Fitosanitar tədbirlər və xidmətlər ödənişli olacaq

1

Fitosanitar sahəsində dövlətin vəzifələri artırılır.

ONA-nın məlumatına görə, bu, “Fitosanitar nəzarəti haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində müzakirəyə çıxarılıb.

Qüvvədə olan qanuna görə, fitosanitar nəzarətini müvafiq icra hakimyiyəti orqanı həyata keçirir. Təklif edilən dəyişikliyə əsasən, dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində fitosanitar nəzarəti ilə bağlı tədbirlər gömrük orqanları ilə birlikdə Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

Fitosanitar tədbirləri və dövlət fitosanitar xidmətləri hüquqi və fiziki şəxslərin vəsaiti, könüllü ödənişlər və donor təşkilatların texniki-maliyyə yardımı hesabına ödənilir. Təklif edilən dəyişikliyə əsasən, həmin tədbirlərə və xidmətlərə (“Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulanlar istisna olmaqla) görə alınan xidmət haqqı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), yəni Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən ediləcək.