başlamazdan əvvəl Gülü ilə maraqlanıram:
– Haradasan, nə işlə məşğul olursan?
Mövlud cavab verir:
– Dəniz p..-büsürü özündə saxlamır axı, vurur atır sahilə. Bu avara orda-burda alver edir, tikintidə-zadda işləyir. Təmiz adam deyil, yoxsa qayıdardı dənizə.
Dostlar gülüşür. Gülü Qafarı təqdim edir.
– Bax, şair, bu adamı deyirdik. Sinədəftərdir. Rəhmətlik Vahid sağ olsaydı, bunun yanında “uruçkasını” qoyardı cibinə, – sonra Qafara tərəf döndü: – Kişi birini də de, qoy şair eşitsin.
Qafar Çaşqın arıq boğazını sığalladı, sanki səsinin yerində olmağını yoxlayırdı:
– Adına şair dediniz, əşarı heç görünmədi,
mənə qafiyə açıb, məclisdə heç dirənmədi…
Səs-küy qalxır. İlk dəfə gördüyüm adam Çaşqını bağrına basır:
– Yaşa, şair, yaşa! Dərinə getmə, çaşdırarsan qonağımızı.
Mövlud əsəbiləşdi:
– Əbili, sən şairi tanımırsan, bu burnu fırtıqlı kişini gör kimə tay edirsən. Sakitləşdirdim. Məclisin ab-havası ürəyimcə olmadı:
– Qafar kişi, çaşdırma məni, sənin bu qədər kəlamlarını yadda saxlaya bilmərəm. Haqqında yazmalıyam axı.
Razılaşdıq ki, Qafar şeir dedikcə Mövlud onun səsini yazsın.
Gülü də Əbili deyilən adama tərəf tərs baxış yollayıb Çaşqın və onun yaradıcılığı haqda qısa çıxış etdi:
– Bu bizdə “stroporşik” işləyirdi. Müdirə həmişə şeirlə söz atardı. Fikir verdim ki, bu bir dəryadır. Amma bəxti gətirməyib. Tək qalır. Arvad-uşaq bundan üz çevirib. Niyə? Ona görə ki, bu bədbəxt bütün gücünü qoyub yaradıcılığa və ev-eşiyə bir az diqqəti azaldıb. Həm də 5-6 dəfə tutulub, “krıtı”da olub. Axırıncı dəfə Əbili ilə “xlebnik” olub. Bunu da yanımda işə düzəltmişəm. İçənə qədər qardaşdır. Dilinə o zəhrimar dəyən kimi açarını itirir. Elə ona görədir ki, hər ikisi orda-burda gecələyir. Ailə, ev üzünə həsrətdir.
Qafar kişi Gülünün səhvini düzəltdi:
– Dörd dəfə tutulmuşam.
– Olsun dörd dəfə. Hər adamın “duxu” deyil e, orda otura və öz adı ilə çıxa. Bir şeir də de.
Qafar Çaşqın bu dəfə ayağa qalxır:
– Mənim çəkdiyimi heç kəs çəkməsin,
Qaçqınlar qaçaraq bir də köçməsin.
Çıxartsın corabın, həm də çəkməsin,
Ürəyi sıxılır, darıxır qaçqın.
mənim bu halıma karıxır qaçqın…
Mövlud ləzzətlə gülür. Sonra şərh verir:
– Şair burda demək istəyir ki, qaçqınlar, qaçanda tələsik qaçmasın, rahat köçsünlər.
Qafar Çaşqının ilham pərisi çiyinlərinin üstündə idi. Məclisdə olanların tələb qarışıq xahişi ilə ilham pərisi qanadlarını gərir və şairi bədahətən dilləndirirdi. Bir neçə şeir parçasından sonra Qafar Çaşqından xahiş etdim ki, özü haqda danışsın.
– Mən əvvəllər meyxana deyən olmuşam. Sonra məni gözümçıxdıya saldılar. İstədim gedəm Ağasəlim Çıldağın yanına. Getmədim. Dedim, ondan nəyim əskikdir ki. Bir neçə dəfə tanış adamların toyunda bədahətən dedim. Çox vaxt da də məni döyürdülər.
– Niyə?
– Cibimə pul basırdılar, filankəsə bir bənd de, mən də deyirdim. Çoxunun xoşuna gəlirdi. Xoşuna gəlməyənlər mağardan çıxarıb döyürdülər.
– Bəlkə məşhur meyxanaçılar səni döydürürmüş ki, onların yerini dar edirsən?
– Nə bilim, vallah. Gördüm bu xalq əsl sənətkarın qədrini bilmir, gəldim Bakıda, Zığ körpüsündə işə düzəldim. Gəmilərdə yük yükləyib, boşaltdım. Orda da mənə imkan vermədilər. Rəis mənə deyirdi ki, fəhlələri başına toplayıb meyxana deyirsən, iş görmürsən. Kefləri kök olanda isə həmişə məni çağırırdılar. Deyirdilər ki, bir iki bənd de. Mən də deyirdim. Axırda da dalıma bir təpik vurub qovurdular.
Qafar Çaşqının üst-başı təzə olmasa da, bir o qədər çirkli deyil. Amma onun evsiz-eşiksiz olması, evdən qovulması da yaddaşımda qalıb.
– Harada olursan, Çaşqın?
Məlum olur ki, Qafar Çaşqın çaşqın bir həyat yaşayır. Harada gecələməyə yer tapırsa, elə orada da səhəri qarşılayır.
Mövlud deyir ki, Hövsanda bütün “babuşkaların” ünvanı ondadır. Bir çaxır alır gedib kəlləni atıb yatır. Arada biz də o evlərdə qonaq qəbul edirik.
Qafar süfrəyə gətirilən kabablardan yumşağını seçməklə məşğuldur. Tələsmir, dostu Əbili demişkən, Meydan onun meydanıdır, günün qəhrəmanı odur. Soruşuram:
– Qafar, sənə kim verdi bu ləqəbi?
– Təbii alındı hər şey. Bir də gördüm hamı məni Qafar Çaşqın çağırır.
Gülü aydınlıq gətirir:
– Şair, bu bizimlə işləyəndə idarə müdirini vəsf edirdi. Buna şeir dedizdirirdilər. Necə olurdusa onlara ilişirdi, təpinirdilər buna. Bu da deyirdi ki, vallah çaşdım, elə demək istəmirdim. Eləcə adı belə qaldı.
Artıq məclis yekunlaşmaq üzrədir. Qafar Çaşqın stulun üstünə çıxıb şeir deyir. Qonşu kabinetdən qulaq asanlar da var. Kafenin sahibi və xidmətçilər də burdadır. Kafenin sahibinin kefi kökdür:
– Şair, sən gəl burda kafedə yaşa, ye, iç, qonaqlara şeir de, müştərilər cibinə pul basacaq, əldə-ayaqda da işləyərsən.
Qafar Çaşqın ona şeirlə cavab verir:
– Sənin kimi adamın qoltuğuna sığınım,
Bəs mənim adım-sanım, kişiliyim necə olsun?
Kafe sahibinin “Bu alkaşı atın bayıra”, – sözündən sonra Qafar özünə gəldi:
– Allah haqqı, elə demək istəmirdim, çaşdım!
Faiq Balabəyli