Qış fasiləsinə görə oyunlar dayanıb, “Topaz” məntəqələrində durğunluq müşahidə olunur; “Hafka” bukmeyker biznesini itirsə də, oğlunun payı qalır
Azərbaycanda futbol qumarının rəsmiləşdirilməsinə baxmayaraq, dünənə qədər mərc oyunları iki oliqarxın inhisarında idi. “Topaz” bukmeyker məntəqələri “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovla “Garant Holdinq”in rəhbəri Anar Məmmədov arasında bölüşdürülmüşdü.
Futbol qumarından əldə olunan milyonlar təbii ki, təkcə bu iki inhisarçının əlində cəmləşməmişdi. Bu gəlirlərin daha yuxarı dairələrə də çatdığı şübhə doğurmur. Hətta gənclər və idman naziri Azad Rəhimovun da bu biznesdə payı olmamış deyildi.
Ancaq son 2 ay ərzində futbol qumarı bazarında status-kvo dəyişib. “Hafka” biznesindəki itkilərə görə “Topaz”da olan payını əldən çıxarıb. H.Məmmədov artıq bukmeyker kontorlarına nəzarət edə bilmir. Bu xəbərlər totalizator məntəqələrində də təsdiqlənir.
İstər futbol qumarı oynayanlar, istərsə də “Topaz” məntəqələrini işlədənlər bu gəlirlərdən “Hafka”ya çatmadığını qeyd edirlər.
Onların sözlərinə görə, “Bank of Azerbaijan”ın sahibi olan Hafiz Məmmədovun “Topaz”dakı payının əlindən alınması bankın fəaliyyətindəki böhranla əlaqədardır. Sözügedən bankın düşdüyü böhranlı vəziyyət “Hafka” ilə “Topaz”ın yollarını ayırması ilə nəticələnib.
Gündəlik yığılan mərc vəsaiti “Bank of Azerbaijan”da toplanırdı, uduşlar bu bank tərəfindən təqdim olunurdu. Lakin “Bank of Azerbaijan”ın qarşılaşdığı ağır dövr belə bir qərar verməyə əsas yaratdı. Çünki bankın külli miqdarda borcu olması nəticəsində “Topaz” “Bank of Azerbaijan”da yığılan borcları geri qaytara bilmirdi.
Nazir oğlu ilə iş adamının münasibətlərindəki soyuqluq da buna təsir edib. Əməkdaşımız ötən gün bukmeyker kontorunda olub və son gedişatla maraqlanıb. Məlum olub ki, ümumilikdə işlər zəifləyib. Bunun səbəbi futbol çempionatlarında yaranmış fasilədir.
İndi əksər ölkələrin milli çempionatında qış fasiləsi elan olunub, Çempionlar Liqası və Avroliqa oyunları da keçirilmir. Fevraldan futbol arenası qaynamağa başlayacaq. Odur ki, hələlik “Topaz” məntəqələrində seyrəklik müşahidə olunur. Tək-tük gələn oyunçular da şansını sınamaq üçün Rusiya, Türkiyə çempionatlarına və yoldaşlıq görüşlərinə mərc qoyurlar.
***
Oyunçu Nihad Kərimov deyir ki, əmsalın aşağı olması “Topaz”dan əsas narazılıqdır. Onun dediyinə görə, əksəriyyət virtual uduş qoymağa üstünlük verir. N.Kərimov danışır ki, qumarda hər zaman udan tərəf təşkilatçıdır: “Deyirlər ki, gündəlik yarım milyon qazanc götürülür. İnandırıcı rəqəmdir. Çünki ölkənin hər yerində uduş qoyulur. Elə adamlar var, 500-1000 manat arası pul qoyur. Mən çox pul qoymuram. Günə 2-3 manat atıram. Olur ki, 20 manat, olur 60 manat götürürəm”.
N.Kərimovla yanaşı oturmuş digər oyunçu Fuad isə “Topaz”ın “Hafka”dan alınmasından danışdı. Onun iddialarına görə, H.Məmmədov öz payını itirsə də, oğlu Kənan Məmmədov işini davam etdirir.
Məlum olduğu kimi, 2010-cu ilin yanvarında Azərbaycanda mərc oyunları Milli Məclisin qərarı ilə leqallaşdırıldı. Mərc oyunları sektorundakı investisiya potensialını qiymətləndirmək məqsədilə “Azərinteltek” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradıldı. QSC-nin Müşahidə Şurasının üzvlərindən biri H.Məmmədovun oğludur. Şirkətin təsisçilərindən biri Türkiyənin mərc oyunları sektorunda ixtisaslaşan “İnteltek” şirkətidir.
Fuad bildirir ki, “Hafka”nın oğlu öz payını saxlayıb: “Bu dəyişikliyin bizə nə xeyri var? “Topaz” əvvəlki qaydasında işləyir. Ancaq əmsallar aşağıdır. Çətin ki, artırsınlar. Daha çox qazanmaq istəyirlər. Bu dəqiqə düzdü, iş zəifləyib. Çünki oyunlar dayanıb. Hansı “Topaz” obyektinə getsən, görəcəksən ölüxanadır. Necə ki, şadlıq saraylarında durğunluq vaxtı olur, burda da belə olur. Maraqlı oyunlar olanda camaat gəlir”.
E.SALAMOĞLU
Fotolar müəllifindir