Gürcüstanın keçmiş Xarici İşlər naziri (2008-2012) Grigol Vaşadze ölkədə 10 müxalifət partiyası tərəfindən prezidentliyə namizəd kimi irəli sürüldü.
ELchi.az Trend-ə istinadən bildirir ki, Vaşadze, iyulun 17-də Kutaisi şəhərində çıxışı zamanı namizədliyinin irəli sürülməsi barədə açıqlama etdi.
Gürcüstanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabrın sonlarında və ya noyabrda keçiriləcəyi gözlənilir. Seçkilərin dəqiq tarixini indiki dövlət başçısı Georgi Marqvelaşvili seçkilərə 60 gün qalmış elan etməlidir. Prezident altı il (əvvəllər beş il) müddətinə ümumi səsvermə yolu ilə seçiləcəkdir.
Hazırkı dövlət başçısı Marqvelaşvilinin prezident vəzifəsinə namizədliyini irəli sürəcəyi istisna olunmur.
Gürcüstanın konstitusiyasına uyğun olaraq, 2013-cü ildən prezidentin səlahiyyətləri məhdudlaşdırılıb, əvəzində isə baş nazirin və parlamentin səlahiyyətləri genişləndirilib.