|
24 aprel yaxınlaşır. Hər il olduğu kimi, minlərlə erməni İrəvandan Sərdarabada yol alaraq Türkiyə və Azərbaycan bayraqlanı yandıraraq qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəcəklər. Yanlarına da xarici ölkələrdən gələn insanları alacaqlar . Və dünyaya bu yalanı anlatmağa çalışacaqlar ki, 24 aprel 1915-də ermənilər Osmanlı dövləti tərəfindən qətl edilib. Artıq bu, ənənədir. Erməni ideolojisi bunun üstündə qurulub. Bu olmasa, ermənilərin özlərini dünyaya təqdim edəcək heç nəyi yoxdur. “Erməni məsələsi”, “24 aprel” xaricdəki ermənilərin də fəaliyyətlərini davam etdirmələri üçün bir legitimlik vasitəsidir, eyni zamanda, Ermənistan dövlətinin xarici siyasətini qurmaq, yürütmək maşınıdır. Ona görə də bu təxribatdan möhkəm yapışıblar.
Bir soruşan yoxdur ki, axı 1915-in 24 aprelində nə olmuşdu ki, bu erməni xalqı həmin gün belə ağalayıb-sıtqayır, şüvən salırlar? Həmin gün qiyamçı 234 erməni komitə üzvünün həbs edildiyi tarixdir. 24 aprel həbslərindən öncə Osmanlı hökuməti ermənilərin üsyanı və törətdikləri qətliamlar qarşılığında, erməni patriki, millət vəkilləri və xalqın nümayəndələrinə “Ermənilərin müsəlmanlara arxadan zərbə vurmağa, qətllər törətməyə davam edəcəkləri halda zəruri tədbirlər görüləcəyi” xəbərdarlığını vermişdi. Xəbərdarlıq edilməsinə baxmayaraq, ermənilər sakitləşmək əvəzinə müdafiəsiz qalan türk qadın və uşaqlarına qarşı hücüma keçdilər. Ordu bir çox cəbhədə müharibə apardığı üçün arxa cəbhənin təhlükəsizliyinin təmin olunmasına ehtiyac yaranmışdı. Bu səbəbdən, 24 aprel 1915-ci il tarixində erməni komitələri bağlandı. Onlara rəhbərlik edənlərdən 234 nəfəri dövlət əleyhinə fəaliyyət göstərdiklərinə görə həbs edildi. Həbs edilənlər Ankara və Çankırı dustaqxanasına göndərildi. Bu qədər!
Sonradan o adamlar həbsdən azad edildilər. Bir çoxları erməni hərbi birləşmələrinə daxil olub terrorçuluq fəaliyyətlərini davam etdirdilər, bir çoxları məhz 1915-də deyil, bu hadisədən on illər sonra öz əcəlləri ilə öldülər. Ermənilər onların öz əcəli ilə ölməsini belə türklərin günahı sayır. Məsələn, məşhur erməni bəstəkarı Komitas. Həbs edilib sürgün olunanlar arasında o da var idi. Komitas 1935-ci ildə ölüb. Ömrünün sonlarınada ağlını itirib, yəni dəli olub. Erməni tezinə baxın: “1915-də Komitas həbs edilməsəydi, 1935-də Parisdə dəli kimi ölməzdi…” Məncə şərhə gərək yoxdur.
“Erməni məsələsi” ilə məşğul olan bir şəxs kimi istənilən erməniyə sübut edərəm ki, bu iddia tamamilə yalandır. Ermənilər Birinci Dünya Müharibəsi illərində, əlbəttə, ölüblər, öldürülüblər. Amma bu dövlət tərəfində edilən bir qərar əsasında olmayıb. Ermənilərin müharibənin ilk illərində törətdikləri isə əsl soyqırımı idi.
9 dekabr 1948-ci ildə “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair” BMT Konvensiyasında deyilir ki, millətçi, irqçi, dinçi bir qrupun digər bir qrupu kütləvi şəkildə öldürməsi, bu qrupun nümayəndələrinə fiziki və mənəvi cəhətdən ağır zərbələr endirməsi, həmin qrupun yaşamasını fiziki cəhətdən mümkünsüz etməsi, onların uşaqlara malik olmasını əngəlləməsi, onun uşaqlarını saxlamasını başqa bir qrupa vermək soyqırımı cinayəti hesab olunur. Türk-müsəlman əhali ona görə fiziki cəhətdən məhv edilirdi ki, onlar türk idilər, etnik cəhətdən fərqli bir təbəqə idilər. Osmanlı dövlətinin erməniləri bir ərazidən digər əraziyə köçürməsi heç bir zaman soyqırımı cinayəti hesab oluna bilməz. Ona görə ki, 27 may 1915-ci ildə dövlət köçürmə prosesini həyata keçirmə qərarını alarkən belə bir açıqlama vermişdi: “Ermənilər haqqında hökumət tərəfindən alınan tədbirlər sırf məmləkətin asayiş-inzibatını təmin və mühafizə məcburiyyətinə müstəniddir. Erməni ünsürünə qarşı imhakat bir siyasət takib etmədiyi indilik tərəfsiz bir vəziyyətdə qaldıqları görünən katolik və protestantlara toxunmamış olmasını göstərməkdədir”. Bütün ermənilər köçürməyə məruz qalmamışlar. Bu, ona görə soyqırımı hesab oluna bilməz ki, ermənilər bir yerdən digər bəlli bir Osmanlı coğrafiyasına köçürülmüşlər. Səbəb isə onların özlərinə də aydın olub. Onlar son onilliklərdə Osmanlı dövlətinə düşmənçilik və Osmanlıya qarşı düşmən olanlara, onunla müharibə edən dövlətlərə yardımlar etmişdilər. Köçürülməyə məruz qalanlara 15 gün vaxt verilib, onların bütün ehtiyacları dövlət tərəfindən ödənilib. Köçürmə bütün ermənilərə şamil edilməyib. Şəhər və qəsəbələrdə yaşayanlar, xəstələr, yetimlər, katolik və protestant ermənilər köçürülməyiblər. Ermənilər köçdükləri yerlərdə dövlət tərəfindən evlərlə, təzminatla təmin olunub, yerləşdikləri yerlərin kənd təsərrüfatına yararlı olması təmin edilib, bütün problemlərinə dövlət tərəfindən dərhal reaksiya verilmib. Köçkünlərin kimsəsiz uşaqları və yetimlər yetimxanalarda və bəzi varlı insanların ailələrində yerləşdirilib, 1919-cu ildə qayıdış icazəsi verilərkən onlar öz yaxın qohumlarına verilib. Yerli xalqın ermənilərə hücumunun qarşısını almaq üçün onların jandarm tərəfindən qorunması təmin edilib. Müsəlmanlığı qəbul etmiş ermənilərə müharibədən sonra çıxarılan bir qanunla keçmiş yerlərinə qayıtmalarına şərait yaradılıb. Köçürülənlərə başda ABŞ olmaqla müxtəlif dövlətlərin yardım arzuları anlayışla qarşılanıb. Suriyadakı ermənilərə belə yardımlar edilib. Dövlət tərəfindən müharibədən sonra çıxarılan “geri dönüş qanunu” ilə bu köçkünlərin öz evlərinə qayıtmaları təmin edilib. O zaman Erməni Katolikosluğu məlumat vermişdi ki, 644.900 erməni geri dönüb. Suriyadan öz keçmiş yerinə dönmək istəməyən 500 min erməninin varlığı barədə də dövrün mətbuatında məlumatlar var. Əgər türklər “soyqırımı” etmişdisə, bu qədər erməniyə həm özü, həm də başqa dövlətlər yardım edərdimi? Bizim araşdırmalarımıza görə isə, ermənilərin sayı 1914-cü ildə 1 milyondan artıq olmayıb. Müharibə başlayar-başlamaz bir çox erməni ailələri ölkəni tərk etmişdilər. 1919-cu ildə isə xarici tədqiqatçılar bu rəqəmlərin müəyyən qədər azaldığını göstərmişlər. Çünki Osmanlı dövləti bir neçə vilayəti, o cümlədən ermənilərin köçürüldüyü Suriyanı artıq itirmişdi, müharibə nəticəsində ermənilər ölkəni tərk edib ABŞ-a və digər ölkələrə yerləşmiş, həmin ölkələrdə artmışdılar.
“Soyqırımı olmuşdur” iddiasında olanların nəzərinə onu da çatdırmaq lazımdır ki, bu dediklərimizin hamısı tarixi sənədlərlə təsbit edilib. 1915-ci ildən etibarən öldürülənlərin sayının 600 mindən 1,5 milyona çatdırılması özü əslində bir saxtakarlıq nümunəsidir. O saxtakarlıqlardan tək-tək danışmaq mümkündür. Osmanlı dövlətində yaşayan ermənilər o qədər deyildi ki, onun 1,5 milyonu öldürülsün. Türk Tarix Qurumunun keçmiş başqanı professor Yusuf Halacoğlunun apardığı tədqiqatlar onu ortaya çıxarıb ki, ermənilərin sayı ilə öldürülməsi iddia olunan rəqəmlər arasında çox böyük uyğunsuzluq var. Erməni Katolikosluğunun məlumatı belə idi ki, ölkədə 1 milyon 915 min erməni yaşayır. Əgər onun 1,5 milyonu öldürülübsə, demək, ölkədə cəmi-cümlətanı 400 min erməni qalmalı idi. Tarixi mənbələrə görə 1919-cu ildə (özü də erməni mənbələrində) 644.900 nəfər erməni geri dönüb, onlar hələ Suriyada ikən yardım aldıqları barədə sənədlərə imza atıblar. Bunlar 486 min nəfərdir. Tarixi sənədlər, dəlil sübutlar istənilən qədərdir. Milliyətcə ərəb olan urfalı araşdırmaçı dostum Halil Özşavlı ermənilərin köçürüldükləri bölgələrdən köçləri ilə bağlı sənədləri ortaya qoydu. Bu qiymətli araşdırmada o, ermənilərin hansı nəqliyyat vasitəsi ilə, hansı ölkəyə, nə zaman, hansı yüklə getdikləri haqqında bəlgələri yayımladı… Hələ mən arxivlərdən çıxarılıb çap edilmiş minlərcə sənədləri demirəm. Fransanın görkəmli tarixçisi Bernar Lenis ermənilərlə bağlı “Le Mond” qəzetində yazır ki, I Dünya müharibəsi dövründə baş verən hadisələr soyqırımı sayıla bilməz, ölüm olaylarının soyqırımı kimi qələmə verilməsi sadəcə olaraq bir erməni yalanıdır. Terrora məruz qalmış “İttihad və Tərəqqi” liderlərinin xatirə və qeydləri ermənilərə münasibətlərinə diqqət edək. Camal paşa qətl edilərkən onun cibindən oğlu Behcət Camal bəyə yazdığı məktub çıxmışdı: “Sıra məndə, oğlum. Tələt, Səid Halim paşalarla, digər mağdur və məzlum arkadaşlarımdan sonra məni də öldürəcəklər. Cinayətin səbəbi məndən qabaq öldürülənlərə edilən ittihamlardır. Bu cinayətin qarşısını almaq bizim üçün imkansızdır”. Daha sonra Camal paşa ermənilərə qarşı hansı münasibətdə olduğunu qeyd edir: “Mənim ermənilərə nə qədər yaxşı davrandığımı hər kəsdən yaxşı bugünkü erməni katolikosu Zaven əfəndi bilir. 1915-ci ilin dekabr ayında İstanbula getdiyim zaman o Pera Palas otelinə məni ziyarətə gəlmişdi. O bütün ermənilərin adından mənə təqdirlə təşəkkür etdi”.
Əslində, ermənilər həmin müharibədə sağ qaldıqlarına görə türklərə minnətdar olmalıdırlar. Osmanlı dövləti başının savaşa qarışmasına baxmayaraq, bu qədər mülki əhalini savaş bölgəsindən çıxarıb. Bu, 27 may 1915 “Sevk və iskan” adı ilə tarixə düşən qanunla, əslində, onlar xilas edilib.
…Ermənilərə bir təklifim var. Bilirəm “24 aprel”i artıq simgə, simvol , bir ideoloji vasitə maşını halına gətiriblər, hələlik ondan imtina edə bilməzlər. Amma 27 may 1915-i bayram günü, xilas günü elan edə bilərlər. Bu, mənim həqiqi sözümdür.
|
Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…
Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...